Görkəmli pedaqoqun biblioqrafiyası

“Elm və təhsil” nəşriyyatı Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin  dekanı Fərrux Rüstəmovun elmi yaradıcılığını əhatə edən “Biblioqrafiya” kitabını çapdan buraxmışdır.

Tərtibçilərin tanışlıq qeydi ilə açılan kitaba professor F.Rüstəmovun həyat və yaradıcılığının xronologiyası, həyat və elmi-pedaqoji  fəaliyyəti haqqında  qısa oçerk daxil edilmişdir. Kitabın əsas hissəsini alimin bu vaxta qədər nəşr  olunmuş  monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-publisistik məqalələri, ölkəmizdə və xaricdə keçirilmiş elmi-praktik konfranslarda etdiyi məruzələrin tezisləri , rəhbərlik və opponentlik etdiyi dissertasiyalar haqqında informasiyalar, elmi-pedaqoji fəaliyyəti ilə bağlı yazılmış məqalələr haqqında biblioqrafik məlumatlar təşkil edir.

Fərrux Abbas oğlu Rüstəmov 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji  Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hələ tələbəlik dövründən elmi araşdırmalara başlayan F.Rüstəmov 1989-cu ildə namizədlik, 2003-cü ildə isə “ Azərbaycanda pedaqoji elmin inkişaf yolları” (1920-1991-ci illər) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan pedaqogikasının nəzəriyyəsi və tarixi üzrə ən  nüfuzlu mütəxəssislərdən sayılan F.Rüstəmov 2006-cı ildən ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının professorudur. 2007-ci ildən ADPU ibtidai təhsil fakültəsinin dekanı və fakültə elmi şurasının sədridir. Alim, eyni zamanda,  universitet elmi şurasının  və pedaqogika üzrə müdafiə şurasının üzvüdür.

Professor F.Rüstəmov zəngin və məhsuldar elmi yaradıcılığa malik olan bir müəllifdir. İlk kitabı 1990-cı ildə nəşr olunmuş alimin indiyə qədər 35 kitab və monoqrafiyası, dərslik və dərs vəsaiti, 200-dən çox elmi, 150-dən çox elmi-publisistik məqaləsi çap olunmuşdur, 10 kitabın tərtibçisi, 100-dək kitabın elmi redaktorudur.

Onun elmi əsərləri  ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, İran, Gürcüstan və digər xarici ölkələrdə  çap olunmuşdur.

F.Rüstəmovun mühüm fəaliyyət istiqamətlərindən biri də elmi-pedaqoji kadr hazırlığıdır. Onun rəhbərliyi ilə 20 nəfərə yaxın mütəxəssis pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Qeyd edək ki, kitabdakı biblioqrafik materiallar Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də verilmişdir.

Kitabın tərtibçiləri professor R.Əliyev, professor İ.İsayev, dosent H.Cəfərov və O.Rüstəmov, elmi redaktoru isə akademik H.Əhmədovdur.

Bu nəşr ümumi pedaqogika, pedaqogika və təhsil tarixi sahələrində tədqiqat aparanlar, bakalavr və magistrant tələbələr, gənc tədqiqatçılar üçün dəyərli məlumat mənbəyidir.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında