“Şəhadət” sənədli filminə ictimai baxış

Xətai Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə rayonun yeniyetmə və gəncləri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə ictimai baxış keçirmişdir. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fidan Aslanova və rayon ictimaiyyətinin tanınmış şəxsləri iştirak etmişlər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə və onlarla tam əks qütbdə, radikal fanatizmin qurbanı olmuş gənclərimizin aqibətinə həsr olunmuş "Şəhadət" sənədli filmi elə ilk dəqiqədən gənc tamaşaçıları burada cərəyan edən iki fərqli həyat həqiqətinin dəyərini verməyə çağırırdı.

Rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov olan filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizm təsirlərinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur. İki müxtəlif amal, iki fərqli yol – biri böyük Vətən sevgisindən, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq kimi müqəddəs borcdan irəli gələn döyüş yolu, digəri isə xurafat və fanatizmə yuvarlanıb radikal təmayüllü cərəyanların liderlərinin cəfəng İslam xilafəti xülyaları naminə günahsız insanları amansızcasına qətlə yetirmək yolu. Hər ikisi ölüm və itki gətirir. Biri şəhidlik zirvəsinə qaldırıb əbədi şöhrət zirvəsinə qaldırır, biri isə nifrətdən doğan lənət gətirir. Bir tərəfdə ailə, dostlar, el-oba, xalq qürur hissi ilə kövrək duyğular keçirir, bir tərəfdə isə ailə, dostlar, qohumlar qınaq dolu baxışlar altında xəcalət çəkirlər. Amma hər iki yolun yolçularını bir məqam birləşdirir – Azərbaycan vətənadaşlılığı.

Əslində, filmin ərsəyə gəlməsində əsas məram da ondan ibarətdir ki, gənclərimiz doğru yolu, şöhrət və şərəf gətirən yolu seçsinlər. Həqiqətən, Azərbaycan gənci üçün filmdə çox aydın, anlaşılan seçim imkanı var. Bu seçim, heç şübhəsiz, Vətən sevgisindən, yurda xidmət kimi müqəddəs borcundan keçən yoldur.

Filmə baxışdan sonra keçirilən müzakirələrdə bu fikirlər daha dolğun ifadə edildi. İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxışında filmin ərsəyə gəlməsində xidmətləri olan hər bir insana icra başçısı Razim Məmmədovun adından təşəkkür edərək bildirdi ki, indi gənclərimizin belə filmlərə daha böyük ehtiyacı var. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə sanballı töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin məhz indiki vaxtda meydana çıxması alqışalayıqdir.

 Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Fidan Aslanova “Şəhadət” filminin əhəmiyyətindən danışaraq bildirdi ki, filmin hazırlanmasında əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün onları məlumatlandırmaqdır. Tədbirdə milli-mənəvi dəyərlərimizin – ənənəvi İslam dəyərlərinin təbliğinin dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitə olduğu da vurğulanıb.

Tədbirdə rayonda yaşayan şəhid ailələrinin üzvləri, ağsaqqallar və din xadimləri də film haqqında təəsüratlarını bölüşmüş, gənclərə məsləhət və tövsiyələrini bildirmişlər.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında