Oktyabrın 4-də Nizami Kino Mərkəzində “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyi tərəfindən hazırlanan və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığını əks etdirən rəsm əsərinin və “Ultimatum” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, uzunluğu 11, eni 2 metr olan rəsm əsərində və “Ultimatum” filmində Kəlbəcər uğrunda döyüşlərdə Azərbaycan Ordusunun əsgər və zabitlərinin fədakarlıqları, qəhrəmanlıqları əks olunub.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə layihənin rəhbəri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan “Milli-mənəvi dəyərimiz olan Azərbaycan Ordusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği” layihə çərçivəsində görülən işlərdən danışıb.
Cəmiyyətdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayan Ə.Qənizadə bildirib ki, hərb tariximizin bütün dövrlərində Azərbaycan xalqı torpaqlarını yadelli işğalından qorumaqla öz azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərib. Bir əsr ərzində formalaşaraq müasir mərhələyə qədəm qoymuş Silahlı Qüvvələrimiz Qarabağ müharibəsində cəsarətlə vuruşaraq düşmənə layiqli cavab verib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə Milli Ordumuzun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıqlar hərb tariximizin yeni parlaq səhifələrini təşkil edir.
Diqqətə çatdırılıb ki, hərb tariximizdə xüsusi yeri olan Kəlbəcər döyüşlərinin işıqlandırılması istiqamətində ictimai birlik tərəfindən materiallar toplanır, arxiv sənədləri əsasında filmlər çəkilir, rəsm əsərləri hazırlanır və döyüş mahnıları bəstələnir. Məqsəd Qarabağ müharibəsində ordumuzun iştirak etdiyi döyüşlərdə göstərdiyi qəhrəmanlığı ictimaiyyətə çatdırmaqdır.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı: “1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın tarixində bütün sahələrdə quruculuq və inkişafla müşahidə olunan yeni mərhələ başladı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi əsas diqqətini ordu quruculuğuna yönəltdi. Məhz ümummilli liderin müdrik rəhbərliyi ilə 1994-cü ildə torpaqlarımızın bir hissəsi - mühüm strateji mövqelər düşməndən azad edildi. Bu uğurlu əməliyyatlardan sonra düşmən təşvişə düşərək atəşkəs sazişini imzalamağa məcbur oldu”.
Azərbaycan Ordusunun ötən ilin aprelində düşmən üzərində qazandığı parlaq qələbədən danışan deputat bildirib ki, dördgünlük əməliyyat nəticəsində Silahlı Qüvvələrimiz bir sıra mühüm strateji yüksəklikləri düşməndən təmizlədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan torpaqlarının azad edilməsi uğrunda haqq işində sonadək qətiyyətlə mübarizə aparacaq. “Bütün beynəlxalq tədbirlərdə, konfranslarda ermənilər bizim haqlı mövqeyimiz qarşısında duruş gətirə bilmirlər. Biz beynəlxalq arenada artıq qələbə qazanmışıq. İnanıram ki, torpaqlarımızı sülh yolu ilə geri qaytaracağımız gün yaxındadır. Əgər düşmən torpaqlarımızı sülh yolu ilə azad etməsə, bizim qüdrətli ordumuz ərazilərimizi güc yolu ilə geri qaytaracaq”, - deyə vurğulayan E.Axundova vətənpərvərlik ruhunun yüksəldilməsində belə layihələrin əhəmiyyətini xüsusi qeyd edib.
Xalq rəssamı Arif Hüseynov, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, 701 saylı hərbi hissənin veteranı, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev və digər çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin təbliği, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından belə təşəbbüslərin əhəmiyyətindən danışıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi Nuranə Nəcəfova “Ultimatum” sənədli filmi haqqında məlumat verərək bildirib ki, bu ekran əsərində 1993-cü ilin ilk aylarında həyatları bahasına 60 min kəlbəcərlini ölümün, əsirliyin pəncəsindən xilas etmiş 450 Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından bəhs olunur. Bu igidlərimiz bilərəkdən ölümə gedərək Kəlbəcər əhalisini təxliyə ediblər. Onlar düşmənlə qeyri-bərabər döyüşlərdə ölümün gözünə dik baxaraq cəsarətlə vuruşub, bir addım da geri çəkilməyiblər. Həmin döyüşlər zamanı Kəlbəcərdə heç bir hərbi hissə olmadığından Laçın dəhlizi istiqamətində vuruşan 701 saylı briqadanın hərbçiləri köməyə gəliblər.
Rəsm əsəri və “Ultimatum” filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.