Ölkəmizdə kino mövsümünə start verildi

Paytaxt və bölgələrdə 242 mədəniyyət müəssisəsində kino nümayişi keçirilir

Milli kinomuza ictimaiyyətin əvvəlki sevgisini qaytarmaq, bu sahənin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıq, kinonun inkişafı və təbliği məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. 

Nazir Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrə əsasən, 15 sentyabrdan ölkəmizdə kino mövsümü başlanıb. Bakıda və ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 242 mədəniyyət müəssisəsi kino mövsümünə hazırdır. Həmçinin, özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seansların ayrılması nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin kino yaradıcılığı və filmlərin təbliği sektorundan verilən məlumata görə, bu ilin sonuna qədər 30 bədii, 60-dan çox sənədli film, o cümlədən milli qəhrəmanlara həsr olunan 15-dən artıq ekran əsərindən ibarət repertuar hazırlanıb. Siyahıya son illərdə ölkəmizdə istehsal olunan cizgi filmləri də daxildir ki, bu filmlər həftədə üç dəfə təqdim ediləcək. Mədəniyyət evləri, Heydər Əliyev mərkəzləri və kino nümayişi üçün əlverişli olan digər məkanlar repertuar seçimində, vaxt təyinində sərbəstdir.

İlk seansdan əvvəl əlamətdar günlə əlaqədar tamaşaçılara qısa məlumat verilməsi nəzərdə tutulur. Film nümayişlərinin xərcləri dövlət tərəfindən qarşılanacaq və ilk seanslara giriş pulsuzdur. Növbəti mərhələdə isə filmlərə baxmaq üçün bilet lazım olacaq. Milli filmlərin nümayişi ilə başlanan kino mövsümünün açılışı mərhələli şəkildə xarici filmləri də əhatə edəcək.

Bölgələrdə filmlərin nümayişi məqsədilə peşəkar kino mütəxəssisləri tərəfindən görüşlər təşkil olunub, təlimatlandırma həyata keçirilib. Bu məqsədlə 30 nəfər üzvdən ibarət monitorinq qrupu yaradılıb. Qrupun üzvləri kino mövsümünün açılışı ilə əlaqədar bölgələrə səfər edəcəklər.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, nazirliyin müvafiq strukturunun göndərdiyi siyahı əsasında “Azərbaycanfilm”də istehsal olunan filmlərlə yanaşı, müxtəlif özəl kinostudiyalarda çəkilən ekran əsərləri də Dövlət Film Fondunda toplanaraq müəssisələrə paylanması üçün aidiyyəti qurumlara təqdim edilib.

Paytaxt sakinlərinin sevimli məkanı olan Nizami Kino Mərkəzi isə kino mövsümünü “Mələyin öpüşü” adlı filmlə açıb. Milli filmlərin pulsuz nümayişinə yer ayıran kino mərkəzi oktyabr və noyabr aylarında görkəmli Azərbaycan sənətkarı, SSRİ Xalq artisti Ağasadıq Gəraybəyli və SSRİ Xalq artisti, müğənni, bəstəkar Müslüm Maqomayevin yubileyləri münasibətilə unudulmaz sənətkarların rol aldığı filmlərin pulsuz nümayişini həyata keçirəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında