Londonda “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi keçirilib

Oktyabrın 17-də Londonda - Böyük Britaniya parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib. Təqdimatı Britaniya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edib. Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.

TEAS-dan APA-ya verilən xəbərə görə, rəqəmsal qaydada bərpa olunan və rənglənən arxiv görüntülərinin istifadə edildiyi filmdə sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların qəhrəmanlığından bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə “CC&C Productions” şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu Əliyevadır.

Arxiv görüntülərindən ibarət olan bir epizodda Adolf Hitlerin nasist iyerarxiyasının müxtəlif üzvləri əhatəsində Xəzər dənizi ətrafı formasında bir tort yediyini göstərilir və burada üzərində svastika olan şokoladlı kremlə B–A–K–U sözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: “Biz Bakı neftini ələ keçirə bilməsək, hər şeyi itirəcəyik”. Bu, sadəcə, şişirtmə deyildi, Bakının neft yataqları bütün sovet ehtiyatlarının 80 faizini təşkil edirdi və sovet ordusunun uğuru üçün əsas idi. Bakının işğalı 26 sentyabr 1942-ci il tarixinə təyin edilmişdi.

Böyük Britaniya parlamentinin üzvü Mark Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, sənədli filmdə İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir: “Böyük Britaniyada – Avropanın əksər hissəsində olduğu kimi – Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq, bu filmi nümayiş etdirməyimə çox şadam, belə ki, bu qrup  Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır”.

Tamamilə arxiv xronikalarından ibarət olan filmdə Bakının mexanikiləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması, şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz olub. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində çalışmalar zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında