“Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri”

Yeni nəşrlər

Tarix üzrə fəlsəfə doktoru, dosent, Məhərrəm Zülfüqarlının qələmə aldığı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsindən biri, 1918-ci il iyun-iyul aylarında olan Göyçay döyüşlərindən bəhs edən bu kitab yenicə işıq üzü görmüşdür. Qiymətli tədqiqat əsəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının layihəsi çərçivəsində nəşr olunmuş və Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təqdimatı keçirilmişdir.

Kitabda bolşevik, erməni – daşnak hərbi birləşmələrinə qarşı 1918 – ci ilin iyun – iyul aylarında Göyçay qəzasında Qafqaz İslam Ordusu və Azərbaycan döyüşçülərinin qəhrəmancasına mübarizəsindən bəhs edilir.

Əsərin müəllifi Göyçay döyüşlərini təhlil edərkən mövzunu tarixşünaslıq cəhətdən qiymətləndirməyə səy göstərmiş, hadisələrin tədqiqinə elmi – metodoloji cəhətdən düzgün yanaşmış, eyni zamanda, o dövrdə Qafqazda və Azərbaycanda ictimai – siyasi vəziyyəti düzgün qiymətləndirə bilmişdir. Müəllif düzgün olaraq qeyd edir ki, həmin tarixi mərhələdə siyasi proseslərdə uduzan dairələr ölkə daxilində milli münasibətləri gərginləşdirmişlər. Bununla yanaşı 1917 – ci il fevral – burjua inqilabından sonra müvəqqəti hökumətin qurulması ilə ictimai – siyasi vəziyyətin xeyli dəyişməsi müsəlman əhalinin də milli şüurunda və siyasi cəhətdən təşkilatlanmasında müsbət mənada dönüş yaratmışdır. Deyilənlər, yerli müsəlman əhalinin öz Vətəninə, sərvətinə sahib çıxmaq istəyində də özünü göstərirdi. Yerli əhalinin bu istəyini hiss edən qarşı tərəf həmin ilin oktyabr ayından fəallığını daha da artırdı.

Xüsusilə, 1917-ci il oktyabrın 22-də Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Bakıda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Musavat” Partiyasına uduzması ziddiyyətləri daha da kəskinləşdirdi. Azərbaycanın müstəqil suverən dövlət kimi formalaşa biləcəyindən narazı qalan Rusiya tərəfi və daşnaqlar tərkibində ermənilərin çoxluq təşkil etdiyi hərbi birləşmələrin S.Şaumyanın başçılığı altında Bakı Soveti və daşnak hərbi qüvvələri ilə birləşərək, 1918-ci ilin martında yerli əhaliyə qarşı soyqırımını həyata keçirilməsini planlaşdırdılar.

Yeni yaranmış Azərbaycan Cümhuriyyəti Türkiyə dövlətinin köməyi ilə bütün siyasi, diplomatik gücünü səfərbər edərək, atəşkəs rejimini bərpa etməyi, hərbi hissələrin tərxis olunması ilə silahların yeni yaradılmış hökumət ordusuna verilməsini qərarlaşdırmışdı. Lakin danışıqlar baş tutsa da, silahlı bolşevik, erməni qüvvələri S.Şaumyanın tabeliyinə keçdi. Beləliklə, xalqımızın düşməni olan Bakı Kommunasının rəhbəri S.Şaumyan Bakıdan Göyçayadək, eləcə də Şimali Qafqaza gedən yola və onun ətrafına nəzarət etməyə nail oldu. Lənkəran bölgəsi də ağqvardıyaçı rus əsgərlərinin nəzarəti altına keçmişdi. Eyni zamanda, Tiflisdə azərbaycanlı, erməni və gürcü deputatlarından təşkil olunmuş Zaqafqaziya Seyminə düşmən münasibət bəsləyirdilər. Zaqafqaziya Seymi dağıldıqdan sonra yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini məhv etmək, Azərbaycanın digər ərazilərini ələ keçirmək və yerli müsəlman əhaliyə qarşı növbəti soyqırımını törətmək məqsədilə bolşevik-daşnak qüvvələri 1918-ci ilin iyun ayında Göyçay istiqamətində hücuma keçdilər.

Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 4 iyun 1918 – ci il tarixdə bağlanmış Batumi müqaviləsinə əsasən Qafqaz İslam Ordusu Nuru paşanın başçılığı ilə Azərbaycana köməyə gəldi. Azərbaycan Cümhuriyyətinin rəhbərliyi və Türk – Azərbaycan komandirlərinin çağırışı ilə ölkənin qərb bölgəsindən gələn könüllülər Qafqaz İslam Ordusunun tərkibində qəhrəmanlıqla döyüşdülər.

Kitabın məzmunundan aydın olur ki, Azərbaycanda siyasi-hərbi vəziyyət gərgin olsa da türk əsgərlərinin Azərbaycana gəlmələri ilə əlaqədar Azərbaycan əhalisində, xüsusən cavanlarda ruh yüksəkliyi yaranmış, uzun dövr ərzində qəsdən orduya aparılmayan gənclər qısa vaxt ərzində silahla davranmağı öyrənmiş, döyüşmək məharətinə malik olduqlarını göstərmişlər. Eyni zamanda, Türk Ordusunun hərbi coğrafi xəritəsində strateji sərhədlərin hüdudları aydınlaşdırıldı. Aydın oldu ki, rusların məşhur “Vəhşi diviziya” adlandırdıqları uzun zaman silahdan, nizami hərbi xidmətdən məhrum edilənlərin döyüş hazırlığında qısa vaxt ərzində adlı-sanlı zabitlərin – Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovun və başqalarının əvəzsiz xidmətləri nəticəsində böyük yüksəliş yaranmışdır. Nuru paşanın həmin kitabda Azərbaycan və azəri türkləri haqqında dedikləri sözlərdən bir hissəni misal göstərmək yerinə düşər: - “ Yerli türklərin damarlarındakı qan onların Anadoludan olan qardaşlarından fərqsiz olduğunu isbat etdi... Bakının qurtuluşunda yerli türklər də “mehmetcik” olaraq iştirak etdilər. Yüz illərdən sonra ilk dəfə batılı və doğulu türklər bir bayraq altında savaşdılar”.

Müəllif hadisələrin gedişatını düzgün qiymətləndirərək bildirir ki, Azərbaycan könüllülərindən ibarət türk ordusunun əsas hissələri Çanaqqala diviziyası da daxil olmaqla üç istiqamətdə – Müsüslü - Bakı; Ağsu – Şamaxı; Kürdəmirin cənubunda olan hissələr Muğan istiqamətində hücuma keçməli idilər. Kitabın müəllifi yazır ki, türk əsgərlərinin canı-qanı bahasına həyata keçirdikləri xilaskarlıq missiyasını Sovet tarixçiləri “işğalçılıq” adlandırırdılar.

Müəlliflə razılaşmaq olar ki, 1918-ci ilin mart qırğınları geniş tədqiq olunmağa başlansa da, təəssüf ki, erməni quldurlarının həmin ilin iyununda Nəvahi, Hacıqabul, Kürdəmir istiqamətində törətdikləri soyqırımlarının tədqiqinə çox az yer verilmişdir. Həmin qırğınları mart qırğınlarının davamı kimi, iyun qırğınları adlandırılması daha düzgün olardı.

Kitabda qeyd edilir ki, təşkilatlanmış erməni qırğınlarının müqabilində müsəlman əhali yaşamaq uğrunda yalnız öz gücü hesabına müdafiə olunurdu. Bakıdan kənar rayonlarda vəziyyət daha acınacaqlı idi. Bunun əvəzində isə Sovet dövründə bu cür faktları bilərəkdən xalqın hafizəsindən silməyə çalışır, ağır itkilər verən müsəlman tərəfinin fəaliyyətini daha çox beynəlmiləl təbliğata çevirdilər. Şamaxıda, Bakıda, Qubada və s. yerlərdə erməni soyqırımı baş verməmişdən əvvəl Ağsunun Bico kəndində Pirəmşaq qəbiristanlığı yaxınlığında erməni quldur dəstələri kəndin döyüşçüləri tərəfindən darmadağın edilmişdir.

Müəllifin mühüm xidmətlərindən biri də odur ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifələrinə yazılmalı olan, xalqın özünə inamını daha da artıra biləcək hadisələrin təhrif edilməsini aşkarlamışdır. Kitabda göstərildiyi kimi, Bakı Müsəlman Komitəsi Şamaxı şəhər rəhbəri Teymur bəy Xudaverdiyevə məlumat verilmişdir ki, 1918 – ci il martın əvvəllərində rus-türk cəbhəsindən qayıdan 400 nəfər erməni yaraqlısı Kürdəmirdən Ağsu istiqamətində Şamaxıya doğru hərəkət edir, onlara yardım göstərsinlər. Ona görə də Şamaxı rəhbərliyi onları qarşılamaq üçün Ağsuya nümayəndə heyəti göndərmişdi. Nümayəndə heyəti yolda olarkən xəbər tutmuşdur ki, həmin erməni dəstəsi bir neçə hissəyə bölünərək müdafiə cəhətdən zəif yaşayış məntəqələri olan Bağırlı, Qəşəd və Ləngəbiz kəndlərinə hücum etmişlər. Ermənilər o qədər azğınlaşmışlar ki, qarşılarına çıxıb sülhə çağıran ağsaqqalların – əgər yerli əhaliyə xətər yetirməsələr onlara qızıl, ərzaq və s. verəcəkləri təkliflərini belə rədd etmişlər. Onlar Türkiyə sərhədlərindən Şəmkirə qədər törətdikləri xəyanətlərin əvəzində cəzasız qalmış və azğınlaşaraq Ağsunun əhalisinə də divan tutmağa başlamışlar. Lakin Bico kəndi yaxınlığındakı Pirəmşaq qəbiristanlığında ermənilər gözlənilməz vəziyyətlə üzləşmişlər. O zaman Şamaxıda yaşayan böyük nüfuz sahibi Babaş Əfəndi Mikayılzadənin məsləhəti ilə Şahalı yüzbaşı Biconun müdafiəsini təşkil etmişdir. Əvvəlcə qocaları, qadınları və uşaqları kənddən çıxarmış, dərələrdə gizlətmişdilər. Sonra hamı bir nəfər kimi döyüşə atılmışdır. 400 erməninin 398 nəfəri öldürülmüşdür. Müəllif həmin hadisə ilə bağlı yazılmış məlumatlara istinadla bildirir ki, sağ qalan 2 erməni Bakıya Erməni Komitəsinə hadisə haqqında məlumat vermişdir. Bakıdan S.Lalayanın rəhbərliyi ilə 3 min silahlı erməni yerli əhalini tamamilə məhv etmək üçün Şamaxıya göndərilmişdir.

1918-ci ildə S. Lalayanın rəhbərliyi ilə Şamaxıya daxil olan hərbi hissənin törətdiyi vəhşiliklər haqqında hələ 1970-ci illərdə AMEA-nın Coğrafiya İntitutunun şöbə müdiri R.Yuzbaşov yazırdı ki, Lalayanın Şamaxının qocalardan, qadınlardan, uşaqlardan ibarət əhalisini gülləbaran etdiyinin, canları ağızlarından çıxmamış insanların basdırılmalarının şahidi olmuşdur. O, canlı şahid kimi Sovet dövründə böyük cəsarət göstərərək hadisəni dəqiqliyi ilə qələmə almış, həmin məlumatları bir sıra rəsmi idarə rəhbərlərinə, nüfuzlu ziyalılara göndərmiş, bir nüsxəsini də səmimi münasibətdə olduğuna görə bu sətirlərin müəllifinə vermişdir. Yazıda göstərilənlər də həmin kitabdakı dəlillərə tamamilə uyğun gəlir. Uzun illər qaçqın düşən əhalinin ağır əzabları haqqında məlumatlar yalnız ağızdan-ağıza ötürülürdü. Azərbaycan tarixinə dair bir çox hadisələr olduğu kimi tədqiq edilmirdi. Məhz ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aşağıdakı sözlərini bir daha yada salmaq yerinə düşər:

“Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik... İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var... Bizə qarşı təxribatlar aparılır... Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edilir, təqdimatlar keçirilir”.

Müəllif kitabda Göyçay qəzasının böyük müharibə gedən sahələrinin xəritəsini, bəzi yerlərdə isə döyüş səhnələrinin yazılı təsvirlərini verməklə oxucularda həmin hadisələr haqqında düzgün təsəvvür yaratmağa çalışmışdır. Eyni zamanda, günahsız insanların viran edilmiş kəndlərində, düzənliklərdə əsas qüvvələrdən ayrı düşmüş döyüşçülərin iyun – iyul aylarında istidə, günəş altında ac və susuz qalan əsgər və zabitlərin arasında ölüm hallarının da olduğu bildirilir. Belə şəraitdə düşmən tərəfindən olan əsgər və zabitlərin dözməyib mövqelərini qoyub qaçdıqları da təsvir edilir.     

Azərbaycan döyüşçülərinin türk əsgərləri ilə çiyin – çiyinə vuruşması, onlara Çanaqqala döyüşünün iştirakçıları olan zabitlər tərəfindən yüksək qiymət verilməsi xalqımızın özünə inamını artırırdı. Göyçay döyüşlərinin təsviri, döyüş səhnələrindəki psixoloji gərginliklər, döyüşçülərin ruh yüksəkliyinin sönməməsi kimi halları əks etdirən bir çox epizodlar, eləcə də kitabda başqa tədqiqatçıların Göyçay döyüşlərinə dair yazılarından gətirilən misallara əsaslanaraq həmin hadisələr Stalinqrad, Çanaqqala döyüşləri ilə müqayisə edilir.

Kitabda diqqəti cəlb edən məsələlərdən biri də odur ki, indiyə qədər Göyçay qəzasında müharibədə iştirak edən və qəhrəmanlıq göstərən insanların çox az hissəsinin adları məlum idi. Digər tərəfdən həlak olan insanların sayı da müxtəlif mənbələrdə fərqli göstərilir.

Tədqiqatın daha maraqlı olan hissələrindən biri də indiki nəslin ata-babalarının Göyçay döyüşləri haqqında danışdıqları xatirələrdir. Onların əksəriyyəti arxiv materialları ilə də təsdiq olunur. Kitabda türk əsgərlərinin xatirələrinin də əbədiləşdirilməsi maraqla işıqlandırılır və bu istiqamətdə hələ xeyli işin görülməsinin lazım gəldiyi bildirilir.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının və Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Məhərrəm Zülfüqarlının Göyçay döyüşlərinə həsr olunmuş kitabının təqdimatı mərasiminin bu il iyulun 6-da Göyçay şəhərində keçirilməsi nəinki göyçaylılar, eyni zamanda, vətənini sevən hər bir azərbaycanlı üçün qiymətli töhfədir.

Yığıncaqda AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı, professor Elxan Suleymanov, Göyçay RİH başçısı Mehdi Səlimzadə, tarixçi tədqiqatçılar, rayon ziyalıları tərəfindən kitab haqqında qiymətli fikirlər səsləndirilmiş, döyüşlər haqqında əlavə məlumatlar söylənilmişdir.

Görüşdəki maraqlı məruzələri və çıxışları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan Göyçay döyüşlərinin təhlili, eyni zamanda, bu günümüzə xidmət edir. İlk növbədə, bugünkü nəsil bir daha keçmişi ilə daha zəngin görünür. Milli kimliyimiz daha dərindən dərk olunur, gələcəyə ruh yüksəkliyi və ümüdlə baxır, ikincisi, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək təcrübəsi zənginləşir, Vətənin ərazisi qəhrəmanlıq muzeyinə çevrilir.

Göyçay döyüşlərinin 100 illik yubileyi ərəfəsində bir sıra məsələlərin həyata keçirilməsi yerinə düşərdi. Məsələn, ilk növbədə, döyüşlərin bir çox epizodlarında Çanaqqala döyüşlərinin yad edilməsi, Qafqaz İslam Ordusunun formalaşmasında Çanaqqala diviziyasının iştirak etməsini nəzərə alaraq, Çanaqqala – Göyçay şəhərlərinin “qardaşlaşmış şəhərlər” adını alması təşəbbüsünün müvafiq təşkilatlar qarşısında qaldırılması, Türkiyə – Azərbaycan döyüşçülərinin xatirəsini əbədiləşdirmək məqsədilə xüsusi abidə ucaldılması, Göyçay döyüşlərində iştirak edən və qəhrəmanlıq göstərənlərin siyahısının dəqiqləşdirilməsi, Azərbaycanın qəhrəmanlıq tarixini zənginləşdirmək məqsədilə Göyçay qəzasında gedən döyüşlərin xəritəsinin tərtib edilməsi
çox yaxşı olardı.

Deyilənlərin həyata keçirilməsində AMEA Tarix İnstitunun mütəxəssislərinin, Müdafiə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının və Göyçaydan olan iş adamlarının birgə fəaliyyəti məqsədəmüvafiqdir.

Əminik ki, Göyçay döyüşləri kitabı bir çox yazıların, tədqiqatların, ssenarilərin, tarixi romanların yazılmasına, hərb elmi tarixinin zənginləşməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə öz töhfəsini verəcəkdir.

Şövqi Göyçaylı,
coğrafiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında