Mənə elə gəlir ki, Hadi Rəcəblini ilk tanıyandan bəmbəyaz görmüşəm saçlarını. İlk görüşüm 1973-cü ildə olmuşdu. O zaman mən Lənkəran şəhər 5 saylı orta məktəbin VI sinif şagirdi, Hadi müəllim isə şəhər komsomol komitəsinin I katibi idi. SSRİ-də hər il mayın 19-u Ümumittifaq pioner təşkilatı günü kimi qeyd olunardı. Həmin gün rayon-şəhər pionerləri adından çıxış edəcəkdim. İndiki Heydər Əliyev Meydanında yüksək tribuna var idi. Bu tribunaya ilk dəfə qalxırdım. Minlərlə tamaşaçının toplaşdığı meydandakılara məni Hadi müəllim təqdim etdi. Videoların, telekanalların olmadığı həmin zamanda rayonda yerli qəzet vardı və bir də radio. İnsanlar səbirsizliklə yerli qəzeti və radio verilişlərini gözlərdilər. Ertəsi gün adım ilk dəfə yerli qəzetdə dərc olundu, radioda səsləndi.
Bir il sonra komsomol yaşımız çatırdı. O dövrün yeniyetmələri üçün məsuliyyətli bir zirvə olan komsomol sıralarına da bizi Hadi müəllim qəbul etdi. İndi o illərin uzaqlığına baxanda görürəm ki, gözümüzdə müdrik ağsaqqal olan Hadi müəllim o vaxtlar cəmi 25 yaşındaymış.
Həyatda elə insanlar var ki, elə anadangəlmə ağsaqqal olurlar. Xeyirxah xidmətləri ilə gənc ikən xalqın gözündə ucalırlar. Bəzən qibtə ediləsi bir şəxsə deyirlər: “Bəxtəvərə anası görən necə layla çalıb?!” Bəli, anası ən xoş arzularla balasına layla çalıb. Firuzə Kəlbə Yunus qızı Bəylərovanı Lənkəranda tanımayan tapılmaz. Firuzə müəllim 86 illik ömrünün 50 ilini pedaqoji sahəyə həsr etmişdi. Onun müəllimliyindən başqa, şux zarafatları, dadlı biş-düşü, hətta şeir yazması da hamıya məlumdur. Firuzə müəllim könül payını sevdiyi insanlara, övladlarına, sonra isə nəvə-nəticələrinə ünvanlayıb. Ülvi duyğularını nəzmə çəkərək ilki olan Hadi balasının laylasına çevirib.
Hadi müəllimlə 50 illiyində görüşəndə avtobioqrafik bir şeir verdi ki, bəzi suallara aydınlıq gətirmək üçün tanış olum. Doğrusu, şeir yazmasının ilk dəfə şahidi olurdum. Səmimiyyətlə yazılmış həmin şeiri yubileyində özündən özünə ən gözəl sürpriz kimi “Söz” jurnalında dərc də etdik.
“Söz” jurnalı ilk olaraq Hadi Rəcəblini oxuculara şair kimi tanıtdı. Sonralar “Söz” ilə əməkdaşlığı davam etdi. “Millət vəkilinin söz sevgisindən” adlı xüsusi rubrika da açdıq ona. Dərc etdiyimiz ilk şeirində belə bir misra vardı: “Anam şeir nəfəslidir, mənsə onun avazıyam”.
Sonralar bu barədə xalq şairi Nəriman Həsənzadə belə yazmışdı: “Mənim tanış olduğum şeir parçaları Hadi Rəcəblinin 50 yaşından sonrakı ömrün məhsuludur. Yetkin, dərin, övlada, ailəyə bağlılıq hissləri ilə dolu bir poeziyadır! Bu şeirlərdə bir az nostalji hiss etdim, ötən günlərə həsəd duydum, yaşamaq arzuları oxudum, məhəbbətlə ömür sürmək istəyi olan qeydlərlə tanış oldum. Məni xüsusən avtobioqrafik şeirlər daha çox duyğulandırdı...”
Gənc Hadi çörək zavodunda işləyə-işləyə Moskva Yeyinti Sənaye İnstitutunda qiyabi təhsil alıb. Zavodda mühasib, texnoloq, iqtisadçı vəzifələrinə yüksəldi. Oradan şəhər komsomol komitəsinin ikinci, sonra birinci katibi seçildi.
Respublika komsomolunun Mərkəzi Komitəsində, həm də I katiblər arasında onun xətir-hörməti yüksək idi. Bu xətir-hörməti və işgüzarlığını nəzərə alaraq 1976-cı ildə Hadi Rəcəbli dovlət qulluğunda yeni vəzifə perspektivləri üçün Ali Partiya Məktəbinə göndərildi. 1978-ci ildə “Bakinski raboçi” qəzetinin Cənub bölgəsi üzrə xüsusi müxbiri işlədi. Qəzetçilik fəaliyyəti ilə də yadda qaldı. Problem məsələlər qaldırdı və həllinə də nail oldu. Mərkəzi Komitənin rus dilində çıxan qəzetində imzasını qoya bildi.
1980–1981-ci illərdə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri seçildi. O dövr də lənkəranlıların yaxşı yadındadır. Şəhərdə bir canlanma vardı. Hər şənbə-bazar şəhər camaatı iməciliyə çıxırdı. İnsanlar hər yerdə abadlıq, yaşıllaşdırma, səliqə-sahman işlərilə məşğul olurdular. Bu işə məktəblilərdən tutmuş idarə, müəssisə rəhbərləri də cəlb olunurdu. “Lənkəran” qəzetində bu gün də davam etdirilən “Evimiz, küçəmiz, şəhərimiz” rubrikası Hadi müəllimin təşəbbüsü ilə yaranmışdı. Hər rübün axırında “Ən təmiz küçə”, “Ən yaşıl həyət” və s. müsabiqələrin qalibləri elan olunur, haqlarında qəzetdə yazılar dərc olunurdu. Eyni zamanda, səliqəsiz məhəllələr, bərbad küçələr və s. tənqid edilirdi. Tənqidi yazılar əlaqədar təşkilatlara göndərilir, görülən tədbirlər barədə dərhal cavablar gəlirdi.
Hadi Rəcəblinin sonrakı fəaliyyəti respublikanın hüdudlarını əhatə edir. 1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat partiya işi şöbəsinin inspektoru işləyir. Şəki Şəhər Partiya Komitəsinin birinci katibi seçilir və 1988-ci ilə kimi bu vəzifədə çalışır. Sosial-abadlıq işləriylə, camaatın maddi-rifah halının yaxşılaşdırılmasıyla yanaşı, Şəkidə ilk dəfə Gülüş və İdman bayramlarının, yubiley tədbirlərinin keçirilməsinə nail olur. Bütün bunlar qədirbilən Şəki camaatının yaddaşında əbədi iz qoymuşdur. Dəfələrlə özüm şahidi olmuşam, hər bir şəkili etiraf edir ki, Şəkiyə çox başçılar gəlib-gedib, heç kim Hadi müəllimin yerini verə bilmir. Maraqlıdır ki, şəkililər Milli Məclisdə öz seçdikləri deputatlardan çox, Hadi müəllimə müraciət edirlər.
Hadi müəllim üçün o illərdə də, indi də bakılı, şəkili, gəncəli, lənkəranlı söhbəti olmayıb. Onun üçün hamı Azərbaycanın üçrəngli bayrağı altında birləşib dövlətçiliyimizə xidmət etməlidir. Təsadüfi deyil ki, kürəkənləri də, gəlinləri də Azərbaycanın müxtəlif yerlərindəndirlər.
1989–1995-ci illərdə Nazirlər Kabinetində referent, aparıcı mütəxəsis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Həmin ağrılı illərdə qaçqınlarla, köçkün və didərginlərlə işləmək məhz onun qismətinə düşmüşdü. 1995-ci ilin seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini verdi. Hadi müəllim əvvəl də deputat olmuşdu. Sovet dönəmində birinci katib olan şəxs Ali Sovetin deputatı olmalı idi. Bəziləri millət vəkilliyinə vəzifə kimi gəlsələr də, Hadi Rəcəbli Nazirlər Kabinetindəki şöbə müdirliyini təhvil verərək, 37 min seçicinin səsini toplayıb deputat seçildi.
Artıq beşinci çağırışdır ki, Hadi Rəcəbli eyni dairədən namizədliyini irəli sürür və seçilir. Xalq elçisi kimi özünü doğrultmuşdur. Hadi müəllim üçün kənd-şəhər problemi yoxdur. Bütün fəaliyyəti şəhərlə bağlı olduğundan şəhər camaatı onu daha yaxşı tanıyır, sevir və işgüzarlığına inanırlar. Hadi müəllim isə namizədliyini kənd dairəsindən verir. Çünki Veravul kəndində dünyaya göz açdığından özünü həmişə kəndli balası sanır. Hamı kimi onun üçün də Vətən doğma kəndindən başlayır. Kənd üçün yeni məktəb binasının tikintisinə, müasir avtomat telefon stansiyasının istifadəsinə nail olub. Qarşıda həyata keçəsi planları da çoxdur.
Həyatda minnətdar olduğu şəxslər arasında, ilk növbədə, ulu öndərin adını məhəbbətlə çəkir. 20 yaşından məhz onun rəhbərliyi altında işləməsini fəxarətlə anır. Ulu öndərimiz haqqında xatirələri, şübhəsiz ki, bir yazıya sığan deyil. Amma elə xatirələr var ki, onları anmamaq mümkün deyil. Belə görüşlərdən biri Heydər Əliyevlə birgə müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətidir. Məlumdur ki, Həcc ziyarəti müqəddəs Qurban bayramında olur. Məhz Heydər Əliyevə olan hörmət və məhəbbət sayəsində Kəbə evinin qapıları Qurban bayramında deyil, adi vaxtlarda ziyarətçilərin üzünə açıldı. Xarici səfərlərdə ümummilli liderin nələrə qadir olduğunun dəfələrlə şahidi olub. Belə saysız-hesabsız görüşlər, qəbullar yaddaşının ən unudulmaz xatirələrindəndir.
Hadi Rəcəbli ən fəal, işgüzar deputatlardandır. O, Milli Məclisin ən ağrılı və həssas qruplarla işləyən sosial siyasət komitəsinin rəhbəridir. Bu qədər qaçqını, köçkünü, didərgini olan, torpaqları yaralı ölkədə millət vəkili olmaq o qədər də asan deyil. Nazirlər Kabinetində bu sahə ilə məşğul olduğundan kömək umanlar burada da Hadi müəllimə müraciət edirlər.
Beynəlxalq Konfranslarda tez-tez Azərbaycanı təmsil edir. Elmi məruzələri və çıxışları maraqla dinlənilir. Qaldırılan ən qlobal məsələ Qarabağ, qaçqın, köçkün problemləri olur. Bütün bunların nəticəsidir ki, bir sıra qeyri-hökumət və beynəlxalq təşkilatların sorğu nəticələrinə görə “İlin deputatı”, “İlin ziyalısı”, “Jurnalistlərin dostu” elan edilmiş, Yusif Məmmədəliyev adına medala layiq görülmüşdür. Uşaq hüquqlarının müdafiəsi üzrə BMT-nın müəyyən etdiyi 52 lider siyasətçidən biridir. 60 yaşının tamamında isə Prezident İlham Əliyev Hadi Rəcəblini “Şöhrət” ordeni ilə təltif etmişdir.
Milli Məclisin deputatı Hadi Rəcəbli həm də Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktorudur. Azərbaycanda ilk dəfə “BMT-nin ixtisaslaşmış qurumları ilə Azərbaycan arasında əlaqələr” mövzusunda namizədlik dissertasiyası, “Azərbaycan Respublikasında sosial siyasətin transformasiyası və komporativ təhlili” mövzusunda doktorluq işi müdafiə etmişdir.
“BMT-nin ixtisaslaşmış qurumları ilə Azərbaycan arasında əlaqələr”, “BMT-nin ixtisaslaşmış qurumları” və digər səkkiz kitabın müəllifidir. Dərs dediyi akademiyada tələbələrə beynəlxalq təşkilatlara aid xüsusi kurslardan mühazirələr oxuyur. Gənclərlə işləmək gəncliyindən əzizdir Hadi müəllimə. Gənclərdə iki xüsusiyyət – mənəvi və fiziki tərbiyənin inkişafı həmişə diqqət mərkəzindədir. Çox zaman tələbələrini təcrübəyə Milli Məclisə gətirir. Tələbələr komitələrin iclaslarında olur, məsələlərə müdaxilə edir, fikir mübadiləsi aparırlar. Tələbələrlə Hadi müəllim arasında qibtə ediləcək dərəcədə səmimi münasibət vardır. Buna nail olduğuna görə daxilən qürur hissi keçirir. Akademiyada o, məmurlara – nazirlərə, icra başçılarına, digər rəhbər vəzifəli kadrlara da siyasi elmlərdən mühazirələr oxuyur.
Lənkəran diyarı dövri-qədimdən generalları, sərkərdələri, dünyaca məşhur tibb alimləri ilə tanınıb. Siyasət sahəsində isə Hadi Rəcəbli səviyyəsinə yüksələn ikinci həmyerlimiz yoxdur. Hər kəs bundan yalnız fəxarət duya bilər.
Böyük enerji və iş qabiliyyətinə malik bu şəxsin vaxtını necə böldüyü məni həmişə düşündürür. Televiziyanın hansı kanalını açsaq orda qonaq olduğunu görərik. Seçicilərilə onun qədər görüşə gedən deputat az olar. Bakıda, eləcə də Lənkəranın əksər tədbirlərində, xeyir-şər məclislərində başdadır.
Onu xalqa sevdirən cəhətlərindən biri sadəliyi, səmimiliyidir. Bir də ki, işgüzarlıq, insanlara gərək olmaq mayasında, qanındadır.
Gərgin iş saatlarından sonra dost-tanışların, imkansız və əlillərin toyunda, ad günündə, yubiley məclislərində qol götürüb süzəndə, ömür-gün yoldaşı Mehriban xanım və nəvələrilə birgə olanda yorğunluğunu unudur.
Torpağı çox sevir. Lənkəranla nəfəs alır. Şüvəlandakı bağında adam özünü Lənkəranda hiss edir. Limon, naringi, feyxoa ilə yanaşı nanə, giləmərzə də əkib becərir.
Onların ətrini duyub bəhrəsini görəndə, sanki, bir ömür cavanlaşır. Tanıyanlar bilir ki, boş vaxtı
varsa, ya Şüvəlandakı bağındadır, ya nəvələrinin yanında.
İlahi sözü yüksək qiymətləndirən Hadi Rəcəbli dost-tanışın təkidi ilə 60 yaşdan sonra özü haqqında kitab yazılmasına razılıq verdi. İndi “Hadi Rəcəbli düşüncələr işığında” adlanan həmin kitab qarşımdadır. Kitabın üz qabığından tutmuş icərisindəki fəsillərin tərtibatı da gözoxşayandır. Yazıların “dadına-duzuna” da irad tapa bilmədim. Kitaba müəllif tapmaqda da Hadi Rəcəbli yanılmayıb. Kamal Tural (Rəhmanov) son dərəcə səmimi və orjinal qələm sahibidir. “Lənkəran” qəzetində uzun illər birgə işləmişik. Təəssüf ki, o ilk və yeganə kitabını görmək sevincini yaşaya bilmədi. Amansız ölüm onu aramızdan vaxtsız apardı.
Kitabla bağlı daha bir nüansı Xalq yazıçısı Anar “Ön söz”də yazır: “Hadi Rəcəblinin rəhbərlik etdiyi rayonda bölgənin bütün incəliklərini, dadını, duzunu, koloritini özündə əks etdirən, ömrüm boyu unuda bilməyəcəyim bir tədbir – “Şəki bayramı” keçirilirdi. Həmin gün bir sıra obyektlərlə yanaşı, hamımız üçün əziz olan kitaba hörmət abidəsi kimi xüsusi zövqlə tikilmiş “Rəhil” kitab evi də açılırdı. Kitaba hörmət, sevgi, qayğı Hadi Rəcəblinin tutduğu bütün vəzifələrin tərkib hissəsi olmuşdur. Hələ cavan çağlarında Lənkəranda şəhər başcısı olarkən ənənəvi Kitab bayramının keçirilməsi yaddaşlarda onun adıyla qalıb”.
Yubileylər insan ömrünün hesabatıdır. Hadi Rəcəbli ömrün 70 illik zirvəsindən geriyə boylananda şərəfli bir yol görür. Mübarızə və gərginliklərlə dolu ömür yolu.
40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Mehriban xanım Əməkdar müəllimdir. Birgə boya-başa çatdırdıqları övladlarının dördü də cəmiyyətdə layiqli mövqe sahibidir. Estafeti nəvələr davam etdirir. Ali və orta məktəblərdə qazandıqları uğurlarla ailəyə başucalığı gətirirlər. Ailədə nəsil davamçısı olaraq Hadi Rəcəbli də yetişir, Mehriban Rəcəbli də...
Doqquz nəvə toyu, nəticə sevinci gözləyir onu. Özünün dediyi kimi: “Nəvələr yaşadar məni yüzədək”.
Hadi Rəcəblinin ömür yoluna qısa nəzər saldım. Onun təbiətinə, xarakterinə uyğun yazmağa çalışdım – səmimi, pafosdan və gəlişigözəl sözlərdən uzaq.
Sevda ƏLİBƏYLİ,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.