Braziliyada Türk və Latın Amerikası mədəniyyətlərinə həsr edilmiş konfrans

Braziliyada “Türk və Latın Amerikası mədəniyyətləri. Tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” mövzusunda konfrans keçirilib. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikası Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə baş tutub.

Konfransda öncə Türkiyənin Braziliyadakı səfiri Əli Qaya Savut, Azərbaycanın  səfiri Elxan Poluxov, Qazaxıstanın səfiri Kairat Sarzhanovun məruzələri dinlənilib. 

Daha sonra senator Kristomas Rikardo Kavalkanti Buark çıxış edərək qədim türk mədəniyyətinin müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynadığını bildirib.

Toplantıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mədəniyyətlərarası və qitələrarası dialoqda rəhbərlik etdiyi fondun rolundan və bu istiqamətdə görülən işlərdən danışıb. O, çıxışında Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb. Natiq bildirib ki, qədim köklərə mənsub olan türk xalqlarının ən böyük xəzinəsi zəngin ortaq keçmişi, tarixi, mədəni irsi və adət-ənənəsidir. Bu xəzinənin qorunması və dünyaya tanıdılması fondun qarşısında dayanan əsas prioritetlərdəndir.

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Türk xalqlarının qərbə köçü” və TÜRKSOY-un Baş katibinin müavini Firat Purtaş “TÜRKSOY və Mədəni diplomatiya” mövzularında çıxışlar ediblər.

Konfransın bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.

Qeyd edək ki, konfrans çərçivəsində Parlamentin sərgi zalında “Braziliyada türk irsi” mövzusunda fotosərginin açılışı olub. Maraqlı rəsmlərlə süslənmiş bu  sərgi noyabrın 3-dək davam edəcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında