Naxçıvan duzundan həm də gözəl sənət inciləri yaradılır

Azərbaycanda oyma, yonma, döymə üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Qədim məskənlərimizdən olan Naxçıvandakı Gəmiqayada daşlar üzərindəki oymalar, rəsmlər, fiqurlar buna sübutdur. Elə açıq səma altındakı muzeydə nümayiş etdirilən Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar da bunu təsdiq edir. Bu gün isə daş duz üzərində sənət inciləri yaradılır.

Məlum məsələdir ki, Naxçıvanın mühüm sərvəti olan Duzdağı var. Ta qədimlərdən bu ünvandan karvan-karvan keyfiyyətli duz məhsulu dünyanın müxtəlif ölkələrinə daşınıb. Bu gün isə bura Naxçıvan üçün qədim tarix olmaqla yanaşı, iqtisadi yüksəliş, eyni zamanda, şəfa mənbəyi deməkdir. Doğma Naxçıvanımızı müalicə turizmi məkanı kimi də şöhrətləndirən Duzdağda yaradılan müalicəxanaya hər il minlərlə turist üz tutub sağlamlığına qovuşur. Duzdağda sənət incilərinin yaradılması isə insana qürur verir.

 Zülfüqar Zeynalov üçün  duz, sözün həqiqi mənasında, ilham mənbəyidir. Bugünlərdə onun duzdan yaratdığı heyranedici sənət əsərləri ilə tanış olarkən bu qənaətə gəldim ki,  artıq xörəklərə dad qatan, minlərlə turistin marağına səbəb olan Naxçıvan duzu indi heyranedici sənət əsərləri kimi dünya ölkələrinə yol alacaq. “Küsüşən” butalar, tar, kamança, qavaldan yaradılan kompozisiya, “İslami dəyərlərin simvolu”, “İlahi kitabə”, “Naxçıvanqala”, “Çay dəstgahı”, “Mömünə Xatun türbəsi”, “Azərbaycan bayrağı”, “İslam Həmrəyliyi Oyunlarının simvolu”, “Saz”, “Delfin”, müxtəlif qab nümunələri, çıraqlar, güldanlar, gülabdanlar, badya, vaza və digər əl işləri bu insana bəxş edilən yaradıcılıq bacarığının məhsuludur. Sanki duz parçalarına nəfəs verilib. Gecəni nura qərq edən lampaların gözəlliyinə isə heyranlığını gizlədə bilmirsən. Cilalanan duzdan alınan, rəngbərəng işıqlar saçan bu lampalar, fənər və çıraqlar baxanları bir daha Naxçıvan duzunun sehrinə salır.

Qısa tanışlıq üçün deyək ki, Naxçıvan şəhərində anadan olan Zülfüqar usta gəncliyində dünyanın müxtəlif muzeylərini gəzib, burada müxtəlif materiallardan hazırlanan eksponatlara maraqla baxıb və ürəyində bir arzu baş qaldırıb: belə sənət əsərlərini daş duzdan hazırlamaq. Əvvəlcə keramika üzərində bacarığını sınağa çəkib. Suvenirlər, tarixi abidələr hazırlayıb. “Qız qalası”, “Mömünə Xatun türbəsi”, “Qarabağlar türbəsi” və onlarca belə abidəmizin təsviri, müxtəlif yaradıcılıq təxəyyülləri  Zülfüqar ustanı  daş duz yaradıcılığına aparıb. 2004-cü ildə İslamiyyətin simvolu olan ilk əl işini hazırlayıb və bununla da bu sənətin sehrinə, cazibəsinə düşüb.  Ata-babadan müqəddəs sayılan duzdan yaradılan sənət inciləri məftunluq doğurub. Bunu Novruz bayramında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində sərgilənən əl işlərinə yaranan maraq da təsdiq edib.

Bu, bir həqiqətdir ki, Duzdağ son illərdə muxtar respublikaya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi ünvanlardan biridir. Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən imzalanan “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” sərəncam onu xeyli sevindirib. Deyir ki, hazırladığı bütün sənət əsərlərini yaradılacaq Naxçıvan Duz Muzeyinə hədiyyə etməyə hazırdır. Həmçinin muzey üçün yeni-yeni əsərlər, abidələr düzəltmək arzusundadır. Zülfüqar usta ən böyük arzusunun isə daş duzdan müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin abidəsini yaratmaq olduğunu deyir. Onun satış üçün eksponatların kiçik formasını, suvenirlər düzəltməyi  nəzərdə tutması isə Duzdağın təbliği, turizm marketinqi baxımından əvəzolunmaz imkanlar ortaya qoyur. Yəni bu sənət nümunələri həm də doğma diyarımıza dünyanın dörd bir guşəsindən gələn turistlər vasitəsilə xarici ölkələrə yol açacaq, Naxçıvanın qədimliyini, bu gününü, sağlamlıq baxımından duzun oynadığı rolun daha geniş mənada təbliğinə imkan yaradacaq.

Məlumdur ki, Naxçıvan şəhəri 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Zülfüqar ustanın əl işlərində əksini tapan loqotip və tarixi abidələr də bu əlamətdar tədbirə töhfədir.O, hazırda  “Üzüm bağında lampa” adlı əsər üzərində işləyir.

Bəli, bu günə kimi xeyli sənət əsəri ərsəyə gətirən usta nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda, bəlkə də dünyada yeganə sənətkardır ki, əsərlərini daş duzdan yaradır. Yeri gəlmişkən, qeyd edək ki, daş duzla işləmək, ondan sənət əsəri yaratmaq o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən. Daş duz adi daş kimi mülayim, “sözəbaxan” olmadığına görə bu materialla işləyən zaman daha dəqiq və diqqətli olmaq lazımdır. Bu sənət insandan dözüm, səbr, istedad və bir də sevgi tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Bunu deyən Zülfüqar usta onu da bildirir ki, bu nemətdən hazırlanmış hər hansı bir əl işi həm də sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Usta nadir əl işi olan yanan lampalardan birini göstərir. Duz isindikcə ondan ətrafa müxtəlif maddələr yayılır ki, bu da sağlamlıq üçün çox əhəmiyyətlidir.

Düşünəndə ki,  tarix, mədəniyyət və sağlamlıq rəmzi olan duz bu gün bir sənət incisi kimi də şöhrət tapacaq və yəqin ki, gələcəkdə neçə-neçə sənət nümunəsinin yaradılmasına stimul verəcək, qürur duyursan.

Hafizə ƏLİYEVA,
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında