Bu gün XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. O, ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmiş, əbədiyaşar sənətkarlarımızdandır. Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, fəlsəfi fikir genişliyinə görə bu gün də düşündürücüdür, milli düşüncə və əxlaq tərzinin formalaşmasında çox dəyərli rol oynayır.
Mütəfəkkir sənətkar Azərbaycan teatrının əlli ilinin repertuar ağırlığını öz çiyinlərində daşıyıb, onlarla lirik- psixoloji, tarixi-fəlsəfi dramları ilə “İlyas Əfəndiyev teatrı”nı yaradıb. Xalq yazıçısı milli teatrda lirik-psixoloji üslubun təməlini qoyub və onun formalaşması üçün ölməz sənət əsərləri yaradıb. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib.
Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, milli irsə, folklora bağlı olan, müasirlik, novatorluq, dərin psixoloji təhlil, ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir. Dramaturqun bədii nəsri-hekayə, povest və romanları, tarixi və müasir mövzulu dramları yüksək sənətkarlıq məziyyətləri və fəlsəfi dərinliyi ilə diqqəti çəkir. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni ədəbi məktəb səviyyəsinə yüksəlmişdir. Folklor poetikasının, ənənə və motivlərinin rolu İlyas Əfəndiyevin yaradıcılığında olduqca güclüdür. “Apardı sellər Saranı”, “Qəhrəman ilə bülbülün nağılı”, “Qarı dağı” hekayələri göstərir ki, ustad sənətkarın folklorla əlaqəsi getdikcə dərinləşərək axtarışlarının mahiyyətini müəyyənləşdirən istiqamətlərdən birinə çevrilmişdir.
Görkəmli ədəbiyyatşünas, professor Yaşar Qarayev yazırdı ki, “Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi “Qarabağnamə” var. Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci “Qarabağnamə “ hesab edirəm”. Xalq yazıçısı tarixə müraciət edəndə yaşadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi - əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insan və zaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə qayıdır, dövrün ictimai - fəlsəfi mənzərəsini gerçək müstəvidə verməyə çalışırdı.
İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” və “Üçatılan” romanlarında tarixi keçmişimizin müxtəlif dönəmləri, XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də tərəkəmə- elat həyatı təbii və real boyalarla təsvir olunmuşdur.
Ədibin müxtəlif janrlı əsərlərində qaldırdığı sosial-psixoloji, mənəvi-əxlaqi mövzular və problemlər indiki dövrdə də müasirdir. İlyas Əfəndiyev elə bir şəxsiyyət və elə bir yaradıcı sənətkardır ki, o, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik onun əsərlərinin ideya və məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir.
Povest və romanlarındakı Sarıköynək, Sərvinaz, Səkinə, Səriyyə, Yaqut, Qızyetər və s. qadın obrazları İlyas Əfəndiyevın çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur. İnsan mənəviyyatını hər şeydən üstün tutan, insan qəlbinin yaşantılarını səmimiyyətlə qələmə alan yazıçının bədii əsərlərində qəhrəmanların ən çox daxili aləmi, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilir.
Yazıçının əsas amalı Azərbaycanın azadlığı, bölünməzliyi və müstəqilliyi olmuşdur. Akademik Bəkir Nəbiyev qeyd edir ki, “İlyas Əfəndiyev müasirlərimizin qurucu, yaradıcı təbiətini, pak məhəbbət duyğularını, yeniliklə köhnəliyin mübarizəsini həyati konfliktlər, canlı xarakterlər əsasında göstərən bir yazıçıdır. Xalq, Vətən, cəmiyyət qarşısında mənəvi borca münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən etmək üçün başlıca meyar olmaqla yanaşı, həm də ədibin özünün sənətkar idealının mötəbər göstəricisidir.”
Dramaturqun yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Cənubi Azərbaycanın tarixinin və ədəbiyyatının, mədəniyyət və dil məsələlərinin dərindən tədqiq edilib öyrənilməsinə Xalq yazıçısı ciddi məna və əhəmiyyət verirdi. Bütün qadağalara baxmayaraq, yazıçı bir sıra əsərlərində bu mövzuya geniş yer ayırıb. İdeoloji sistemin sərt qayda-qanunları yazıçılarımıza bu mövzuda yazmağı yasaq etdiyi bir dövrdə ustad sənətkar Arazın o tayındakı yurddaşlarımızın hüquqsuzluğuna, tarixi taleyinə, mənəvi suverenliyinə və azadlığına üz tutur. Bu ayrılığın acısını, insani hüquqları tapdanmış yurddaşların acınacaqlı taleyini düşünən sənətkar yazırdı: “Ümumiyyətlə, bu ayrılığın acısını qəlbimdə həmişə hiss edirəm. Yeri gəldikcə , istər “Apardı sellər Saranı”, “Qarı dağı”, “Xəncər” və sairə nəsr əsərlərində, istərsə də “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Natəvan”, “Büllur sarayda”, “Bizim qəribə taleyimiz” pyeslərimdə bu barədə bəzən dolayı yolla, bəzən də birbaşa sözümü deməyə çalışmışam. Əlbəttə ki, vaxtı ilə bu mövzunu dilə gətirmək mümkün deyildi”.
1968-ci ildə “Unuda bilmirəm” pyesi ilə ilk dəfə olaraq bu mövzu səhnəmizdə öz bədii təcəssümünü tapdı. 1986-cı ildə Akademik Milli Dram Teatrının uğurlu tamaşalarının biri də “Şeyx Xiyabani” tarixi dramı oldu. Dramaturq Şeyx Xiyabani surəti ilə bir tarixi şəxsiyyətin simasında əzəmətli xalq qəhrəmanının bədii obrazını yaratdı.
XX əsr dramaturgiyası milli dramaturgiyamızın tarixində yeni bir mərhələ təşkil edir. Xalq yazıçısı İlyas Əfəndiyev də öz dram əsərləri ilə bu böyük, zəngin mərhələnin yaranmasında və inkişafında əhəmiyyətli rol oynamış ustad dramaturqlarımızdandır. “İlyas Əfəndiyev teatrı” ilə yeni rejissor və aktyor nəsli formalaşdı.
Ümummilli liderimiz Heydər Əliyev görkəmli sənətkarın yaradıcılığına yüksək qiymət verərək demişdir: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir.
Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır.”
Bütövlükdə, sənətkarın bədii yaradıcılığı xalq təfəkkürünün zəngin xəzinəsi üstündə yaranmışdır. İlyas Əfəndiyev elə bir şəxsiyyət və sənətkardır ki, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir.
Qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır. Səciyyəvidir ki, rejissorlarımız daim dramaturqun əsərlərinə müraciət edir və maraqlı tamaşalar hazırlayırlar. Dram əsərlərinin bir çoxu isə xarici ölkələrin teatrlarında tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır.
İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı” tarixi dramları keçmişə yeni təfəkkürlə yanaşması, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır. Dramaturqun tarixi dramları hər şeydən əvvəl tarixə bədii baxışın yeniliyi ilə diqqəti cəlb edir. Müsahibələrinin birində yazıçı qeyd edirdi ki, tarixi hadisələrə yanaşanda tarixilik prinsipi əsas götürülür.
Xalq qəhrəmanı haqqında yazarkən, onun şəxsi həyatındakı faktları dəyişmək olar, lakin onun xalqla bağlı mübarizə yolu olduğu kimi göstərilməlidir. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində nümayiş etdirildi və qardaş ölkədə hərarətlə qarşılandı. Müasir türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdir: “Siz bu iki tamaşa ilə (söhbət dramaturqun “Sevgililərin cəhənnəmdə vüsalı” və “Bizim qəribə taleyimiz” tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiz. Çünki, bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir”.
İlyas Əfəndiyevin mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələr də öz aktuallığı, məna tutumu ilə seçilir. Dramaturgiyaya, teatra, kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza həsr etdiyi məqalələri bu gün də müasirdir.
Dramaturq teatr və səhnə sənəti haqqındakı fikirlərini “Yüksək səhnə əsərləri uğrunda”, “Dramaturgiyamızın bəzi məsələləri haqqında”, “Həyat” yeni quruluşda “, “Gözəl tamaşalar yaradın”, “İstedad və mövzu”, “Mərdlik ocağı”, “Teatr qayğıları”, “Teatr və dramaturgiya məsələləri”, “Əsəri də, tamaşanı da istedad yaradır” və s. irəli sürdüyü mülahizələri ilə peşəkar teatrşünas səviyyəsinə yüksəlmiş bir qələm sahibi olduğunu sübut etmişdir. Yazıçı həmin məqalələrində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, məşqi, səhnə texnikası, rol bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibət göstərmişdir. İlyas Əfəndiyevin teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də əhəmiyyətini saxlayır.
“Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir”- deyən mütəfəkkirin bu səpkili məqalələri özünün yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Dramaturqun fikrincə, “teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur. Teatr yalnız ədəbiyyat və incəsənət deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də meyarlarındandır”. Xalqın mədəni-intellektual inkişafında teatrın xüsusi rolundan bəhs edən sənətkar fikrini davam etdirərək yazırdı: “Mənim üçün teatr, Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr, həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir aləmdir.”
İlyas Əfəndiyev milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Onun fikrincə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Qüdrətli sənətkarın zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: “Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, Vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər”. Ümumiyyətlə, yazıçının mədəniyyət tariximizə, sənət məsələlərinə həsr etdiyi nəzəri-estetik məqalələri, esseləri və müsahibələri axtarış ruhunun təzəliyi ilə diqqəti cəlb edir.
İlyas Əfəndiyevin tarixi dramlarının səhnə təcəssümü teatrımıza yeni, qəhrəmanlıq və mübarizə ruhu ilə nəfəs alan tamaşalar bəxş etmiş, milli rejissor və aktyorluq məktəbinin əsaslı ənənələr üzərində inkişafına rəvac vermişdir. İdeoloji təsirlərin çox güclü olmasına baxmayaraq, müdrik sənətkar öz yaradıcılığında şəxsiyyətin mənəvi aləmini yüksək sənətkarlıqla əks etdirir.
Bu əsərlər özünün bədii-fəlsəfi fikir dərinliyi, milli problematikanın müasirliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə sənətkarın yaradıcılığında xüsusi yer tutur. Milli idrakı, milli düşüncəni, istiqlaliyyət və azadlıq ideyalarını gücləndirmək baxımından bu tarixi dramlar xalqımızın milli azadlıq hərəkatına güclü təsir göstərmişdir. Bütövlükdə, dramaturqun əsərləri insanları mənəvi saflığa, yüksək əxlaqi keyfiyyətlərə, mədəniyyət quruculuğunda fəal iştirak etməyə, hər cür naqisliklərlə barışmazlığa səsləyir, qurub-yaradan gəncliyi tərənnüm edir.
İlyas Əfəndiyevin Azərbaycan teatr mədəniyyətindəki rolu üç istiqamətlə bağlı olmuşdur: yeni repertuar, yeni rejissor üslubu və yeni aktyor məktəbi.
Repertuar məsələsində: İlyas Əfəndiyev keçən əsrin 50-ci illərinin ortalarından etibarən lirik-psixoloji dramları ilə teatrı süni pafos və patetikadan xilas etdi. Sovet rejiminin təzyiqindən çıxaraq tarixi mövzulara üz tutdu. Azərbaycan xalqının taleyüklü problemlərini, milli azadlıq arzusunu tarixi mövzular kontekstində səhnəyə gətirdi. Mühacirət mövzulu əsərləri ilə parçalanmış Vətən və pərən-pərən düşmüş xalq problemini, bununla həm də bütöv Azərbaycan idealını canlandırdı.
Rejissor sənəti sahəsində: İlyas Əfəndiyevin əsərlərinin səhnə həlli sayəsində böyük rejissor Tofiq Kazımov formalaşdı və o, milli rejissor sənətimizin psixologizm mərhələsini yaratdı.
Aktyor məktəbi: Məhz İlyas Əfəndiyevin və Tofiq Kazımovun səmərəli birgə fəaliyyəti sayəsində Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladov, Əliabbas Qədirov, Səməndər Rzayev, Hamlet Xanızadə, Kamal Xudaverdiyev, Vəfa Fətullayeva, Yaşar Nuri, Rafael Dadaşov, Bəsti Cəfərova və digər sənətkarların simasında yeni aktyor məktəbi formalaşdı. Bunlar Azərbaycan mədəniyyəti tarixində İlyas Əfəndiyev epoxasını səciyyələndirən kulturoloji amillər kimi dəyərləndirilir.
İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. Və özüylə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin birində dramaturq yazırdı: “Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işğalçılarının. Deməli , Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir.”
Azərbaycan ədəbiyyatını və mədəniyyətini həmişəyaşar əsərləri ilə zənginləşdirən unudulmaz Xalq yazıçımız İlyas Əfəndiyevin vəfatından iyirmi bir il keçir. Çoxşaxəli yaradıcılığında milliliklə ümumbəşəri dəyərlər arasında bir körpü yaradan görkəmli dramaturqun bədii irsi bu gün də sevilə-sevilə oxunur. O, şərəfli ömrünün altmış ilini bədii yaradıcılığa, bütünlükdə mədəniyyətimizin inkişafına həsr etdi və əbədi ömür qazandı. Yazıçının xoşbəxtliyi odur ki, o, sevilir və unudulmur. Xalqın dərin məhəbbətini qazanmış, yaradıcılığının mayasını, cövhərini xalq ruhundan almış yazıçının bədii təravətini və estetik özəlliyini itirməyən həmişəyaşar əsərləri illər keçdikcə öz müasirliyini və aktuallığını qoruyub saxlayır.
Vəfa XANOĞLAN,
filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.