"Nur Art House" qalereyası öz ənənəsinə sadiq qalaraq, Azərbaycan xalça sənətinin təbliği işini davam etdirir. Bu dəfə qalereyada xovsuz xalçaların sərgisi təşkil olunub. Xalçaların yaranma tarixində xronoloji baxımdan ilkin yeri xovsuz xalçalar tutur. Qədim tarixə malik xovsuz xalçaların palaz, kilim, sumax, cecim, vərni, zili və şəddə kimi növləri var. Sərgidə orijinal kompozisiyalı xovsuz xalça olan şəddələr xüsusi diqqət çəkir. Şəddənin şəddə-kilim və ya gərdəklik qırmızı kilim, şal-şəddə, dama-dama şəddə, gillə şəddə, taraz şəddə kimi növləri vardır.
Şəddələrin ayin-mərasim funksiyalarının, simvolunun öyrənilməsində onun növlərinin çeşidliliyi xüsusi maraq doğurur. Şəddənin əsas rəngi olan qırmızı rəng ruh aləmi və ilahi qoruyucu qüvvələrlə əlaqədardır. Şəddələrin mərasimlərlə əlaqədar adlandırılması xüsusi əhəmiyyət kəsb edir.
"Nur Art House" qalereyasında Azərbaycan xovsuz xalçalarından ibarət sərgi çərçivəsində Azərbaycan xalça sənətinin mütəxəssisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın müəllifi olduğu ingilis dilində işıq üzü görən "Azərbaycan Xalçası Ensiklopediyası"nın təqdimatı keçirildi. Təqdimatda ABŞ, İtaliya, Avstraliya, Türkiyədən gəlmiş 16 xalça mütəxəsisi, onların sırasında Vaşinqtonun tekstil muzeyinin nümayəndələri işdirak etdilər. Bu muzeydə saxlanılan Azərbaycan xalçaları ensiklopediyada geniş təqdim olunub.
Müstəqilliyimizi bərpa etdiyimiz dövrdən bu günədək Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində dövlət səviyyəsində çoxsaylı layihələr həyata keçirilir. Xalça sənəti ilə bağlı böyük uğurlarımızdan biri Azərbaycan Respublikasıının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfir, Mehriban xanım Əliyevanın təşəbbüsü və əməyi nəticəsində əldə edilmişdir. Azərbaycanın xalçaçılıq sənəti 16 noyabr 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
Sevindirici haldır ki, dünyanın məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarına gerçək atribusiyanın verilməsi sahəsində mühüm işlər görülür. Məhz belə mühüm əhəmiyyət kəsb edən bir işin növbəti uğuru "Azərbaycan Xalçası Ensiklopediyası"nın ingilis dilində işıq üzü görməsidir. Ensiklopediyada İtaliya, İngiltərə, Almaniya, Avstriya, Fransa, Polşa, Türkiyə, İran, Rusiya, Gürcüstan, eləcə də Vaşinqtonda "The Textile Museum", Flodelfiyada "Museum of Fine Arts", Nyu-Yorkda "Metropolitan", "Museum of Art" və Los-Ancelosda "Country Museum of Art" kimi məşhur muzeylərdə olan Azərbaycan xalçalarına öz gerçək atribusiyaları verilmişdir. Ensiklopediyanın ingilis dilində nəşr olunması xarici oxucular və mütəxəssislər üçün əhəmiyyətli olacaq. Burada elmilik prinsipinə ciddi riayət olunub. Hər məqalə tərtib edilərkən müəllif xüsusi terminlərin izahını verir, onları konkret nümunə və misallarla təsdiqləyir. Bunun üçün çoxsaylı fotoşəkil, rəsm və sxemlər cəlb olunub.
Nəfis tərtibata malik “Azərbaycan Xalçası Ensiklopediyası”nın 626 səhifədən və 400-ə yaxın yüksək keyfiyyətli illüstrasiyadan ibarətdir. Öz növbəsində, buradakı hər bir illüstrasiyanın mənbəyi – eksponatın toxunduğu dövr və bölgə, saxlandığı muzey və ya kolleksiya göstərilir. Nəticə etibarı ilə, əyanilik prinsipi əsasında tərtib edilən bu kitabı oxucu çox asan qavraya bilir. Ensiklopediyanın mühüm üstünlüklərindən biri də odur ki, hər üç cilddə müəllif elmi ədəbiyyatlara müraciət etmiş və sonda onların siyahısını əlavə etmişdir. Beləliklə də, ədəbiyyat siyahısında göstərilən kitab, kataloq, məqalələr təkcə müəllifin tədqiqat prosesini nümayiş etdirmir, həm də xalçaçılıqla məşqul olanlara elmi dəstəkdir.
Xalça sənəti Azərbaycanın unikal milli sərvəti kimi Azərbaycanın məxsusi dəyərlərini özündə cəmləşdirir. Bununla belə, bu sərvəti mənimsəmək, hətta açıq-aşkar oğurlamaq istəyənlər də az deyil. Torpaqlarımızın iyirmi faizindən çox hissəsini zəbt edən ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması artıq bir adətə çevrilib. Belə cəhdlərin qarşısının alınmasında “Azərbaycan Xalçası Ensiklopediyası” vacib rol oynayacaq. Çünki ensiklopediyanın elmi məqalələri, onlara aid fotoşəkil, rəsm və sxemləri peşəkar xalçaçılar, sənətşünaslar, tarixçiləri tutarlı faktlar, əyani sübutlarla silahlandırır. Bir daha qeyd olunmalıdır ki, ensiklopediyanın ingilis dilində olması və məhz xarici muzeylərdə, qalereya və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi nəticəsində onlar artıq beynəlxalq səviyyədə öz sahibinə qovuşacaq.
Dövlət səviyyəsində qayğı ilə əhatə olunmuş Azərbaycan xalçaçılıq sənəti müasir dövrümüzdə də elmi cəhətdən tədqiq edilir, onun tarixi və xüsusiyyətləri öyrənilir. Bu baxımdan aparılan işlər sırasında “Azərbaycan Xalçası Ensiklopediyası” xüsusi yer tutur. Bildiyimiz kimi, istənilən elm sahəsi üzrə ensiklopediya hazırlamaq çox çətin və məsuliyyətli işdir. Professor Röya xanım Tağıyeva bu sənətlə bağlı sanballı kitabları hazırlamaqla bir daha Azərbaycan xalça sənətinin nə qədər dəyərli və bəşəri əhəmiyyət kəsb etdiyini sübut etmiş oldu.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.