“Məmməd Nəsirbəyov-120” Yeni nəşrlər

 

Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan MR Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor, bəstəkar Tofiq Bakıxanovun və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin birgə yazdıqları tədqiqat əsəri – “Məmməd Nəsirbəyov – 120” kitabı çapdan çıxmışdır.

Yeni nəşrdə  ömrünü musiqiyə həsr edən, bu sahədə dəyərli xidmətləri olan görkəmli bəstəkar Məmməd Nəsirbəyovun həyat və yaradıcılığından bəhs olunur. Kitabı oxuduqca bəstəkarın Moskva, Bakı konservatoriyalarında təhsil illəri, görkəmli müəllimlərdən bəstəkarlıq, orkestrləşmə, harmoniya, “Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə şəxsən dahi Üzeyir Hacıbəylidən dərs alması kimi faktlar Məmməd Nəsirbəyovun yaradıcılığı haqqında yüksək təsəvvür  yaradır.

Ulu Azərbaycan  torpağının yetirdiyi şəxsiyyətlərdən biri – Məmməd Həsən oğlu Nəsirbəyov Naxçıvanın ilk peşəkar bəstəkarı, musiqişünası, vokal ifaçısıdır. O, dahi Üzeyir bəyin tələbəsi, silahdaşı, onunla birgə musiqi mədəniyyətimizi inkişaf etdirən görkəmli elm və incəsənət xadimidir.

Kitaba Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə “Ön söz” yazmışdır. “ Əlincə qeyrətli  Nəqşi-cahan yurdu”, “Bazar çayının laylası”, “Üzeyir bəyin xeyir-duası”, “Unutmayaq ki, unudulmayaq”, “Yaddaşlarda həkk olunan izlər, xatirələr”, “Ömrün anları” bölmələrində bəstəkar Məmməd Nəsirbəyovun  Naxçıvan şəhərində müəllim  Mirzə Həsən Nəsirbəyovun ailəsində dünyaya göz açması, Bazar çayının həzin səsinin gecələr ona layla çalması, Məmmədin təhsil aldığı məktəbin xor kollektivində iştirakı, gözəl səsi ilə solo ifaçısı kimi çıxış etməsi, 1911-1912- ci illərdə  görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun həyat yoldaşı Böyükxanım və körpəsi Niyazi (dünya şöhrətli görkəmli dirijor və bəstəkar Niyazi) ilə Naxçıvana  gəlişi, bu şəhərdə  bir ilədək yaşayıb-yaratması,  Naxçıvan teatrında  musiqili komediyaların tamaşaya qoyulması, Şərq musiqisindən ibarət müsamirələr təşkil etməsi gənc ifaçıların, o cümlədən Məmməd Nəsirbəyovun  yaradıcılığına  yeni rəng vermişdir. Musiqiyə və teatr sənətinə böyük həvəsi olan Məmməd musiqili komediyalardan fraqmentlər öyrənir, lirik tenor səsinin bütün imkanlarından  istifadə edirdi.Məmmədin böyük musiqi aləminə gəlişi Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun operalarından başlayır. 1914-cü ildə Nəsirbəyovun ailəsi ilə birlikdə Bakıya köçməsi Məmmədin gələcək həyatına işıq saçır.

Kitabda Məmməd Nəsirbəyovun tar ifaçısı, Opera  Teatrında xor və solist kimi gözəl səsi ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Əsgərin ariyasını ifa etməsi, Radio Komitəsində solist  kimi çalışması, bəstəkarlıq fəaliyyəti  onun zəngin musiqi yaradıcılığına malik olduğunu göstərir.

Məmməd Nəsirbəyovun  bəstəkarlıq yaradıcılığı  isə müxtəlif  janrlarda yaratdığı  iri və kiçik həcmli əsərlərlə zəngindir. Bəstəkarın yaradıcılığında simfonik, kamera, xor musiqisi, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri, mahnı və rəqs ansamblı  üçün süitalar, müxtəlif  alətlər üçün instrumental əsərlər, mahnı və romanslar əsas yer tutur.

Kitabda, həmçinin  bəstəkarın əsərləri, onun həyat və yaradıcılığı  haqqında xatirələr və foto-şəkillər əksini tapmışdır. Kitabın redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, rəyçilər Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Jalə Qulamova, Respublika İncəsənət Gimnaziyasının xalq çalğı alətləri şöbəsinin müdiri, dosent Məhərrəm Məmmədov, məsləhətçi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında