“Qarabağın paleolit düşərgələri” Yeni nəşrlər

Professor  Əsədulla Cəfərovun oxuculara təqdim olunan “Qarabağın paleolit düşərgələri” adlı əsəri Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılmış kompleks arxeoloji tədqiqatlar zamanı tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji qalıqların elmin son nailiyyətləri əsasında tədqiqinə həsr olunub. Tədqiqatlar zamanı  Qarabağ ərazisində qeydə alınmış Quruçay, Qədim aşel, Orta aşel, Son aşel, Mustye və Üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, ibtidai tikililərin yaranması, odun kəşfi, neandertal tipli insanların inkişaf edərək homo sapiens (müasir insan) tipli insanlara çevrilməsi kimi məsələlər kitabda geniş şərh olunub.

Əsər 2016-cı ilin aprel ayında Qarabağ  torpaqlarını azad edərkən şəhid olmuş qəhrəman  Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunmuşdur.

Əsərin I fəsli “Paleolit dövrü abidələrinin öyrənilmə tarixi” adlanır. Burada müəllif 1953-cü ildən başlamış 2010-cu illərə qədər Azərbaycan Respublikası ərazisində aparılmış arxeoloji axtarış  işləri zamanı qeydə alınmış paleolit düşərgələri haqqında geniş məlumat verilib. Məlum olduğu kimi, Azərbaycan ərazisində daş dövrü düşərgələrini müəyyən etmək məqsədilə ilk dəfə 1956-cı ildə AMEA-nın Tarix muzeyində  Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası təşkil olunmuşdur.   1960-cı ilin tədqiqatları zamanı Məmmədəli Hüseynovun rəhbərliyi altında Qarabağ ərazisində Quruçay və Köndələnçay sahillərində Azıx və Tağlar paleolit düşərgələri qeydə alınmışdır.

2001-ci ildən başlayaraq, Azıx paleolit düşərgəsində tədqiqatlar beynəlxalq xarakter almışdır. Azərbaycan, Rusiya, Fransa, İtaliya, İspaniya və Gürcüstan alimləri beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamış və 2001-2005-ci illərdə onun elmi tədqiqi ilə məşğul olmuşlar.

Beləliklə, 1953-2007-ci illərdə Azərbaycan ərazisində paleolit dövrü üzrə aparılan arxeoloji tədqiqat işləri nəticəsində həmin düşərgələrdən əldə olunmuş maddi mədəniyyət nümunələri əsasında Azərbaycan ərazisində ibtidai insanların yaşaması, bu ərazinin ən qədim sivilizasiya mərkəzlərindən biri olması kompleks tədqiqatlarla sübuta yetirilmişdir.

Əsərin II fəslində göstərildiyi kimi, ibtidai insanların həyatında təbii -coğrafi şəraitin çox mühüm əhəmiyyəti olmuşdur. Alimlər müəyyən etmişlər ki, ibtidai insanların və ibtidai icma cəmiyyətinin formalaşması və ayrı-ayrı inkişaf mərhələləri təbii coğrafi şəraitin dəyişməsi ilə yanaşı və qarşılıqlı əlaqədə getmişdir. Başqa sözlə,  təbii coğrafi şərait harada əlverişli olmuşsa, ibtidai insanlar da həmin ərazilərdə məskunlaşmağa başlamışlar. 

Əsərin  III fəsli paleolit düşərgələrinin stratiqrafiyasına, IV fəsli isə ovçuluq, yığıcılıq və heyvanat aləminə həsr olunmuşdur. Xatırladaq ki, Azıx paleolit düşərgəsində arxeoloji qazıntılar zamanı yalnız III, V və VI mədəni təbəqələrdən 500 mindən artıq ovlanmış heyvan sümükləri aşkar olunmuşdur.

Xatırladaq ki, düşərgənin  fauna qalıqlarının əksəriyyəti olduqca çapılıb doğranmış vəziyyətdə olduğundan onların  əksəriyyətinin hansı heyvan növünə aid olmasını təyin etmək mümkün olmamışdır.

Əsərin V fəsli Quruçay arxeoloji mədəniyyəti və onun texniki-tipoloji xüsusiyyətlərinə həsr olunmuşdur. Məlum olduğu kimi, Quruçay vadisi ibtidai insanların məskunlaşmaları üçün zəruri olan bütün təbii nemətlərə malikdir.  İbtidai insanlar bu vadidə məskunlaşaraq çay daşlarından əmək alətləri hazırlamış, özlərinin iqtisadi tələbatlarını ödəmək üçün ovçuluq və yığıcılıqla məşğul olmuşlar.

Azıx mağara düşərgəsinin VII-X təbəqələrindən tapılmış daş məmulatlarının texniki-tipoloji xüsusiyyətləri, kobud çapma alətlərinin hazırlanma cəhətləri və dünyanın heç bir paleolit abidələrindən belə alətlər qeydə alınmadığı üçün düşərgənin ən aşağı təbəqələrindən tapılmış maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir. Avropa alimləri ilə birlikdə aparılmış elmi tədqiqatlar nəticəsində Quruçay arxeoloji mədəniyyətinin  ilkin olaraq güman edildiyindən daha qədim 2-2,5 milyon il bundan əvvələ aid olduğu müəyyən edilib. Beləliklə də, Azərbaycan ərazisində ibtidai icma quruluşunun ilkin mərhələsinin Quruçay arxeoloji mədəniyyəti dövründən başlaması arxeoloji mənbələr əsasında sübuta yetirilmişdir. Onu da xatırladaq ki, Qafqaz və Yaxın Şərqin paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı hələlik Quruçay mədəniyyətini təkrar edən əmək alətləri qeydə alınmamışdır.

Əsərdə Azıxın  V mədəni  təbəqəsindən tapılmış azıxantrop barədə də əhatəli məlumata rast gəlmək mümkündür.

Bəhs olunan əsərin VI fəsli paleolit dövrü insanların mənəvi aləminə,  VII fəsli isə Azıx paleolit düşərgəsinin dünya arxeologiyasında yerinə həsr olunub.

“Qarabağın paleolit düşərgələri” kitabının VIII fəsli “Qarabağ arxeoloji və tarixi mənbələrdə” adlanır. Burada Qarabağın 2,5 milyon il bundan əvvəl başlamış tarixinin XX əsrin sonlarına qədər olan əsas mərhələləri şərh olunmuşdur. Müəllif əsərin nəticə hissəsində haqlı olaraq qeyd edir ki, son 50 ildə Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleontoloji və paleoantropoloji  tədqiqatlar ən qədim zamanlardan – yəni Quruçay mədəniyyətindən başlayaraq ulu əcdadlarımızın bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını elmi əsaslarla sübuta yetirmiş və tarixi saxtalaşdırmağa cəhd edən erməni alimlərinin iddialarının tamamilə əsassız olduğunu göstərə bilmişdir.

Qafar CƏBİYEV,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında