“Azərbaycan musiqi tarixi”

 AMEA-nın Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının birgə əməyinin bəhrəsi olan “Azərbaycan musiqi tarixi”  çoxcildliyinin II cildi oxucuların ixtiyarına verilib. Kitabın  birinci cildi 2012-ci ildə çap olunmuşdu.

“Elm” nəşriyyatında çapdan çıxmış kitab institutun şöbə müdiri, akademik Zemfira Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib. Nəşrə akademik Teymur Bünyadov və professor Tariyel Məmmədov rəy veriblər. Kitabda XX əsrin əvvəllərində fəaliyyətə başlamış bəstəkarlarımızın həyat və yaradıcılığı xronoloji ardıcıllıqla tədqiq olunub.

 Girişdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 1921-ci ildə yazdığı “Vəzifəyi musiqiyyəmizə aid məsələlər” proqram məqaləsinin əsas tezis və vəzifələri araşdırılır, dövrün ümumi mənzərəsi verilir. Sonrakı fəsil Ü.Hacıbəylinin həyat və yaradıcılığına həsr edilib. Kitabda, həmçinin Ü.Hacıbəyli musiqişünas-alim kimi təqdim edilir, onun elmi yaradıcılığında nəzəri məsələlər araşdırılır.

 Burada, XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətində yaranmış yeni janrlar - opera və operettalar haqqında ətraflı məlumat verilir.

 Kitabın görkəmli bəstəkar Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan  fəslində “Şah İsmayıl” və “Nərgiz” operaları araşdırılıb.

 Azərbaycan musiqi mədəniyyətinin inkişafı, dövrün ümumi səciyyəsi də kitabda yer alıb. Eyni zamanda, Azərbaycan musiqi mədəniyyətinin qurucularından olmuş bəstəkar Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığına xüsusi fəsil həsr olunub. 1920-1930-cu illərdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı , rus bəstəkarı M.Qliyerin Bakıdakı yaradıcılıq fəaliyyəti, gənc ikən həyatdan getmiş, lakin musiqimizin inkişafında önəmli iz qoymuş istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı ilə bağlı materiallar da burada öz əksini tapmışdır.

Kitabın sonrakı fəsillərində 1930-40-cı illərdə Azərbaycan musiqi mədəniyyəti, görkəmli bəstəkarlarımızın əsərləri araşdırılır. Burada Əfrasiyab Bədəlbəylinin, dirijor və bəstəkar Niyazinin həyat və yaradıcılıqları ilə bağlı tədqiqatlar, həmçinin Ağabacı Rzayeva, Hüseynqulu Sarabski, Bülbül, Şövkət Məmmədova, Qəmər Almaszadə, Rəşid Behbudov, Şəfiqə Axundova haqqında məlumatlar yer almışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında