“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb

“…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur”. Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı “İki sahil” qəzetinin Neftçilər gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, 240 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

“Əsrin müqaviləsi”ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazandığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır”, - söyləyən Prezident İlham Əliyev bu fikri də böyük inam və qətiyyətlə bildirmişdir ki, bu mərasim eyni zamanda onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan bu mühüm saziş Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynadı. Xüsusi buraxılışın ana xəttini təşkil edən bu inkişaf fonunda keçmişə nəzər salmağa bir zərurət duyularaq, “Yeni əsrin müqaviləsi”nə yol açan əsas məqamlara diqqət yönəldilir.

Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə “Neftçilər günü”nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Bu fikir SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə təbrikində də əksini tapıb ki, həmişə olduğu kimi, bu il də peşə bayramını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl “Yeni əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin davamlı inkişafında xüsusi rolunu vurğuladı.

Təbrikdə o da bildirilir ki, Azərbaycan neftçiləri yaxşı bilirlər ki, son illərdə enerji strategiyamızın qazandığı misilsiz uğurlar ulu öndərin möhtəşəm siyasi kursunun zəfər təntənəsidir. Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında”, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncamları yer alıb.

Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin “...Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir” fikirlərinin yer alması da səbəbsiz deyil. Bugünkü uğurlarımız ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərindən sonra TAP, TANAP və “Cənub” qaz dəhlizi layihəsinin icrası Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmasının təsdiqidir.

SOCAR-ın prezidenti R.Abdullayevin “Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir” yazısında qeyd edilir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, maddi rifahında hiss olunur. Mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır”.

Yazıda o da bildirilir ki, SOCAR-ın əməkçiləri möhtərəm Prezidentimizin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər.  Prezidentimiz qarşıdakı illər üçün başlıca hədəflərimizi dəqiq müəyyənləşdirib və çoxminli neftçilər ordusu həmişə olduğu kimi, bundan sonra da göstərilən hədəflərə doğru inam və qətiyyətlə irəliləyəcək, vətənimizin qüdrətinin daha da möhkəmlənməsi naminə yeni-yeni qələbələrə imza atacaqlar.

Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” fikri ilə xüsusi buraxılışa sonluq verilməsi də təsadüfi deyil. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü reallıqlarımızın əsasıdır. Ulu öndər Heydər Əliyevin neft amilindən istifadə edərək iqtisadiyyatımızın inkişafı istiqamətində atdığı önəmli addımlar uzaqgörən siyasətin tərkib hissəsi idi. Bu gün neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu isə öz növbəsində işsizliyin, yoxsulluğun, məşğulluq probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Prezident İlham Əliyevin hər zaman bildirdiyi kimi, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır.

Xüsusi buraxılışda bu məqamlar öz əksini tapmaqla, bu inam da ifadə edilir ki, yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın davamlı, dayanıqlı inkişafı qaçılmazdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında