Böyük ustad Əhmədxan Bakıxanov – 125

Milli musiqimizin cəfakeşlərindən olan Ə.Bakıxanov haqqında bir neçə söz

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi görkəmli tarzən, Xalq artisti, Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, peşəkar musiqi kollektivlərinin təşkilatçısı, çoxsaylı təsnif və rənglərin yaradıcısı Əhmədxan Bakıxanovun anadan olmasının 125 illiyi münasibətilə silsilə tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Adətən, bu qəbildən olan tədbirlər haqqında yazarkən, həmkarlarımız, ilk növbədə, ortaya belə bir sual qoyurlar: Yubileyi keçirilən şəxsi ölkənin elmi - mədəni ictimaiyyəti necə xatırlayır? Biz həmin sualı cavablandırmaq üçün, ilk növbədə, böyük sənətkarın müasiri olmuş görkəmli ziyalıların vaxtilə söylədikləri ürək sözlərini yada salırıq. Məsələn, Xalq yazıçısı, akademik Mirzə İbrahimov demişdir: “Əhməd Bakıxanov təmkinli şəxs idi, xalq ifadəsi ilə desək, “ağır oturub batman gələn” adamlardan idi... O, musiqi aləminə həvəslə gələn yeni nəslin də sevimli ustadı, musiqi müəllimi olaraq yaşayacaqdır”. SSRİ Xalq artisti Fikrət Əmirov isə Əhməd Bakıxanovu bu şəkildə xarakterizə edirdi: “Axır vaxtlar yeni profilli, özünəməxsus ahəngi, repertuarı, ifaçılıq xüsusiyyəti və sair məziyyətləri olan xalq çalğı alətləri tərkibli ansambllar da yaranmışdır. Qocaman musiqiçimiz Əhməd Bakıxanovun, istedadlı tarzən Əhsən Dadaşovun rəhbərlik etdikləri ansamblları nəzərdə tuturam”. Xalq artisti, professor Süleyman Ələsgərov isə deyirdi ki, mən “Bayatı-Şiraz” simfonik muğamını Əhməd Bakıxanovun ifasında yazdığım melodiyalar əsasında bəstələmişəm.

Əlbəttə, bütün bunlar bizim kitablardan, xatirələrdən oxuduğumuz qiymətləndirmələrdir. Ancaq indi qələmə almaq istədiyim sətirləri hansısa kitabdan oxumamışam, mənə görkəmli muğam ustadımız, Xalq artisti Əlibaba Məmmədov danışmışdır. Ustad xanəndə danışır ki, mən Əhməd Bakıxanovu 1953-cü ildən tanıyırdım: “Adil Gəray, Seyid Şuşinski, Mirzə Mansur və Əhmədxan Bakıxanovun qarşısında imtahan verdim və məni Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul etdilər. O vaxtlar Əhmədxan müəllim məni gələcəyi olan bir uşaq kimi qəbul edibmiş. Hələ birinci kursda oxuduğum vaxtlar bir gün bizim dərs keçdiyimiz otağın qapısını açdı. Seyid Şuşinskinin dərsi idi. Ağadan soruşdu ki, “Rahab”ı bu uşaqlardan hansı yaxşı oxuyur? Ağa dedi ki, Əlibaba. Mənə çevrildi. İmtahandan məni yadda saxlayıbmış: “Gəl ansambla, “Rahab”ı yazdırmaq istəyirəm”. Qulu Əsgərovla birlikdə gəldim səsyazma studiyasına. Əhmədxan müəllim dedi ki, mən “Rahab” muğamı haqqında danışmışam, amma nədənsə qəbul etmək istəmirlər. İndi göstərmək istəyirəm ki, “Rahab” nədir. Oxu. Oxudum. Dedi, hələlik yazıb rəhbərliyə göstərək. Sonra radio üçün lentə alarıq. Dedim olsun. Elə ayaq üstəcə oxudum, yazdılar.

...O vaxtlar hər bazar günü saat 2-də radioda “Muğamat” konserti olurdu. “Rahab”ı yazandan iki-üç gün sonra günorta vaxtı muğamata qulaq asırdım. Birdən diktorun elanı məni bərk çaşdırdı: “Rahab” – oxuyur Əlibaba Məmmədov”. Üstümə elə bil qaynar su töküldü. Götürdüm müəllimə zəng elədim. Biz o vaxt ona Əhməd müəllim, Əhmədxan müəllim yox, birbaşa “müəllim” deyirdik. Dedim, ay müəllim, axı biz o muğamı təzədən yazmalı idik. Dedi, Əlibaba, “Rahab” necə oxunmalıdırsa, o şəkildə oxumusan. Daha təzədən yazmağa nə ehtiyac var? Sonra “Bayatı-Şiraz” o şəkildə. Beləliklə, nə Əhmədxan müəllim məndən əl çəkdi, nə də mən ondan.

Bu, Əhmədxan müəllimin bir xanəndəyə göstərdiyi qayğı idi. İndi yada salın, 50-ci ildən 70-ci illərədək nə qədər xanəndə olub? Əhmədxan müəllim onların hamısına eynilə mənim kimi qayğı göstərmişdi. Bizim hamımız ona minnətdarıq, borcluyuq. O, bizim üçün, özü üçün çalışmırdı. Musiqimiz, muğamımız, xalqımız üçün çalışırdı. Rəhbərlik etdiyi ansambl rənglər çalırdı. Həbib Bayramovdan soruşdum ki, kimindir? Deyirdi müəllimin. Dəraməd çalırdı, deyirdim kimindir, deyirdi müəllimin. Eləcə də mənim bəstələdiyim mahnıların hamısına həyat verirdi.

Əhməd Bakıxanov Sadıqcan, Mirzə Mansur, Qurban Pirimov, Mirzə Fərəc kimi korifey tarzənlərin sırasında idi. Hətta, onun novatorluq kimi üstünlüyü var idi. Çoxlu rəng, dəraməd yaratmaqla yanaşı, unudulmuş xalq mahnılarını da işləyib hamının malına çevirirdi. “Güllü qafiyə” kimi.

İnsanlığına gəldikdə isə – o barədə söz deməkdə mən acizəm. Yəni o qədər alicənab, xeyirxah, qonaqpərvər və səmimi bir insan idi ki, həmin keyfiyyətləri necə ifadə etmək lazım olduğunu bilmirəm. Mən hələ də heyranam, o nə qədər səbirli və enerjili insan idi. Onlarla xanəndə yetişdirmişdi, onlarla tarzən öyrətmişdi, çoxsaylı rəng, dəraməd yaratmışdı, ansamblı saxlayırdı, müəllimlik edirdi, gözəl ailə başçısı idi, hamıya xeyirxahlıq edirdi... O, sadəcə, böyük insan idi”.

Əhməd Bakıxanovun anadan olmasının 120 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və sifarişi əsasında ərsəyə gəlmiş “Ustad ömründən anlar” adlı kitabda (tərtibçi Əməkdar jurnalist İttifaq Mirzəbəylidir) böyük sənətkarın həyatının müxtəlif illərini əhatə edən çoxsaylı xatirələr və elmi-publisistik materiallar toplanmışdır. Orada oxuyuruq ki, Əhməd Bakıxanovun çoxsaylı tələbələri arasında bəstəkarlardan Xalq artistləri Əşrəf Abbasovu, Süleyman Ələsgərovu, Arif Məlikovu, tarzənlərdən Adil Gərayı, Əliağa Quliyevi, Həbib Bayramovu, Əhsən Dadaşovu, Əlikram Hüseynovu, Sərvər İbrahimovu, sonradan Moskvada yaşayan musiqişünas Davud Məmmədbəyovu və başqalarını göstərmək olar. Bundan başqa, İranın məşhur tarzənləri kimi şöhrət qazanmış Əli Səlimi və Adil Axundzadə də Əhməd müəllimin yetirmələrindəndir.

Qeyd edək ki, Əhməd Bakıxanovun ifaçılıq fəaliyyəti rəsmi olaraq 1927-ci ildən, yəni radio komitəsinə solist kimi dəvət olunduğu vaxtdan sayılır. Sonralar o, məhz burada, indi onun adını daşıyan xalq çalğı alətləri ansamblını yaratmış, ömrünün sonuna qədər bu kollektivə rəhbərlik etmişdir. Azərbaycanın məşhur xanəndələri – Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Zeynəb Xanlarova, Tükəzban İsmayılova və başqaları bu ansamblla çıxış edərək bənzərsiz ifa nümunələri yaratmışlar.

Əhməd Bakıxanovun yaradıcılığına, nüfuzuna və adına bu gün nəzər salanda isə növbəti dəfə onun böyüklüyünün şahidinə çevrilirik. Belə ki, Bakıda onun adını daşıyan musiqi məktəbi, Suraxanı rayonunun Əmircan qəsəbəsində küçə, Beynəlxalq Muğam Mərkəzində büstü var. Anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) gənc tarzənlərin birinci muğam, 120 illiyi münasibətilə Musiqi Kollecində ikinci muğam müsabiqələri keçirilib. Dövlət Teleradiosunun Xalq Çalğı Alətləri Ansamblı onun adını daşıyır. Yeri gəlmişkən, həmin ansamblın bədii rəhbəri, Xalq artisti Möhlət Müslümov Əhməd Bakıxanovun ən layiqlı yetirmələrindən biri olduğu kimi, həmin kollektivə də məhz ustadın arzu etdiyi şəkildə rəhbərlik edir.

Ustadın tərtib etdiyi və 1964-cü ildə “Azərnəşr”də işıq üzü görmüş “Azərbaycan xalq rəngləri” kitabı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş beş cildlik “Azərbaycan muğam antologiyası”ına salınmışdır. Bundan başqa, böyük sənətkarın 125 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bu il “Bakıxanovların şöhrət zirvələri” adlı kitab tərtib edilmişdir. Yubiley tədbirləri isə hələ qabaqdadır.

Rafiq SALMANOV,
Əməkdar mədəniyyət işçisi,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında