Lahıc: Tarixə hörmət, gələcəyə təminat

(əvvəli qəzetin 13 oktyabr 2017-ci il tarixli sayında)

Erkən orta əsrlərdə Girdiman vilayətinin mühüm yaşayış məntəqələrindən biri, daha sonra isə Layzan şahlığının siyasi-inzibati mərkəzi, Girdiman feodalları olan Mehranilərin yay iqamətgahı olduğu güman edilən, bu gün isə daha çox açıq havada muzey təsiri bağışlayan Lahıc tarixi-arxeoloji və etnoqrafik baxımından özünün hərtərəfli tədqiqini gözləyən olduqca nadir bir abidədir. Tədqiqatçı M.N.Məmmədbəylinin təbirincə desək, Lahıcın yüksək abadlıq səviyyəsi–daş döşənmiş küçə və meydanları, daxili həyətləri, atmosfer yağıntılarının axması üçün relyefə uyğun planlaşdırması, uzun illər ərzində qüsursuz işləyən kanalizasiya şəbəkəsi, nəhayət, mükəmməl su təchizatı sisteminə malik olması ilə çox insanları valeh edib. Əsrlərin sərt sınaqları, təbiətin və cəmiyyətin heç də həmişə nəvazişlə müşayiət olunmayan amansızlıqları, çağırılan və çağırılmayan qonaqların bir çox hallarda heç bir ölçüyə uyğun gəlməyən rəftarı zaman-zaman Lahıca məxsus tarixi-mədəni dəyərlərin itib-batması, əldən-ələ keçməsi, yad əllərə, yad ellərə düşməsi ilə nəticələnib. Amma nə qədər itsə də, nə qədər batsa da, nə qədər uçub dağılsa da, Lahıc yenə də Lahıc olaraq qalır.

Lahıc ərazisi iki mühüm hissədən ibarətdir: Ərəgit və Lahıc. Onları bir-birindən Lülo çayı ayırır. Deyilənlərə görə, Ərəgitdə həyat daha erkən başlanıb. Hər halda yerli sakinlərin rəyi belədir. Ərəgit özü də iki hissəyə bölünür. Aşağı məhəllə və Yuxarı məhəllə. Camaat arasında Yuxarı məhəlləyə ziyalılar məhəlləsi deyirlər. Bu, həmin məhəllədən savadlı və oxuyan adamların çox olması ilə izah olunur.

Lahıcda 7 məhəllə var: Zəvəro (Yuxarı), Muradan (Muradlılar), Ağalı, Bəədvan, Piştə (Arxa), Dərhəsən və Dulus məhəlləsi. Manaf Süleymanovun yazdığı kimi, Lahıc məhəllələrindən hər birinin özünəməxsus küçələri, döngə və dalanları, bulaq, məscid, hamam, dəyirman, mədrəsə və mollaxanası olub. Hələ XIX əsrə aid yazılarda
adıçəkilən bu məhəllələrdən hər birində əsasən bu və ya digər sənət sahəsi ilə məşğul olan insanlar yaşayıblar. Məsələn, Zəvəro məhəlləsin əsasən dabbaqlar məhəlləsi kimi tanınıb.  Muradan məhəlləsi dəmirçi və çarvadarların məskəni sayılırdı. Bəədvan məhəlləsində başmaqçılar və alverçilər, qismən də misgərlər yaşayırdılar. Dərhəsəndə başdan-başa çarvadarların evləri olub. Ağalı uşağının yaşadığı məhəllə isə bir növ misgərliyin daha geniş təmsil olunduğu mərkəz idi. Dulusçular məhəlləsində məskunlaşanlar isə daha çox məişətdə istifadə olunan saxsı qablar istehsalı ilə məşğul olublar.

Lahıcda müəllimlik fəaliyyətilə məşğul olan Məhəmməd Həsən Əfəndiyev 1901-ci ildə Tiflisdə dərc etdirdiyi “Bakı quberniyası Göyçay qəzasının Lahıc kəndi” adlı məqaləsində yazırdı ki, Lahıcın tikintiləri büsbütün daşdandır. Evlər ikimərtəbəlidir, üçmərtəbəlilər də vardır. Həyətlər geniş deyil, bir hissəsini, adətən, evin eyvanı tutur, orada isə təndir qoyulur. Məqalə müəllifinin Lahıcın insanları ilə bağlı yazdıqları da maraq doğurur: “Lahıcın əhalisi, əsasən, orta boylu, kifayət qədər dolu, tökmə bədənli, enli kürəklidir. Qayğılı çöhrələrindən görünür ki, yumşaq təbiətli, güzəştə gedəndirlər. Xaricən xeyirxah olduqları nəzərə çarpır… Kənardan gələnə həmişə xoş münasibət göstərir, ümumiyyətlə, cəhd edirlər ki, səmimi, qonaqpərvər olsunlar”.

Lahıc əsrlər boyu Şirvanın çox mühüm sənətkarlıq mərkəzindən biri olub. Ayrı-ayrı tarixi mənbələr hələ X-XI əsrlərdən başlayaraq, Lahıcın sənətkarlıq məntəqəsi olduğundan xəbər verir. Məsələn, X əsr mənbəsi olan “Hüdudəlaləm”də deyilir ki, bütün dünyada məşhur olan yun parçalar və xalçalar üç nahiyədə – Şirvan, Xursan və Layzanda istehsal olunurdu. XIX əsr müəllifləri Lahıcda 30-dan çox sənət növünün xüsusilə yüksək dərəcədə inkişaf etdiyini bildirirlər. Ayrı-ayrı müəlliflərin yazdığına görə, burada misgərlik, dəmirçilik, dabbaqlıq, silahqayırma, başmaqçılıq, həkkaklıq, qalayçılıq, sərraclıq, dulusçuluq, xalçaçılıq, kömürçülük, daş yonma, zərgərlik, şirçilik, bənnalıq, dülgərlik, dərziçilik, papaqçılıq və sair sənət sahələri geniş intişar tapmışdır. Ümumiyyətlə, Lahıcda insanların 127 növ sənət sahəsi ilə məşğul olduğu bildirilir. Professor N.A.Abelovun yazdığına görə, XIX əsrin sonlarında Lahıcda 6 papaqçı,
5 başmaqçı, 9 silahqayırma, 11 dabbaq, 2 sərrac, 11 dəllək, 21 baqqal, 10 ət, 9 bəzzaz, 1 ədəd zərgər dükanı olub. Yenə həmin müəllifin yazdığına görə, Lahıcda yalnız 100 ailə əkinçiliklə məşğul olurmuş.

 Lahıcın özündə əkinçilik və maldarlıqla məşğul olmağa imkanı olmayanlar Azərbaycanın digər rayon və şəhərlərinə gedərək orada misgərlik, dəmirçilik və sərraclıqla məşğul olublar. Beləliklə də ayrı-ayrı bölgələrdə və şəhərlərdə də Lahıc adı ilə bəlli olan yeni-yeni yaşayış məntəqələri və məhəllələri meydana gəlib. Buna misal olaraq Zaqatala və Göygöl rayonundakı Lahıc kəndlərini göstərmək olar. Başqa bir mənbənin verdiyi məlumata görə, XIX əsrin 60-70-ci illərində Lahıcda yaşayan 6915 nəfərin 1000 nəfəri ancaq misgərliklə, 145 nəfəri isə digər sənət sahələri ilə məşğul olurmuş. M.Əfəndiyevin yazdığına görə, Lahıc misgərlərinin “çəkiclərinin səsindən hətta bazarda adamlar bir-birini eşitmirdilər”. Məlumatlara görə, Lahıc ustaları üçün misi Allahverdi və Gədəbəyin mis mədənlərindən, habelə, Borçalı mahalının Ləvənd mədənlərindən gətirirmişlər. S.Bronovskinin yazdığına görə, təkcə 1807-ci ildə Azərbaycan ustaları üçün yalnız Həştərxandan 7965 manatlıq mis alınmışdır. N.Florevskinin XIX əsrin əvvəllərinə aid məlumatında deyilir ki, azərbaycanlı tacirlər misi Tiflisdən pudu 9 manata alırdılar. S.İ.Qulişambarovun məlumatına görə, Lahıc misgərlərinin istehsal etdiyi qabları hər tərəfə yaymaq üçün çoxlu tacir var idi. Onlar atlarla bu məmulatı Qafqazın hər yerinə yayırdılar. Məlumatlara görə, Lahıcın mis qablarına qonşu ölkələrdə də böyük tələbat var imiş. Məsələn, 1836-cı ilə aid mənbələrdə göstərilir ki, “Lahıc qabları ilə bütün müsəlman əyalətləri, həmçinin Tiflis, Dağıstan, Türkiyə və İran təmin olunurdu”. Mis qabların ticarəti ilə məşğul olan insanlar – səhragədlər bəzən 10-15 il doğma diyardan uzaq düşərək ölkələri və şəhərləri gəzə-gəzə Lahıc ustalarının istehsal etdiyi mis məmulatını satmaqla məşğul olurdular. Lahıc əhalisinin məşğuliyyəti ilə bağlı K.Xatisovun qeydləri də diqqəti cəlb edir. O, yazır: “Lahıc kəndinin əhalisi mis qab istehsalı ilə məşğuldur. Qab həm sifarişlə, həm də bazarda satmaq üçün hazırlanır. Yerli kəndlilər torpaqla əlaqəni kəsmirlər, onu muzdlu işçilərin vasitəsilə becərir, özləri isə əkinçiliklə məşğul olmurlar. Lahıclar mis qab istehsalı ilə yalnız əkinçilikdən boş olan vaxtda yox, bütün il boyu məşğul olurlar. Hər bir misgərin balaca fabrikə oxşayan dükanı vardır”.

Tarixi mənbələrdə göstərildiyi kimi, Lahıcda geniş yayılmış sənət sahələrindən biri də silahqayırma sənəti olub. Burada həm müdafiə, həm də hücum xarakterli silahlar istehsal olunub. Lahıcda soyuq silahların, odlu silahların, xəncər və pistoletlərin ən yaxşı nümunələri istehsal olunurdu. Rusiya hökumətinin 1832-ci ilə aid sənədlərindən birində Lahıcda 8 silah zavodu olduğu bildirilir. 1850-ci ildə Lahıcda olmuş etnoqraf Kərim bəy yazırdı: “Lahıc silah və mis qab emalatxanalarının mərkəzidir. Lahıc silahları müsəlmanlar içərisində yaxşı silah kimi tanınır, mis qabları isə demək olar ki, bütün Qafqazda yayılmışdır”. XIX əsrə aid daha bir mənbədə Lahıcda silah istehsalı sənətinin səviyyəsi və miqyası barədə ətraflı məlumat verilir. Həmin mənbə yazır: “Lahıc silahı bütün Şirvan, Nuxa, Quba, Qarabağ və Bakı əyalətlərinə, Dağıstan və İranın bəzi yerlərinə göndərilirdi. Buradakı ustalar bütün işi əl ilə görürdülər. Ona görə də iş çətin olub, çox gec yerinə yetirilirdi. Bəzi ustalar bu sahədə şöhrət qazanmışdılar… Usta Əbdürrəhim bir ay ərzində bir tüfəng və bir tapançadan artıq hazırlaya bilmirdi. Lakin onun silahları müştərilər tərəfindən böyük həvəslə alınırdı. Onların qiyməti 5-10 çervona bərabər idi. Başqa ustaların hazırladığı silahlar isə 3-7 çervona satılırdı”. Maraqlıdır ki, mənbədə
adıçəkilən silahsaz usta Əbdurrəhimin adına Lahıc qəbristanlığındakı XIX əsrə aid xatirə kitabələrindən birində də rast gəlinmişdir. Kitabədə deyilir: “Bu qəbir lahıclı tüfəngsaz usta Saət oğlu Əbdürrəhmanın oğlu mərhum usta Əbdürrəhimindir”. Kitabənin arxa tərəfində isə “ya Abbas, ya Əli, məni öyrət. Lahıclı tüfəngsaz usta Əbdürrəhim oğlu Kərbəlayi Mustafanın işidir. 1284 (1867-68)-ci ildə tamam oldu” sözləri yazılmışdır.

Lahıc azı bir neçə əsr ərzində Azərbaycanın mühüm sənətkarlıq mərkəzlərindən biri olub. Bununla belə, səs-sorağı az qala bütün dünyaya yayılan Lahıc ustaları heç də bütün sənət sahələrində xariqələr yaratmayıblar. Amma Lahıc misgərlərinin həqiqətən xariqələr yaratdığı barədə başqa fikir ola bilməz. Lahıc xalçaçıları, Lahıc silahsazları barədə də eyni sözləri demək olar. Həmin sənət sahələrinin tarixi uzun illərdir ki, araşdırılır və yəqin ki, bundan sonra da araşdırılacaqdır. Uzun illərdir ki, Lahıc ustalarının ayrı-ayrı tarixi dövrlərdə istehsal etdikləri zəngin və rəngarəng çeşidli sənətkarlıq məmulatının, o cümlədən dünyanın bəzi ölkələrindəki muzeylərin, şəxsi kolleksiyaların yaraşığına çevrilmiş nadir sənət incilərinin bədii-texniki və sənətkarlıq xüsusiyyətləri ilə bağlı tədqiqatlar aparılır və sözsüz ki, bundan sonra da aparılacaqdır.

Azərbaycan müstəqillik illərində, xüsusən də ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra çox sürətli
inkişaf yolu keçib. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə doğma Azərbaycanımız özünün bütün sahələrdəki davamlı, balanslı və dinamik inkişafı ilə dünyanı heyrətləndirməkdədir. Bəli, son illər Bakı ilə, respublikanın digər iri şəhərləri və rayon mərkəzləri ilə yanaşı, paytaxtdan xeyli uzaqda yerləşən və onilliklər boyu sözün əsl mənasında, gözdən uzaq, könüldən iraq vəziyyətdə qalan ən ucqar rayonlarımız və kəndlərimiz də öz simasını büsbütün dəyişmişdir. O inkişaf ki, artıq uca dağlar əhatəsində yerləşən qədim Lahıcı da öz isti ağuşuna alıbdır.

İsmayıllı Rayon Partiya  Komitəsi və rayon qəzetində işlədiyim dönəmdə dəfələrlə rayonumuzun perspektiv inkişaf  layihələrinin  hazırlanmasında şəxsən iştirak etmişəm. Hər dəfə də həmin layihələrə Lahıca qaz çəkilməsi  və turist axınının təşkilinə yönəlik xüsusi maddələr daxil edirdik. Rayon ərazisindən axan dağ çayları üzərində su elektrik stansiyalarının tikintisi və İsmayıllının səfalı yerlərində müasir istirahət komplekslərinin yaradılması zərurətini gündəmə gətirirdik. Əfsuslar olsun ki, 70 il güvəndiyimiz və inandığımız Sovet dövləti bunların heç birini etmədi. İsmayıllıların uzun illər arzusunda olduqları həmin layihələrin bir çoxu bu gün artıq reallığa çevrilib. Bu,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi sayəsində mümkün olubdur.

Qafar CƏBİYEV,
tarix elmləri doktoru, Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında