Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib

Paris Azərbaycan Evi yaradılmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyini qeyd edib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Yubiley gecəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Azərbaycanın UNESCO yanındakı səfiri Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan Evinin yaranması tarixindən söhbət açıb. Bildirilib ki, 1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O, çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəklədiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Evi bundan sonra da öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırımı aktları, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə məlumatların və digər faktların Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev Paris Azərbaycan Evinin bu günədək əldə etdiyi uğurları alqışlayıb. O bildirib ki, Azərbaycanın Fransadakı səfirliyi Paris Azərbaycan Evinin layihələrini, habelə Qarabağla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətlərini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və ölkəmizin əldə etdiyi digər tarixi nailiyyətlər barədə məlumat verib.

Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.

Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov və məşhur tenor, Marinski Teatrının solisti Timur Abdikeyev Azərbaycan klassik musiqilərini səsləndiriblər. Parisdə yaşayan və Azərbaycanı öz möhtəşəm ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz qonaqları Qara Qarayevin, Emil Əfrasiyabın, Aqşin Əlizadənin, Oqtay Zülfüqarovun, Tofiq Quliyevin əsərləri ilə heyran ediblər.

Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında