Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Respublikamızda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir . Azərbaycanda xalçaçılıq tarixən böyük təkamül yolu keçmiş, ayrı-ayrı bölgələrə xas olan bədii keyfiyyətlər, texnoloji xüsusiyyətlər, ornamental çalarlar, rəng həlli qazanmışdır. Xalçanın toxunması, bərpası, ticarəti və boyaqçılıq kimi yardımçı sahələri əhatə edən xalçaçılıq sənəti kompleks xarakterlidir. Bu qədim el sənəti xalçaçıların fədakar əməyi sayəsində günümüzə qədər davam etdirilmiş və gənclərə öyrədilmişdir. Xalçaçılıq sənətini illərin ağır sınaqlarından, maddi-mənəvi sıxıntılarından keçirərək yaşatmış və inkişaf etdirmiş insanlar böyük ehtirama layiqdirlər. Onlar xalçaçılığın keçmişi ilə bu günü arasında möhkəm körpü, eyni zamanda, vasitəçi kimi bu gözəl el sənətinin Azərbaycan Respublikasının iqtisadiyyatında müstəqil və gəlirli istehsal sahəsinə çevrilməsində mühüm rol oynamışlar. Dövlətimiz məhz belə insanların əməyini qiymətləndirmiş, onlara böyük etimad göstərərək milli təqvimimizə Xalçaçı Günü peşə bayramını daxil etmişdir.
Bizim üçün böyük fəxarətdir ki, Azərbaycanın xalçaçılıq sənəti ölkəmizin Birinci vitse-prezidentinin səyi nəticəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Son illər xalçaçılığın inkişafı sahəsində qazanılan uğurlar, həqiqətən, sevindiricidir. Cənab Prezident iclasda bu barədə demişdir: “Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətində çox ciddi addımlar atılmağa başlanmışdır. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. “
Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilib və Bakının mərkəzində – Dənizkənarı bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir.
Xalçaçılıq sahəsində xalqımızın zəngin ənənələri mövcuddur. Azərbaycan xalçaları rəng və naxışlarına görə bənzərsizdir. Hər xalça, demək olar ki, bir sənət əsəridir. Məhz bu amilləri nəzərə alan dövlətimiz belə qərar qəbul edib ki, xalçaçılıq ölkəmizdə kortəbii yox, məqsədyönlü şəkildə inkişaf etdirilsin.
Xalçaçılığın inkişafı ölkənin ən qədim sənət növlərindən birinə yeni həyat verəcək, minlərlə insan yeni iş yerləri ilə təmin olunacaq. Məsələlərin kompleks həlli xalçaçılıq sənayesinin yaradılmasına imkan verəcək. Digər tərəfdən isə Azərbaycan xalçalarının qədim şöhrətinin özünə qaytarılması milli-mədəni dəyərlərimizi daha geniş təbliğ etməklə yanaşı, ixracyönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirmişdir: “Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. “
Əlbəttə, xalçaçılığın inkişafı üçün, ilk növbədə, xammal bazası yaradılmalıdır.
Prezidentimiz iclasda bu məsələyə də toxunub: “Bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq. Bu məsələ təhlil edildi və gördük ki, burada da xaotik bir vəziyyət yaranıbdır. Bizim cəmi bir və ya iki yerdə yun qəbulu məntəqəmiz var. Onlar da elə vəziyyətdədir ki, heç olmasa idi, bəlkə bundan yaxşı idi. Ona görə, yeni, müasir məntəqələr yaradılacaq. Rayonlar müəyyən edilib, vəsait nəzərdə tutulub, bu, birinci məsələ. İkincisi, Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq.”
Bu sahəyə diqqətin artırılmasında məqsəd qeyri-neft sektorunun, gəlir gətirə biləcək sahələrin inkişaf etdirilməsidir.
Soltan ATAYEV,
Əməkdar rəssam
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.