Qubadlılılar doğma torpağa qayıdacaqlarına inanırlar

Qubadlı rayonunun işğalından 24 il ötür

Qubadlılılar döyüşkən, qorxu bilməyən insanlardır. Bu yurdun qəhrəman oğulları neçə il düşmənə baş əymədi. Gecəli- gündüzlü sərhəd boyu canlı səngər yaratdılar. Ermənistanın iki rayonu ilə həmsərhəd olan bu torpağın qəhrəman oğulları düşməni əməlli-başlı qorxuya salmışdılar. Onlar vuruşurdular, təslim olmağı heç ağıllarına belə gətirmirdilər. Amma günlərin birində rayon ölkənin siyasi dairələrində gedən aramsız mübarizənin qurbanı oldu.

31 avqust 1993-cü ildə Qubadlı torpağı düşmən əsarəti altına düşdü. Qubadlılılar üçün bu ağrını yaşamaq çox çətin idi. 29 mindən çox əhali məcburi köçkün kimi Azərbaycanın müxtəlif rayonlarına səpələndi.

AXCP hakimiyyətinə inamları yox idi. Ulu öndərin hakimiyyətə gəlişini səbirsizliklə gözləyirdilər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra qubadlılılarda doğma torpağa qayıdacaqlarına böyük inam yarandı. Atəşkəs elan olundu, bir milyon qaçqın və məcburi köçkünlər arasında qubadlılılara da gün-güzəran yaranmağa başladı. Artıq 24 ildir onlar doğma torpaq həsrətindədirlər. Rayonun əhalisi respublikanın 42 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır. Hazırda əhalinin sayı 37 min 222 nəfərdir. Onların 23 min 531 nəfəri Sumqayıt şəhərində yerləşir.

 

Orada nələr qaldı?..

 

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonun iki üzüm emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Burada 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb,
2 uşaq musiqi məktəbi, 180-ə qədər mədəni-maarif müəssisəsi, o cümlədən 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub fəaliyyət göstərib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə, işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisəsi, 650 kilometr avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 kilometr elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binası, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

 

 Tarixi-mədəni abidələr

 

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, Dondarlı kəndində XVIII əsrə aid olan məscid, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, məscid və Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr düşmən tərəfindən dağıdılmışdır.

 

 Qəhrəmanlar unudulmur

 

 Qubadlı rayonundan torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 nəfər şəhidlik zirvəsinə ucalmış, 315 nəfər əlil olmuş, 100 nəfərdən çox itkin düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını almışdır. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə qayğı rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Rayon rəhbərliyinin tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı öyrənilir, həllinə kömək göstərilir.

Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən aprel döyüşlərində fərqlənən Qubadlıdan olan Şükür Həmidova Milli Qəhraman adı, Mais Bərxudarova isə general-mayor hərbi rütbəsi və Faiq Qasımova igidliyə görə I dərəcəli medal verilmişdir.

 

Zəngin təbii sərvətlər

 

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Qubadlı rayonu Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşir. Ona görə də bu yerlər təbii sərvətlərlə zəngindir. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcuddur. Rayonda nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu.

Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı əqiq daşları və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir. Bərgüşad və Həkəri çaylarındakı farel balıqların nəsli kəsilmək üzrədir.

 

 Məcburi köçkünlər dövlət qayğısından razılıq edirlər

 

Qubadlı rayonunun idarə, müəssisə, təşkilatları, əsasən, Bakı və Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində yerləşir.

 Sumqayıt şəhərində müvəqqəti məskunlaşan Qubadlı Rayon İcra Hakimiyyətinin yeni tikilmiş üçmərtəbəli inzibati binasında 200 nəfərlik iclas zalı, 40 nəfərlik müşavirə zalı, rayon Tarix Diyarşünaslıq Muzeyi yerləşir. Rayon icra hakimiyyətinin ərazisində yerləşən 2 mərtəbəli inzibati bina əsaslı təmir edilmiş, rayonun 24 inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və rayon Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları Cəmiyyətinin istifadəsinə verilmiş və həyəti abadlaşdırılmışdır. Yeni inzibatı binanın qarşısında müasir tipli park salınmış, böyük fontan quraşdırılmış və müxtəlif növ ağac və güllər əkilmişdir.

 İcra hakimiyyətinin köhnə inzibati binası əsaslı təmir edilmiş, həyətin abadlaşdırılaraq rayonun maliyyə idarəsinin, təhsil söbəsinin, “Bərgüşad” qəzetinin, rayonun 4 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və YAP Qubadlı rayon təşkilatının istifadəsinə verilmişdir.

Son illərdə rayon üzrə 3624 (o cümlədən, 2017-cı il ərzində 131) yeni iş yeri açılmış, 1612 sahibkarlıq subyekti yaradılmışdır. Rayonda 950 nəfər vergi ödəyicisi fəaliyyət göstərir.

Məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Qubadlı rayonundan olan 250-dən çox məcburi köçkün ailəsinə dövlət tərəfindən fərdi ev verilmişdir.

Sumqayıt şəhəri 26 -cı məhəllədə yerləşən “Şəfa” sanatoriyası ərazisində 800 nəfərlik mərasim evi, 12-ci mikrorayon ərazisində 100 nəfərlik, 47-ci məhəllə ərazisində 150 nəfərlik mərasim evləri tikilmiş, zəruri avadanlıqlarla təmin edilərək, məcburi köçkünlərin istifadəsinə verilmişdir.

 Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov digər rəhbər işçilərlə birgə şəhid ailələrinə, imkansız və aztəminatlı ailələrə mütəmadi olaraq baş çəkir, onlara lazımi yardım edilməsi təmin olunur.

 Rayonda müasir dövrün tələbləri səviyyəsində 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hazırda rayon ümumtəhsil məktəblərində 975 nəfər müəllim 8847 nəfər şagirdin təlim tərbiyəsi ilə məşğul olur. Son illər ərzində 21 məktəb binası yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Xanlıq kənd ümumi orta məktəbi üçün ikimərtəbəli 96 şagird yerlik yeni binanın inşası başa çatdırılmış, yeni dərs ilində açılışı gözlənilir.

Prezidentin ölkə təhsilinə diqqət və qayğısı bu gün Qubadlı rayonunun təhsildə qazandığı uğurlarda özünü göstərir. Belə ki, son illər ərzində 1700 nəfərdən çox məzun yüksək bal toplayaraq, respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Səkkiz nıəfər müəllim Əməkdar müəllim adı, 7 nəfər müəllim isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Rayon Mərkəzi Xəstəxanasının poliklinikası müasir səviyyədə tikilərək bütün zəruri avadanlıqlarla təmin edilmişdir. Xəstəxananın poliklinika şöbəsi 3 tibb müəssisəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirir.

Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Rayon rəhbərliyinin diqqət və qayğısı nəticəsində idmançılar üçün əlverişli şərait yaradılmışdır. Müstəqillik dövründə idmanın müxtəlif növləri üzrə rayonun 25-dən artıq idmançısı dünya və Avropa çempionatlarının, 100-dən artıq idmançı isə respublika birinciliklərinin və turnirlərin qalibi olmuşdur.

 Mehriban xanım Əliyevanın Birinci vitse- prezident seçilməsi və ilk müşavirəsini məcburi köçkünlərlə bağlı keçirməsi bütün məcburi köçkünlər kimi, Qubadlı rayon sakinləri tərəfindən yüksək rəğbətlə qarşılandı. Bu ilin may ayında paytaxtın Qaradağ rayonunda Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Xəzər və Xətai rayonlarında yarımçıq tikilmiş binalarda məskunlaşan 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş mənzillərə köçürülmüşdür.

 Bu il may ayının 31-də Prezident İlham Əiliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçilik Donanmasının “Qubadlı” adlı yeni təchizat gəmisinin istismara verilməsini rayon sakinləri böyük sevinc hissi ilə qarşıladı.

Qubadlılılar Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir, tezliklə doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər.

 M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında