Qədimliklə müasirliyin vəhdəti

Son  vaxtlar  günü-gündən  gözəlləşən  paytaxtımız haqqında xarici ölkələrin mətbuatında  tez-tez  yazılara  rast  gəlmək olur. Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki Turizm Nümayəndəliyinin layihəsi əsasında Türkiyənin “Food and Travel” jurnalında Bakı şəhərinin mədəni həyatı və turizm potensialı haqqında  verilmiş geniş məqalə də bu qəbildəndir.

Məqalədə Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyi, paytaxt Bakının daha da gözəlləşdiyi bildirilir. Vurğulanır ki, Bakı qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi şəhərdir. Bu şəhər özünün memarlıq abidələri ilə göz oxşayır. Qədim tikililərlə yanaşı, yeni inşa olunmuş binalar da memarlıq incilərinə çevrilib.

Müəllif bu kontekstdə öz unikallığı ilə seçilən Heydər Əliyev Mərkəzini misal gətirir. Qeyd olunur ki, memarı  dünyaca məşhur Zaha Hadid olan bu bina görkəmi ilə görənləri heyran edir.

İçərişəhərdən geniş bəhs olunan yazıda Bakının bu hissəsinin böyük tarixi hadisələrə şahidlik etdiyi bildirilir. Qala divarları ilə əhatə olunmuş  tarixi məkan həm şəhər mərkəzi, həm də istehkam kimi orta əsr şəhərlərinə xas üslubda inşa olunub. Burada qərar tutan Qız qalası, Şirvanşahlar sarayı, “Ginnesin rekordlar kitabı”na düşmüş Miniatür kitab muzeyi və digər tarixi məkanlara şəhər sakinləri və turistlər daha çox maraq göstərirlər. Bakıda palçıq vulkanları, Qobustan qayaüstü rəsmləri, Yanardağ, Atəşgah kimi turistlərin marağına səbəb olan nadir ünvanlar yetərincədir. Turistlərin mədəni istirahəti üçün  burada hər cür şərait yaradılıb.

Məqalədə ölkəmizin 1991-ci ildə müstəqillik əldə etdiyi, bu vaxta qədər isə 70 ildən çox SSRİ-nin tərkibində olduğu, həmin dövrlərin repressiyalar, 20 Yanvar kimi qanlı hadisələrlə xalqın yaddaşında qaldığı qeyd edilir: “Günümüzdə neftlə zəngin olan Bakı bu qanlı xatirələrinin üzərini XXI əsrin parıltısı ilə örtür. Bu gün Qanlı Yanvar qurbanlarının uyuduğu Şəhidlər xiyabanının yanında “Alov qüllələri” yüksəlir. Köhnə mehmanxanaların yerində isə yeni beşulduzlu hotellər, parklar, ticarət mərkəzləri qərar tutur”.

“Azərbaycan sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə deyil, bu diyar qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də şöhrət qazanıb. Sənətə, musiqiyə yüksək dəyər verilən ölkənin paytaxtında hazırda Beynəlxalq caz festivalı keçirilir”, - deyə müəllif qeyd edir.

Yazıda güclü dostluq və qardaşlıq bağları olan Azərbaycanla  Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanır. O da bildirilir ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza verilişinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında