Azərbaycan türkcəsi ən qədim, ən zəngin, ən ahəngdar dillərdən biridir. Əsrlər boyu ərəb, fars və rus dillərinin təsiri altında olmasına baxmayaraq, ana dilimiz özəl keyfiyyətlərini qoruyub-saxlamaqla yanaşı, həm də zaman-zaman inkişaf edə, cilalana bilmişdir.
Bu, bir tərəfdən, dilin özünün qüdrəti ilə şərtlənirsə, digər tərəfdən, ayrı-ayrı tarixi şəxsiyyətlərin–dövlət adamlarının, incəsənət xadimlərinin, yazıçı və şairlərin gərgin əməyinin nəticəsidir. Təkcə son 25 ildə bu sahə ilə bağlı 20-dən çox rəsmi sənəd qəbul edilib. Onlardan ən əhatəlisi və tətbiqi baxımından ən önəmlisi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”dır.
Həmin sənəddə xüsusi qeyd olunub ki, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi təmin edilməli, teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılmalı; kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, “dəyirmi masalar”, konfranslar, televiziya və radio verilişləri təşkil edilməlidir.
Həqiqətən, son 4 ildə AMEA-da, BDU-da və başqa elm, təhsil, mədəniyyət və media qurumlarında bir sıra səmərəli tədbirlər olub. Bu il oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda
konfrans mövzunun aktuallığını yenidən gündəmə gətirdi. Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” Fondu isə bu ayın əvvəlindən “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb. İki ay müxtəlif telekanallarda davam edəcək təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor-müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edirlər.
Bu tədbirlərin intensivləşməsinin əsas səbəbi son zamanlar telekanallarda və çap mediasında ədəbi dil normalarının mütəmadi pozulması hallarının müşahidə olunmasıdır. Kütləvi auditoriyada ən qiymətli milli-mənəvi sərvətimiz, milli varlığımızın ən mükəmməl ifadə vasitəsi olan ana dilimizin saf təbiətinin açıq-aşkar, heç nədən çəkinmədən aşındırılması milli ruhumuzu da zədələyir, zəiflədir. Unutmayaq ki, fiziki sağlamlığımız udduğumuz havanın, içdiyimiz suyun, yediyimiz qidaların təmizliyindən çox asılı olduğu kimi, mənəvi yaşamımız da eyni dərəcədə ana dilimizin təmizliyindən qaynaqlanır.
Oxuculara təqdim olunan bu araşdırma materialında ekran və efirdə ədəbi dil normalarının 3 yöndə – leksik, qrammatik və orfoepik qaydalara məhəl qoyulmadan pozulması halları və faktları konkret nümunələr əsasında izlənilmişdir.
I.Teleradio verilişlərində leksik normaların pozulması halları
Leksika dildə olan sözlərin cəmi, yəni dilin lüğət tərkibidir. İşlənmə sahəsindən asılı olaraq leksika 4 qrupa bölünür: ümummilli leksika; dialekt, yaxud şivə leksikası; peşə-ixtisas leksikası; jarqonlar. Radio və televiziya (RTV) nitqinin əsasını ümummilli leksika təşkil etməlidir.
Son illərdə RTV aparıcılarının nitqində müşahidə olunan bağışlanılmaz leksik yanlışlıqlardan biri varvarizmlərdən istifadə olunmasıdır. Varvarizmlər zorla nitqə soxulmuş, ədəbi dil normalarına uyğun gəlməyən əcnəbi ara sözlərdir. Bəzi aparıcılar, nədənsə, uje, koneçno, kstati, v obşem, voobşe və sair kimi varvarizmlərdən heç cür yaxa qurtara bilmirlər. Verilişlərdən götürülmüş nümunələrə baxaq: uje işdə dönüş yaranıb; koneçno, burada piyadaların da təqsiri var; kstati, mən də həmin məktəbdə oxumuşam; v obşem, canımı dişimə tutub bir təhər dözdüm; dediyinə görə, o, həmin gün voobşe orada olmayıb.
Ara sözlərdən əlavə, aparıcılar dilimizdə tam qarşılığı olan bəzi çoxişlənən sözlərin də əcnəbi variantına üstünlük verirlər. Misal olaraq ostanovka, ruçka, xolodilnik, pol, potolok tipli sözləri göstərmək olar. Yeri gəlmişkən, bu sözlər məişətdə də geniş işlənir və bunun təqsirini, ilk növbədə, ailədə axtarmaq lazımdır. Dil açmaqda olan körpə ailədə ilk dəfə “xolodilnik” yox, “soyuducu”, “ruçka” yox, “qələm” sözlərini eşitsə sonralar heç vaxt onların rus variantını işlətməyəcək.
Dilimizdə işlənən milyona qədər olan sayların hamısı öz sözlərimizdir, amma fars dilindən gəlmiş “həştad” sözü gündəlik nitqimizə, eləcə də RTV aparıcılarının leksikonuna nüfuz edərək doğma “səksən” sözünü sıxışdırmaqdadır: “Hacı Xəlil həştad beş yaşında dünyasını dəyişmişdir”, ”İŞİD-in tərkibində həştad ölkədən 15 min nəfər döyüşür” və s.
Yaxınmənalı sözlər arasındakı incə fərqə məhəl qoyulmadan onların mənasının eyniləşdirilməsi də leksik qüsur sayıla bilər. Belə sözlərdən təqsir-- günah, dinləmək-- eşitmək, üstündə--üzərində, öküz-- buğa cütlüklərini göstərmək olar. Təqsir adi, əxlaq normalarına zidd hərəkət, günah isə dinin qəbahət saydığı əməldir. Buna görə də aparıcı “Müttəhim günahını boynuna alıb” əvəzinə, “Müttəhim təqsirini boynuna alıb” desə, daha düzgün olar.
Başqa bir halda veriliş aparıcısı studiyaya zəng etmiş tamaşaçıya deyir: “Buyurun, eşidirik sizi”. Efirə qoşulma alınmadığından tamaşaçının səsi eşidilmir. Aparıcı isə bir neçə dəfə təkrar edir: “Eşidirik sizi”. Sonra telefon bağlantısının baş tutmadığı bildirilir. Sual olunur: əgər eşidilirsə, tamaşaçıya niyə cavab verilmir? Deməli, aparıcı “eşidirik” yox, “dinləyirik “ deməli idi.
Yaxud başqa bir misal: “Məbəd XVIII əsrdə uçmuş alban kilsəsinin bünövrəsi üzərində ucaldılıb”. Əslində, məbədi bünövrənin “üzərində” yox, “üstündə” ucaltmaq olar. Bu iki söz arasındakı leksik fərq ondan ibərətdir ki, bir əşya başqa birinin üzərində ikən kitab, stəkan, dəsmal stolun üzərində olduğu kimi ona toxunmur, üstündə olan əşya isə altdakına bitişir.
İdman verilişlərinin birində belə bir cümlə eşidirik: “Öküz döyüşü faciə ilə nəticələnmişdir”. Əslində, öküz arabaya, cütə qoşulur, ondan döyüşdə istifadə olunmur. Döyüş heyvanının adı isə buğadır.
Yeri gəlmişkən, heyvan adları ilə bağlı digər leksik yanlışlıqlara da yol verilir. Tez-tez işlədilən iribuynuzlu, xırdabuynuzlu mal sözləri rus dilindən yanlış tərcümə nəticəsində meydana gəlib. Rus dilində bu ifadələr belədir: крупный рогатый скот və мелкий рогатый скот. Bu anlamda xırdabuynuzlu sayılan qoyun və keçilərin buynuzu bəzən inək və camışın buynuzundan iri olur. El arasında isə bu heyvanların dəqiq adları var: qaramal (inək, camış) və davar (qoyun, keçi). Biz niyə belə deməyək?
Televiziya və radio nitqində artıq, lüzumsuz sözlərin (elmi dildə bunlara pleonazmlar deyilir) işlənməsinə də tez-tez rast gəlinir: “Perspektiv gələcəkdə yolların təmirində yeni üsuldan istifadə olunacaq”. Burada “perspektiv” sözünün mənası elə “gələcək”dir. Deməli, bu cümlədə ona ehtiyac yoxdur.“Коmanda bu uğuru gələn il yenidən təkrarlamaq niyyətindədir” cümləsində də yersiz leksik vahid aydın görünür.“Təkrarlamaq” feili nəyisə ikinci dəfə etmək, “yenidən təkrarlamaq” isə həmin işi üçüncü dəfə görmək deməkdir. Gətirilmiş misalda “yenidən” sözü pleonazmdır.
Rus şairi N.Nekrasovun “dil pintiliyi” ilə bağlı maraqlı bir deyimi var: “Kəndli taxılı necə sovurursa, dili də eləcə “sovurmaq” lazımdır... Bu zaman dən xırmanda qalır, saman qırıntılarını və tozu isə külək aparır”. Bəli, jurnalist, aparıcı “dil normaları küləyi”nin apara biləcəyi lüzumsuz ifadələri, sözləri və hissəcikləri mətndən çıxarıb atmağı bacarmalıdır.
Televiziyaların şou proqramlarında eyni, yaxud eyniköklü sözlərin təkrarına (tavtologiyaya) da geniş yer verilir ki, bu da leksik normanın pozulması kimi qəbul olunur: “Gündəmin ən vacib xəbərlərindən anonsda xəbərdar olun”, yaxud “Bugünkü bizim qonaqla biz bu gün nədən danışacağıq”?
Rusiya və sovet imperiyalarına daxil olduğumuz müddətdə hakim dilin təsiri ilə dilimizdə bir sıra xoşagəlməz dəyişikliklər baş verib. Bunlardan bir qismi Azərbaycan türkcəsindəki cümlələrin rus dilinin strukturuna salınmasıdır. Qələm sahibləri yaxşı bilirlər: rusca düşüncə tərzinin ən bariz göstəricisi который sözünün kalkası (hərfi tərcüməsi) olan “hansı ki” sözünün dilimizə pərçimlənməsidir.
Üzeyir bəy Hacıbəyli hələ 1909-cu il aprelin 1-də “Tərəqqi” qəzetində dərc olunmuş “Üsuli-təbii” adlı məqaləsində yazmışdı: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində hansı ki, hansılar ki sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun который sözünü tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı (işlədilməsi – N.Ə.) dil üçün lüzumsuz bir ağırlıqdır”.
Aradan 100 ildən çox keçməsinə baxmayaraq bu ağırlıq, təəssüf ki, dilimizi hələ də sıxmaqda davam edir.Televiziya verilişlərindən götürülmüş nümunələrə diqqət yetirək: “Hansı ki, bir esemeslə təklif olunan xidmətə abunə ola bilərsiniz”, “Yanğı var səsinizdə hansı ki, tamaşaçıları yerindən oynadır” və s. Bu deyilənlər ekran və efirdə yol verilən bir qismidir. Aparıcıların nitqində çoxlu loru deyimlərə, jarqonizmlərə və vulqarizmlərə yol verilir: “İstəməyənin gözü çıxsın”,“Mən də öz fikrimi bildirdim, partlayardım burda”, “İki uzunqulağın arpasını bölə bilmirlər” və s.
Teleradio aparıcılarının nitqində qrammatik və orfoepik qüsurlar da az deyil. Növbəti yazılarımızda bu barədə söhbət açacağıq.
Nəsir ƏHMƏDLİ,
filologiya üzrə elmlər doktoru, BDU-nun professoru,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.