Milli kinomuzda yeni nəfəs

Onunla  yaşlı vaxtlarında tanış olmuşdum.  Sənət  dostları , onu tanıyanlar Arif müəllimə  böyük hörmətlə yanaşırdılar. Təbiətən xeyirxah insan idi. Elə  filmlərində də bu, aydın duyulur.  Qəhrəmanlarının çoxu  ürəkdən sevən, səmimi,  hər cür  zəhmətə qatlaşmağı bacaran  insanlardır. O, filmlərinin  çoxunda  Bakıdan,  İçərişəhərdən  söz  açır,  buranın  qeyri-adi mühitini, insanlarının  xarakterini  incə  detallarla  ekrana  gətirirdi. Arif  Babayev  İçərişəhərdən də, Neft Daşlarından da danışanda  bu yerlərdə  poetik  gözəllik axtarır, bu da onun  filmlərinə  xüsusi bir  rəng qatırdı. Arif Babayev o sənətçilərdən  idi ki, bütün ömrünü  insanlara humanist, poetik duyğular aşılamağa həsr etdi və ömrünü də zərrə-zərrə qəhrəmanlarının həyatına köçürdü.

Arif Babayev peşəkar  kinorejissor idi. O, bu sənətə qəlbən bağlandı və özünü bu sənətdə tapdı.

1928-ci ildə İçərişəhərdə gözünü dünyaya açandan  burada böyük sənət adamları, elm xadimləri ilə görüşmüşdü. İllər keçir, balaca Arif yavaş-yavaş doğulduğu İçərişəhərdən böyük sənət dünyasına boy atırdı.

  İçərişəhərin  qarışıq mühiti  onu  çaşdırmadı, özünə lazım olan yolu  tapdı, dalanlardan keçən  yollarla  sənət dünyasına doğru irəlilədi.Teatr Texnikumuna daxil oldu və bundan sonrakı ömrünü sənətə bağladı. Gənc Tamaşaçılar Teatrında kiçik rollarla  aktyorluğa başladı.  Aktyor olmaq, böyük teatrların səhnəsində klassiklərin əsərlərində oynamaq istəyirdi. Bir də filmlərə baxmağı xoşlayırdı. “Krasnı Vostok” (indiki “Azərbaycan”) kinoteatrında bəzən bir gündə bir neçə seansa baxardı. Müharibənin ağır illəri onun taleyinə çox güclü təsir göstərmişdi. Bakının müharibə illərindəki həyatı onun ömründən keçmişdi, aclıq, səfalət, insanların əzm və iradəsini qıra bilməsə də, yaddaşlarda elə ağrılı xatirələr kimi ilişib qaldı.

Ancaq bu böyük sənətkarın sonradan işlədiyi mövzular ciddi, narahat insan taleləri ilə bağlı oldu.

Sonradan Teatr İnstitutuna daxil olan Arif Babayev 1953-cü ildə Naxçıvan Dövlət Teatrında rejissor kimi işə başladı. Qoqolun “Evlənmə” əsəri onun ilk rejissor debütü oldu və bununla yüksək rejissorluq səriştəsi olduğunu bir daha təsdiq etdi.

1956-cı ildə atasını, iki ildən sonra anasını itirən gənc Arifin boynuna böyük bir ailəni dolandırmaq kimi çətin missiya düşdü. Ona təskinlik verən isə evlərinin  damında saxladığı göyərçinlər idi. Deyirdi ki, onlar hər dəfə səmaya  qalxanda elə bil ruhumu da  özləri ilə  yüksəklərə  qaldırırdılar. Bu uçuşları müşahidə edə-edə   çox  şeylər barədə düşünürdüm. Düşünürdüm ki, sənətdə də   belə  yüksəklikləri  fəth  etmək  mümkündür.   Amma  bu quşlar səmanın yuxarı qatlarına qalxıb dövrə vurduqca, Arifin qəlbindən nələr keçdiyini heç kəs bilmirdi. Və elə, deyəsən, bu sirlərini də özü ilə apardı. Əslində,  elə  zirvəyə doğru can atırdı. O, böyük kinoya “Zirvə”dən başlamışdı. Bəlkə də kinoya  zirvə fəth etmək məqsədilə gəldiyindən elə bu filmlə başlamışdı. İmran Qasımovun ssenarisi üzrə çəkilən və “Kimi daha çox sevirik” almanaxına daxil olan bu film, əslində, onu zirvəyə aparan yolun başlanğıcı oldu. Film alpinistlər haqqında idi. Bu romantik peşə sahiblərinin rastlaşdıqları çətinliklərdən bəhs edən filmdə rejissor çox maraqlı konfliktlər yaradıb. Tamaşaçı filmə sona kimi böyük maraqla baxır.

Sonra  neftçilərin həyatına müraciət etdi. İmran Qasımovun  ssenarisi üzrə “İnsan məskən salır” filmini çəkən rejissor  Neft Daşları  sakinlərinin çətin və şərəfli həyatını ekrana gətirdi. Bu, çox çətin bir film idi. Təbiətin şıltaqlığına məruz qalan Neft Daşlarında aylarla çəkilişlər aparmaq olduqca təhlükəli və çətin idi. Amma film uğurla tamamlandı və günlərin birində (1966) ekranlara çıxanda çəkiliş qrupunun üzvləri bütün ağrılarını unutdular. Çünki uzun zəhmət bəhrəsini vermişdi, ekrana çox uğurlu bir əsər gətirilmişdi.

Bu filmdə qəhrəmanların əksəriyyəti gənclərdir. Arif Babayev özü də gənc idi və qəhrəmanların arzu və istəkləri ona yaxşı tanış idi. O, günlərlə qəhrəman neftçilərin arasında olur, hətta onlarla  Neft Daşlarında gecələməli olurdu. Arif müəllim onların həyat şəraitini, yaşadıqları mühiti dərindən öyrənirdi. Və bunun nəticəsi idi ki, onun ekran qəhrəmanları real təsir bağışlayır. Onlar əsl mənada fədakar gənclərdir.

O, yeni qəhrəmanlar gətirirdi ekrana. Onların taleyini həyatın sınaqlarından keçirirdi və ən əsası bu idi ki, Arif Babayev yeni kinonun ənənələrini yaradırdı.

Bu gün də hər birimizin böyük maraqla baxdığı “Uşaqlığın son gecəsi”  kinomuzun uğurlu əsərlərindəndir. Onun quruluşu, kompozisiyası, montajı olduqca professional işlənmişdi. Və aydın hiss olunurdu ki, artıq Arif Babayev kinoda öz yaradıcılıq üslubu olan sənətkardır. “Uşaqlığın son gecəsi”, əslində,  elə onun öz taleyinə bənzəyirdi. Qəhrəmanın yaşadığı həmin o illərdə şəhərin sakinləri də, buradakı həyat tərzi də ona çox yaxın idi. Hətta özünün göyərçin saxladığı qəfəsi də ekrana gətirən rejissor çox maraqlı bir film yaradıb. Bu filmdə aktyor ansamblı da uğurla seçilib. Məmmədsadıq Nuriyev, Yusif Vəliyev, Məlik Dadaşov, Siyavuş Səfiyev, Tofiq Mirzəyev və bir də kinoya yenicə  qədəm qoymuş Ənvər Həsənov çox uğurlu seçimlər idi. Filmdə onlar bütöv bir ansambl yarada bilmişdilər. Polad Bülbüloğlunun yazdığı gözəl musiqi filmi daha da baxımlı etmişdir.

“Gün keçdi” filmi də milli kinomuzun qiymətli nümunələrindəndir. Bu poetik filmin cəmi iki qəhrəmanı var. Oqtay və Əsmər sinif  yoldaşı olmuşlar, indi  tale onları ayırıb. Biri Moskvada, digəri  isə Bakıda yaşayır. Oqtayın ad gününü təbrik etmək üçün Moskvadan Bakıya gələn Əsmər bütün günü onunla  birgə keçirir. Uşaqlıq xatirələrinin bağlı olduğu İçərişəhərin qədim tikililəri, dolanbac küçələri  bu xatirələri  bir daha canlandırır. Kamera bizi İçərişəhərin sirli dünyası ilə tanış edir. Əslində,  filmin əsas  qəhrəmanı məhz İçərişəhərdir. Biz onun taleyinin bir çox məqamlarını görür və qəhrəmanların dilindən eşidirik. Bir sözlə, “Gün keçdi” filmi İçərişəhər haqqında poetik düşüncələr fonunda iki nəfərin taleyinə rejissor baxışıdır.

“Ömrün ilk günü”, “Alma almaya bənzər” filmləri müxtəlif janrlarda olsalar da,  hər iki filmdə Arif Babayevin yaradıcı üslubu aydın hiss olunur. Hər iki film müasirlərimiz haqqındadır. “Alma almaya bənzər” filmi Arif Babayevin həm də komediya janrında uğurlu əsər yaratmaq bacarığını təsdiq etdi.

Arif Babayevin yaradıcılığında “Arxadan vurulan zərbə” filmi xüsusi olaraq fərqlənir. Müxtəlif insan talelərinin əks olunduğu bu ekran əsəri dramatik hadisələrlə zəngindir. 70-ci illərdə ölkədə cinayətkarlığa qarşı mübarizənin gücləndiyi bir vaxtda bu filmin ekranlara çıxarılması təsadüfi deyildi. Burada vaxtilə cinayətlər törətmiş, sonradan özünə gizli sığınacaq tapmış bir caninin milis işçiləri tərəfindən yaxalanması hadisəsi əsas süjeti təşkil edir. Tamaşaçı filmboyu hadisələrin gedişini izləyir. Filmdə Adil İsgəndərov, Yusif Vəliyev, Şahmar Ələkbərov, Amaliya Pənahova, Hamlet Xanızadə, Rasim Balayev kimi məşhur aktyorlar çəkilmişlər.

“Birisigün, gecəyarısı” onun son ekran əsəri oldu. Bu əsər təhlükəsizlik orqanı işçilərinin çətin və məsuliyyətli əməyindən bəhs edir. Hadisələr Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.  Arif Babayev filmdə dövrün ruhunu tuta bilib, Azərbaycana qarşı yönəldilən xarici təhlükələrin aradan qaldırılmasını ekran dili ilə əks etdirib.

Arif Babayev kinomuzun inkişafında tarixi xidmətləri olan sənətkarlarımızdandır.  2000-ci ildə  kinorejissor  Cəmil Quliyev  onun  haqqında  sənədli  film  çəkmişdi.  Bu film  rejissorun  ömür  və sənət yoluna bir baxış idi.  Onun  filmləri  bizim  kino salnaməmizin qiymətli  səhifələrini təşkil edir.

M. MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında