Bakıda AZƏRTAC-ın xüsusi müxbirinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib.

Mərasimi giriş sözü ilə açan Əməkdar jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin ömür yoluna və yaradıcılığına qısa nəzər salıb.

Bildirib ki, Qulu Kəngərli Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı haqqında Orta Asiya ölkələrinin mətbuatında fəal çıxış edir. Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Q.Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdi fəaliyyət göstərir. O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edən Qulu Kəngərli həm də yaradıcı bir insandır. Onun zəhməti hesabına Daşkənddə özbək dilində Azərbaycan ədiblərinin əsərlərindən ibarət 17 kitab işıq üzü görüb. Bu işlərin, sözsüz ki, reallığa çevrilməsində Q.Kəngərlinin çalışdığı AZƏRTAC-ın da böyük rolu var.

Qulu Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, “Şəhidlər-2” bukletlərini hazırlayaraq çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qanlı Yanvar şəhidləri” kitabı işıq üzü görüb. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Q.Kəngərlinin gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır. Özbəkistan türk dünyasının ən böyük mədəniyyət mərkəzlərindən biridir. Bu mənada, həmin ölkədə Azərbaycanla əlaqələrin genişləndirilməsi çox əhəmiyyətlidir. Daşkənddəki “Johan adabiyyati” jurnalında, digər ədəbi toplu və qəzetlərdə müntəzəm olaraq çıxış edən yazar iki xalqın mədəniyyətlərinin bir-birinə yaxınlaşmasında mühüm işlər görür. Bu gün təqdim olunan kitablarda ən müxtəlif üslub və dünyagörüşlü klassiklərdən modernistlərə qədər bir çox yazarların əsərləri öz əksini tapıb. Əslində, ədəbiyyatı təbliğ etməyin mahiyyəti bundan ibarətdir.

Özbəkistanda Azərbaycan ədəbiyyatına sonsuz maraq olduğunu bildirən Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, Qulu Kəngərli bu sevgini bir qədər də artıran qələm sahiblərimizdəndir. O, həm də Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmlənməsində bir körpü rolunu oynayır.

AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə bildirib ki, Qulu Kəngərlinin özbək dilində çap etdirdiyi kitablarda janr müxtəlifliyi özünü göstərir. Bu da zövq məsələsidir.

Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında “Sürgün” sənədli filmi çəkilib. Q.Kəngərlinin hələ böyük planları var və inanırıq ki, onun yorulmaz fəaliyyəti nəticəsində özbək oxucuları Azərbaycanı daha yaxından tanıyacaqlar.

filologiya elmləri doktoru Almaz Ülvi, şair Akif Azalp, yazıçı-publisist Yunis Oğuz, Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər, yazıçı-dramaturq Firuz Mustafa, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazıçı Vaqif Sultanlı, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva və özbəkistanlı alim-tədqiqatçı Şöhrət Barlas çıxış edərək təqdim olunan əsərlərin Azərbaycanın tanınması baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Bildirilib ki, Q.Kəngərlinin səyi nəticəsində Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və AZƏRTAC-ın birgə layihəsi əsasında professor Əli Həsənovun “Geosiyasət" kitabı özbək dilində oxuculara təqdim olunub. Onun təqdimatında Anarın “Mən, sən, o və telefon”, “Qırmızı limuzin”, “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabları, Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, İlqar Fəhminin “Aktrisa” romanları Özbəkistanda çap olunub. Həmçinin Özbəkistandakı səfirliyimizin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan yazıçılarının “Ömürdən uzun gecə” hekayələr toplusu, “Müasir Azərbaycan poeziyası antologiyası” kitabı işıq üzü görüb. Bundan başqa, Elçinin “Seçilmiş əsərləri” iki cilddə, Hidayət Orucovun “Dağların mahnısı”, Hüseyn Kürdoğlunun şeirləri, Pərvinin “Qar yağacaq” hekayələr kitabı, Vaqif Sultanlının povest və hekayələr kitabı özbək oxucuları tərəfindən maraqla qarşılanıb.

Sonda Qulu Kəngərli tədbir iştirakçılarına minnətdarlığını bildirib. Vurğulayıb ki, yaxın vaxtlarda Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədiblərimizin kitabları özbək dilinə tərcümə olunaraq çap ediləcək. O, bu işlərin həyata keçirilməsində Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də mühüm rol oynadığını söyləyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında