Üzeyir sənəti sönməz məşəldir

Bizim   bir sıra  bayramlarımız,  tarixi  günlərimiz  var  ki,  onlar  hər il  xalqımıza  sevinc  dolu  anlar  yaşadır, milli-mənəvi dəyərlərimizə  qayğı ilə  yanaşmaq  hissləri təlqin edir.  Musiqi ilə, mahnı ilə  bağlı bayramların  başqa büsatı  olur. Ulu öndər Heydər Əliyev deyirdi:  “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.”

 Belə  bayram günlərindən birini də  bizə  ümummilli  lider  Heydər Əliyev bəxş etmişdir. Bu,  ulu öndərin  17 sentyabr 1995-ci il tarixli sərəncamı ilə  təsis olunmuş Milli Musiqi  Günüdür. Sentyabrın 18-i   dahi 
Ü. Hacıbəylinin doğum günüdür. Xalqımız bu günü Milli Musiqi Günü kimi qeyd edir.  Həmin  gündən başlayaraq  ölkəmizdə   Üzeyir Hacıbəyli Beynəlxalq  Musiqi  Festivalı  başlanır . Festival  on  gün  davam edəcək.  Bu festival  Prezident İlham Əliyevin 2009-cu ildə  imzaladığı sərəncama əsasən   keçirilir.  Artıq ənənə  halını  almış  bu tədbir  ölkəmizin mədəni həyatında böyük əks-səda doğurub. Festivalın konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəylinin əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı doğma Azərbaycanımızın hüdudlarını aşaraq ona dünya şöhrəti qazandırmışdır. Bu sənət milli və coğrafi sərhədlər tanımır, onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyli  təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

 Azərbaycan, rus və dünya klassik  incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün  təqribən 45 ilini bu işə həsr etmişdir.

İlk Azərbaycan operası “Leyli və Məcnun”un yaradıcısı  Ü.Hacıbəyli  yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaratmışdır. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”  xalq arasında tezliklə geniş şöhrət qazandı və indiyə qədər  də səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bundan sonra o, Azərbaycan operasının şah əsəri olan “Koroğlu”nu yaratdı. Bu dövrdə o, respublikamızda musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq olmuşdur. Ü.Hacıbəyli böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi dünya şöhrəti qazanmışdır.

Həqiqətən, Üzeyir sənəti  sönməz bir məşəldir.  Onun  ad  gününə  həsr olunan  festivalın işığına  dünyanın   məşhur musiqiçiləri,  Üzeyir  sənətinin  pərəstişkarları  toplaşır. Festivala təşrif buyuran xarici qonaqlar Üzeyir Hacıbəyli irsi barədə dolğun məlumat alaraq mədəniyyətimizlə, musiqimizlə daha yaxından tanış olur, öz təəssüratlarını zənginləşdirirlər. Bu isə öz növbəsində Azərbaycan musiqisinin, Üzeyir Hacıbəyli yaradıcılığının dünyada daha geniş tanınması, təbliğ olunması deməkdir.

Ənənəvi olaraq  festival tədbirlərinə sentyabrın
18 – də  Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə start verilir.  Bəstəkarın anım mərasimində Mədəniyyət və Turizm Nazirliyinin   rəhbərləri, Bəstəkarlar İttifaqının üzvləri, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri  iştirak edirlər. Sonra tədbir  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında konsert proqramı ilə davam edir.

Bir məsələni də  qeyd edək ki, Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanın müxtəlif  bölgələri ilə yanaşı, xarici  ölkələrdə də geniş şəkildə qeyd olunur.  Bu festivallarda Kanadadan, Türkiyədən, Almaniyadan, Sinqapurdan, İsraildən, İsveçrədən musiqiçilər iştirak  edirlər.

Bütün bunlar onu göstərir ki, mədəniyyətimizin inkişafına dövlət tərəfindən hər cür  dəstək verilir.  Xüsusilə,   musiqi sənətinin  təbliği  və inkişafına   dövlət qayğısı ildən-ilə artır.  Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi xalqımızın müstəqillik dövründə əldə etdiyi ən böyük  nailiyyətlərdəndir. 

 Bir fakta  diqqət çəkmək istərdik.  2010-cu ildə “Avropanın mədəniyyət paytaxtı” elan edilən İstanbulda beynəlxalq opera festivalının məhz Ü.Hacıbəylinin “Koroğlu” operası ilə yekunlaşması Üzeyir  sənətinə verilən  yüksək qiymətin nəticəsi kimi  səciyyələndirilməlidir.  Əgər Avropa miqyaslı tədbir Ü.Hacıbəylinin operası ilə yekunlaşırsa, deməli, Avropa artıq bu musiqini öz musiqisi kimi qəbul edir və bununla fəxr edir.

Bəli, Üzeyir bəy Avropanın bəstəkarlıq texnikası ilə Şərqin qədim muğam sənətinin sintezinə nail olan ilk sənət korifeyidir.

Bu  günlər  ölkəmizdə  Üzeyir  sənətinin   bayramına  böyük  ruh  yüksəkliyi ilə hazırlıq işləri görülür. Heç  şübhəsiz ki,  Azərbaycan  xalqı neçə-neçə illər  Üzeyir  musiqisinin  işığına toplaşacaq,  böyük bəstəkarın  xatirəsini hörmət və məhəbbətlə yad  edəcək.

Nazim KAZIMOV,
Əməkdar incəsənət xadimi, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında