“Azərbaycan Bayrağı” kitabı yeni nəslə dəyərli hədiyyədir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə təşkil etdiyi silsilə tədbirlər sırasında yeni çapdan çıxmış “Azərbaycan bayrağı” kitabını ictimaiyyətə təqdim etmişdir.

Bakı Kristal Zalında keçirilən mərasimdə bildirilmişdir ki, Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın müstəqil dövlətimizin rəmzlərindən birinə həsr etdiyi bu dəyərli nəşrdə milli bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə ətraflı və elmi nəzər salınınmışdır. Milli rəmzlərin bərpası və qəbulunda ümummilli lider Heydər Əliyevin və dövlət bayrağının təbliği sahəsində Prezident İlham Əliyevin müstəsna rolu, dövlət bayrağı ilə bağlı qanunvericilik bazasının formalaşdırılması prosesi də kitabda geniş işıqlandırılmışdır.

Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudov, rəyçisi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Nailə Vəlixanlıdır.

Təqdimat mərasimində yeni kitabın geniş oxucu dairəsi üçün önəmini vurğulayan akademik Yaqub Mahmudov qeyd etmişdir ki, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçilik rəmzlərinə dərin ehtiram hissinin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Gənclərimizdə Azərbaycan bayrağına sevgi yaradılması  önəmli vəzifədir. Bayraq sevgisi, eyni zamanda, Vətənə məhəbbəti ifadə edir. Bayraq hər bir millətin azadlıq rəmzidir, siyasi varlığını və müstəqilliyini təsdiq edir.

Bayrağına, dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Ümummilli lider Heydər Əliyev də bütün bunlara görə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, onlarda dövlətçilik rəmzlərinə  hörmət hissinin aşılanmasına yüksək qiymət verirdi. Prezident İlham Əliyev Dənizkənarı Milli Parkdakı Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımızı dünyanın ən uca bayrağı yüksəkliyinə qaldırmaqla Vətənimizdə bayraq sevgisini də uca zirvəyə qaldırdı.

Dövlət Bayrağı Muzeyi qısa vaxt ərzində tarixin qədim dövrlərindən mövcud olmuş dövlətlərimizin, xanlıqlarımızın bayraqlarını toplamış,  Tarix İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində çox mühüm yaradıcılıq işləri həyata keçirmişdir. Müəllif çox gərəkli olan bu məlumat kitabında dövlətçilik rəmzlərinin meydana gəlməsinə, xüsusilə Azərbaycanın dövlət bayraqlarının müxtəlif nümunələrinə kifayət qədər geniş yer vermiş, Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət bayrağımızın ucaldılması ilə bağlı materiallardan geniş istifadə etmişdir.

Təqdimat mərasimində çıxış edən  Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva, AMEA Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli bildirmişlər ki, tarixin qədim dövrlərindən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar  kitabda öz əksini tapmış, həmin materiallar  illüstrativ formada oxucuların diqqətinə çatdırılmışdır. 

Qeyd edilmişdir ki, yeni kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlara da toxunulmuş, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəklində meydana gələn bayrağın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması təhlil olunmuşdur. Kitabın hazırlanması dövlət rəmzlərinin təbliğatının ictimaiyyət, xüsusən gənclər arasında aparılmasına geniş imkanlar yaradacaq.

Dövlət Bayrağı Muzeyinin direktoru  Könül İmamverdiyeva söylənən xoş sözlərə görə minnətdarlığını bildirmiş, rəhbərlik etdiyi muzeyin dövlət bayrağımızın geniş təbliği və sevdirilməsi ilə bağlı gerçəkləşdirdiyi tədbirlərdən danışmışdır. O göstərmişdir ki, yeni kitabın hazırlanmasında da məqsəd Azərbaycan bayrağının müstəqil dövlətçilik tarixində, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rolunu sistemli şəkildə oxuculara çatdırmaqdır.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında