Birinci Qarabağ müharibəsində fədakarcasına döyüşüb şəhid olmuş tank komandiri Albert Aqarunov adını Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə əbədi həkk etdirib. Vətənin ağır günündə əsl vətənpərvər, qeyrətli oğul kimi könüllü cəbhəyə yollanıb, torpaqlarımıza göz dikən xain ermənilərə qarşı çox sayda ağır döyüşlərdə qeyri-adi şücaətlər göstərərək, 1992-cil mayın 8-də Şuşada qəhrəmancasına həlak olub.
Döyüşçü dostları hələ sağlığında Alberti dərin hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırırdılar. Vurğulamaq istərdim ki, çox az döyüşçüyə belə şöhrət nəsib olur.
Albert çox sadə, lakin maraqlı bir həyat yolu keçib. O, 1969-cu il aprelin 25-də Bakı şəhərində yəhudi ailəsində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 nömrəli texniki peşə məktəbində oxuyub. 1987-1989-cu illərdə Gürcüstanda tank qoşunlarında hərbi xidmətdə olub. Sovet ordusu sıralarından tərxis olunduqdan sonra Suraxanı maşınqayırma zavodunda fəhlə işləyib.
Albert doğulub boya-başa çatdığı Bakını, bütün Azərbaycanı canından artıq sevirdi. Təsadüfi deyil ki, Vətənin başı üzərində təhlükə yarananda, o, bir an belə tərəddüd etmədən könüllü cəbhəyə yollanıb. Albert ilk gündən komandirlərin tapşırıqlarını dərin məsuliyyət hissi ilə yerinə yetirib. Tezliklə məlum olub ki, bu gülərüz, mehriban “yəhudi balası” ağır döyüş texnikasından, xüsusilə tanklardan böyük məharətlə istifadə etmək bacarığına malikdir.
Döyüşçü dostları xatırlayırlar ki, Albert öz tankı ilə döyüş meydanlarında qeyri-adi manevrlər edir, onun olduqca çevik, gözlənilməz hərəkətləri düşməni çaşdıraraq vahiməyə salırdı. Onun ən üstün cəhətlərindən biri son dərəcə sərrast snayper olması idi. Albertin tankdan açdığı atəş, demək olar ki, hədəfdən yayınmırdı.
Tank komandiri Albert Aqarunov Qarabağda ən ağır döyüşlərdə iştirak edib. Döyüşçülər ona uğur, yenilməzlik rəmzi kimi baxırdılar. Onun döyüşdə iştirakı hər kəsi ruhlandırır, hamıda qələbəyə inam hissini gücləndirirdi. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən ağır döyüşlərdə o, fəal iştirak edərək, azğın düşmənin çox sayda canlı qüvvəsini və ağır texnikasını məhv edib.
Bu yerdə mütləq qeyd etmək lazımdır ki, Albertin Qarabağ uğrunda ağır döyüşlərdəki qeyri-adi qəhrəmanlıqları barədə çox yazılıb. Əminəm ki, bundan sonra da Albertin şücaətlərindən bəhs edilən oçerk və məqalələr yazılacaq, filmlər çəkiləcək. O, həqiqətən qorxubilməz, universal bir döyüşçü olaraq buna layiqdir.
Hesab edirəm ki, Albert kimi əfsanəvi qəhrəmanlar barədə hər bir xatirəni, hər yeni faktı toplamaq vacibdir. Məhz bu məqsədlə Albertin döyüşçü dostları ilə yenidən görüşüb onun şanlı döyüş yolu barədə danışmalarını xahiş etdim. Sağ olsunlar, bu təklifə dərhal razı oldular. Dedilər ki, bütün döyüşçü dostları kimi, onların da hər birinin Albertə vəfa borcu var, onun barəsində danışmaq onlar üçün fəxarətdir.
İlk həmsöhbətim Qarabağ müharibəsində ilk azərbaycanlı qadın-döyüşçü, snayper Növrəstə Yusifova oldu. Növrəstə xanım Albertdən ürəkdolusu söz açdı:
- Əvvəla, mən Alberti Qarabağ müharibəsinin ən böyük qəhrəmanlarından biri hesab edirəm. Biz veteran döyüşçülər tez-tez bir araya gələrək, Qarabağ uğrunda döyüşlərdə xüsusilə fərqlənən igid əsgər və zabitlərimizi ehtiramla anır, Vətən qarşısında xidmətlərini yada salırıq. Hər dəfə dərin rəğbət və ehtiramla xatırladığımız ilk döyüşçülərdən biri də Albert Aqarunovdur.
Mən onu ilk dəfə 1992-ci ilin aprelində Şuşada görmüşəm. Yaxşı xatırlayıram ki, Albert “Tankçılar batalyonu”nda idi. Bizim batalyon isə Şuşadakı tam orta məktəbin binasında yerləşmişdi. “Tankçılar” şəhərin başqa hissəsində qalırdılar. Şuşada Albert haqqında əfsanələr dolaşırdı. Təbii ki, Albert barədə mən də çox eşitmişdim. Onu çoxdan görmək arzusunda idim. Amma Şuşaya gələnə qədər onun üzünü görməmişdim.
...Aprelin ya 24-ü, ya da 25-i idi. Biz bir dəstə döyüşçü Şuşada qərargahın qarşısında söhbət edirdik. Uşaqlardan kimsə dedi ki, “odur, Albert də gəlir!” Gəldi, hamımızla səmimi görüşdü. Çox sadə, gülərüz bir gənc idi. Albert rusdilli idi, mən də rus dilini yaxşı bildiyim üçün həmin gün xeyli söhbət elədik. Albert çox qətiyyətli gənc idi. Erməni qaniçənlərinə nifrət etdiyini, Şuşanı son damla qanına kimi müdafiə edəcəyini bildirdi.
O, həqiqətən qeyri-adi bir döyüşçü idi. Bir də görürdün ki, Albertin tankı quş kimi gah “Üçbuğ” deyilən hündür yerə qalxır, gah Daşaltı yoluna tərəf enib oradan, ya da “Cıdır düzü” tərəfdən düşmənin zirehli texnikasına atəş açırdı. Albert olduqca sərrast atəş açırdı. Onun bəlkə də hər 10 mərmisindən 9-u hədəfdən yayınmırdı. Albertə çox güvənir, onunla fəxr edirdik. Biz Şuşada postlarda olanda ara-sıra ermənilərin hava rabitəsi ilə danışıqlarını eşidirdik. Albertin adı çəkiləndə ermənilərin canlarına vəlvələ düşürdü.
Albert olduqca sadə, mehriban insan idi, düşmənin çoxlu sayda zirehli texnikasını yüksək dəqiqliklə hesablanmış snayper atəşilə sıradan çıxarmış, xeyli canlı qüvvəsini məhv etmişdi. Amma böyük xidmətləri olsa da, heç vaxt lovğalanmazdı ki, “mən bu qədər düşmən tankını, BTR-ini məhv etmişəm, ya başqa qəhrəmanlıqlar göstərmişəm”. Nə gizlədim, onun sadəliyinə heyran qalmışdım.
Onun ölümündən sonra bizim döyüşçülər öz tanklarının üzərinə “Albert” sözü yazmışdılar. Düşmənlər üstündə “Albert” yazılan bir tankımızı vuranda sevinməyə macal tapmamış görürdülər ki, o biri tərəfdən başqa bir “Albert” çıxdı. Hava rabitəsi ilə ermənilərin qorxu və təlaş içində deyindiklərini eşidirdik ki, “bu, Albertlər nə qədərdir?”
Şuşanın müdafiəsi zamanı BTR komandiri olmuş döyüşçü İlham Ömərov da Albert haqqında böyük həvəslə danışaraq dedi:
-Albert Şuşada 777 nömrəli xüsusi təyinatlı batalyonda tank komandiri idi. Bu batalyonun, demək oar ki, bütün döyüşçüləri qeyri-adi şücaətləri ilə ad çıxarmışdılar. Onların ən yaxşılarından biri də Albert Aqarunov idi.
Mən Albertin Şuşada bir döyüşdə düşmənin 3 zirehli texnikasını necə məhv etdiyinin şahidi olmuşam. Bu, çox parlaq döyüş idi, təbii ki, heç vaxt yadımdan çıxmır. Dəqiq yadımdadır. 1992-ci il mayın 7-si idi. Həmin gün ermənilər bir T-72 və üç BTR-lə hücuma keçdilər. Albertin tankı birdən Şuşanın giriş qapısından ildırım kimi sıçrayıb düşmənin zirehli texnikasını “qarşılamağa” getdi. Biz səngərlərdən bu səhnəni müşahidə edirdik. Albert məharətlə manevr edərək erməni tankına yaxınlaşıb atəş açdı. Erməni tankı Albertin ilk atəşindən sonra artıq yanırdı!
Döyüş isə davam edirdi. Ermənilərin üç BMP-sindən birincisi isə aşağıdan, yeməkxana tərəfdən Şuşaya doğru gəlirdi. Ermənilər guya hiylə işlədib, Albertin tankına aşağı tərəfdən yaxınlaşmağa cəhd etdilər. Lakin xamlıq edib yolun alt tərəfindəki üstü torpaqla örtülmüş tövlənin üstünə çıxanda, dam uçdu və BMP içərisindəki ermənilərlə bərabər dərəyə yuvarlandı.
Döyüşün axırına qədər onlardan bir xəbər çıxmadı. Görünür, tankla bərabər içindəkilər də yanmışdılar. Bundan sonra, ermənlilər şərti siqnal işarəsi verib geri çəkilməyə başladılar. Düşmənin ikinci BMP-si avtobazanın yanından dal-dalı aşağı enirdi. Avtobaza təpənin üstündə idi. Şuşanın yolu dik və dolanbac olduğundan bir müddət həmin BMP gözdən itdi. Üçüncü BMP yenə Şuşaya qalxan yolla üzüyuxarı çıxanda, erməni BMP-ləri üzbəüz çıxdılar. Aşağıdan gələn BMP-dəkilər bilmədilər ki, yuxarıdan gələn, əslində, geri qayıdan BMP özlərinkidir. Ermənilər öz zirehli textikalarının yalnız arxasında ağ xaç işarəsi çəkirdilər. BMP-lər üzbəüz gəldiyi üçün aşağıdan gələn BMP-dəki erməni snayper xaç işarəsini görməyib atəş açdı.
Yuxarıdan gələn, təbii ki, aşağıdan gələn zirehli maşının özlərinki olduğunu bilirdi. Həmin BMP-ni alov bürüdü. Digər BMP-dəkilər 3 metr irəli keçəndən sonra başa düşdülər ki, səhv ediblər. Lakin artıq gec idi və döyüş meydanından ermənilər qaçmağa başladılar.
İlham Ömərov daha sonra dedi:
– Bu hadisəni bütün təfərrüatı ilə ona görə danışıram ki, ermənilərin həmin gün belə kobud səhvlərə yol verməsinə Albertin tankından qorxaraq vahiməyə düşmələri səbəb olmuşdu. “Şuşanın əfsanəsi” ermənilərin başına həqiqətən od yağdırırdı. Onun adı çəkiləndə düşmən xofa düşürdü. Belə, qorxubilməz, yenilməz döyüşçü idi Albert!
İlham Ömərov dərin təəssüf hissi ilə qeyd etdi ki, bir gün sonra, 1992-ci il mayın 8-də düşmənin snayper atəşindən Albert Aqarunov həlak oldu. Bu, Azərbaycan üçün, Albertin bütün döyüşçü dostları üçün olduqca ağır itki idi. Bu itki qəlbimizi bu gün də sızladır.
Albertin döyüşçü dostları – Növrəstə Yusifova, İlham Ömərov, Sədrəddin İsgəndərov və başqaları söylədilər ki, onlar hər dəfə Şəhidlər xiyabanına gedəndə burada əbədi uyuyan Albertin məzarını mütləq ziyarət edirlər. Onlar əmindirlər ki, qədirbilən xalqımız Qarabağ uğrunda döyüşlərdə qeyri-adi şücaətlər göstərmiş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini daim əziz tutacaq.
Növrəstə xanım Albertin keçmiş döyüşçü dostları adından bu sözləri də deməyi özünə borc bildi:
– Azərbaycan torpaqları uğrunda şəhid olan bütün igid oğullarımızın, eləcə də Albertin ruhu bizdən Qələbə gözləyir. Biz tam əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız yağı düşməndən mütləq azad ediləcək. Buna əmin olmasaq, bir an belə yaşaya bilmərik!
Azərbaycan dövləti tank komandiri Albert Aqarunovun Vətən qarşısındakı xidmətlərini layiqincə qiymətləndirib. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O, Şəhidlər xiyabanında dəfn olunub. Məzarı hər zaman tər gül-çiçək dəstələri ilə dolu olur. Albertin vaxtilə təhsil aldığı Bakının Əmircan qəsəbəsindəki 154 nömrəli tam orta məktəb hazırda onun adını daşıyır. Məktəbin önündə qəhrəmanın büstü qoyulub. Burada Albertin şanlı döyüş yoluna həsr olunmuş muzey yaradılıb.
Quba rayonunda yəhudilərin kompakt şəkildə yaşadığı “Qırmızı Qəsəbə”də Albert Aqarunovun adı, şücaətləri hər kəsin dilindədir. Quba və Moskvada eyni vaxtda Azərbaycan və rus dillərində çıxaraq yayımlanan “Birlik–Edinstvo” qəzetində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov barədə tez-tez yazılar dərc olunur. Qəzetin redaktoru Nəcəfqulu Nəcəfov dedi ki, yəhudi dostlarımız haqlı olaraq Alberti Azərbaycan və yəhudi xalqları arasında sarsılmaz dostluğun rəmzi hesab edirlər.
P.S. Bu yaxınlarda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinə ilk rəsmi səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi, qardaşı Rantik Aqarunovla görüşüb. Hörmətli nazir xalqımızın Albertin Qarabağ döyüşləri zamanı xidmətlərini daim dərin hörmətlə yad etdiyini bildirib. Rantik Aqarunov, öz növbəsində qardaşının xatirəsini əziz tutan Azərbaycan xalqına minnətdarlıq edib.
Bu xəbər Albertin bütün döyüşçü dostlarını çox sevindirib. Onlardan biri – İlham Ömərov “Xalq qəzeti”nin redaksiyasına zəng vuraraq, hörmətli nazirin bu alicənab hərəkətindən razı qaldığını, Albertin qardaşı Rantikin sözlərindən isə çox təsirləndiyini dedi. Dönə-dönə vurğuladı ki, Albertin xatirəsi hər bir azərbaycanlı üçün, eləcə də bütün döyüşçü dostları üçün daim əziz olacaq.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.