UNESCO – Azərbaycan əlaqələri genişlənməkdədir

Yüksək mədəniyyətə malik xalq zamanın yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir. Azərbaycanın öz qədim mədəniyyətini qoruyub saxlamaq, təkmilləşdirmək, təbliğ etmək sahəsində zəngin təcrübəsi var. Ölkəmiz müstəqillik qazandıqdan sonra maddi və mənəvi dəyərlərimizin dünyada təbliğinin daha da gücləndirilməsində BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı -- UNESCO ilə əlaqələrin böyük rolu olmuşdur. Bu beynəlxalq təşkilatlarla münasibətlərimiz öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olduğu dövrdən əvvələ təsadüf edir.

Azərbaycan UNESCO-ya 1992-ci il iyulun 3-də üzv qəbul olunmuşdur. Amma bu beynəlxalq qurumla əlaqələrin genişləndirilməsi sahəsində ilk uğurlu addım ulu öndər Heydər Əliyevin 1993-cü ilin dekabr ayında Fransa Respublikasına rəsmi səfəri çərçivəsində UNESCO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Sonradan UNESCO ilə əlaqələrin inkişafı üçün milli komissiyasının yaradılması istiqamətində respublikamızda mühüm işlər görülmüş, o cümlədən 1994-cü il fevralın 21-də ulu öndər bununla əlaqədar xüsusi sərəncam imzalamışdır. Yaradılmış yeni qurumun 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır.

1994-cü ilin iyun ayında isə Budapeştdə UNESCO-nun Avropa Regionu Komitəsinin VII sessiyasında Azərbaycan bu komitəyə üzv seçilmişdir.

Ötən müddət ərzində  bu nüfuzlu beynəlxalq təşkilat Azərbaycanla bağlı mütamadi olaraq tədbirlər həyata keçirir. UNESCO-nun Baş Qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasim keçirilmiş, həmin tədbirdə Federiko Mayorun şəxsən iştirak etmişdir. O, 1996-cı ilin noyabrında Bakıya gəlmiş və yubiley mərasimlərinə qatılmışdır. Bu, Azərbaycanla UNESCO arasında əməkdaşlığın yüksək inkişafının əlaməti idi. Səfər zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş də imzalanmışdır.

Eyni zamanda, “Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları haqqında” Beynəlxalq Konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində UNESCO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-UNESCO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başladı, 2000-ci il UNESCO tərəfindən Böyük İpək Yolu -- TRASEKA ili elan olundu.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir. Bundan sonra , Prezidentin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər qoruğunun mühafizəsi istiqamətində görülən işlər nəticəsində 2009-cu il iyunun 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər kompleksi UNESCO-nun təhlükədə olan abidələr siyahısından çıxarılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti illərində UNESCO ilə ölkəmiz arasında qarşılıqlı əlaqələr daha da genişləndi.  Prezident 2005-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən Milli komissiyasının yeni tərkibi və Azərbaycanın UNESCO ilə siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu, 2009-cu ildə Azərərbaycan aşıq sənəti və Novruz  bayramı UNESCO-nun Reprezentativ Siyahıyasına daxil edilmişdir ki, bunlar da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və onun genişləndirilməsində Azərbaycanın Birinci vitse –prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz rolu var. 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Məhz Mehriban xanımın səyi nəticəsində ötən illər ərzində UNESCO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssamı Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Ümumiyyətlə, Azərbaycanın Birinci vitse- prezidenti  Mehriban xanım Əliyevanın səyi ilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir.

2008-ci il iyunun 10-dan 11-dək Bakıda “Gülüstan” Sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı bəyannaməsi və birinci xanımların bəyanatı qəbul olunmuşdur.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdur. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

2010-cu ildə UNESCO-nun yeni seçilmiş baş direktoru xanım İrina Bokova Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində baş direktor Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, qonaq Müasir İncəsənət Muzeyi ilə tanış olmuş, Muğam Mərkəzində və UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərdə olmuşdur. İyulun 29-da xanım İrina Bokova UNESCO üzrə AR milli komissiyasının üzvləri ilə görüşmüş, Qəbələdə II Muğam Festivalının rəsmi açılışında iştirak etmiş, sonra isə UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya Qızıl Motsart medalını təqdim etmişdir. Səfər çərçivəsində xanım İ. Bokova Şəki şəhərində də olmuşdur.

 2011-ci ildən etibarən təşkil edilən və UNESCO tərəfindən dəstəklənən Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir. 2011-2016-cı illərdə keçirilən beş forumda UNESCO yüksək səviyyədə təmsil olunmuşdur. Bundan sonra 2012-ci il noyabrın 5-dən 9-dək Azərbaycan hökuməti, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə VII İnternet İdarəçilik Forumu keçirilmişdir.

Sonrakı illərdə də əlaqələr intensiv olaraq davam etmişdir. 2013-cü il martın 13-dən 15-dək UNESCO üzrə AR-nın milli komissiyası və AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin növbədənkənar iclası olmuşdur. Həmin ilin iyun ayında isə Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnkişaf naminə birlik” devizi altında Azərbaycan qadınlarının IV qurultayı keçirilmişdir.

2014-cü il mayın 27-dən 29-dək UNESCO üzrə AR Milli Komissiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMEA və digər qurumların birgə təşkilatçılığı ilə Dünya Gənc Alimlərinin “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı Forumu keçirilmişdir. Forumda UNESCO-nun Baş konfransının prezidenti Hao Ping iştirak etmişdir.

Bakıda  2011, 2013, 2015 və 2017-ci illərdə  keçirilən  Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında UNESCO yaxından iştirak etmiş, bir sıra bəşəri problemlərlə bağlı tədbirlərin təşəbbüsçüsü olmuşdur. UNESCO-nun baş direktoru İrina Bokovanın  mədəniyyətlərarası dialoq forumlarının iştirakçısı olması və onun çıxışlarında Azərbaycanın bəşər mədəniyyətinə verdiyi töhfələri yüksək qiymətləndirməsi, UNESCO – Azərbaycan münasibətlərinə böyük önəm verildiyinin ən yaxşı nümunəsidir.

Azərbaycan bu gün də UNESCO ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir, onun əksər tədbirlərində yaxından iştirak edir. Xalqımızın maddi və mənəvi dəyərlərinin  beynəlxalq miqyasda tanıdılması, bəşəri əhəmiyyət daşıyan milli mədəniyyət nümunələrimizin qorunması üçün UNESCO-nun xidmətlərindən faydalanmaq olduqca vacibdir.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında