Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə olduğu kimi, mədəni həyatımızın zənginləşməsinə də geniş imkanlar yaratmışdır. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi mədəniyyət siyasəti bu gün mədəniyyətimizin hamisi Prezident İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməkdədir. Ölkə rəhbəri hakimiyyətə gəldiyi ilk vaxtlardan milli mədəniyyətimizin inkişafı, təbliği və dünyaya inteqrasiyasına dövlət dəstəyi gücləndirilmiş, mədəniyyət və incəsənətin əsas sahələrinin inkişafı ilə bağlı dövlət proqramları böyük uğurla həyata keçirilmiş və bu gün də mədəni həyatımız zənginləşməkdə davam edir.
Mədəniyyət sahəsində fəaliyyət göstərdiyimə görə Prezidentimizin diqqət və qayğısının bu sahədə fəaliyyət göstərən insanlar tərəfindən necə məmnunluqla qarşılandığının şahidiyəm. Mədəniyyətin inkişafı, bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqlarının artırılması, yaradıcı insanlara fəxri adların verilməsi ilə bağlı cənab Prezident indiyədək 600-dən çox sərəncam imzalamışdır. Mədəniyyət işçiləri Prezident təqaüdü alır, mükafatlara layiq görülür, mənzillə təmin olunurlar.
“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın qəbul edilməsi mədəniyyət sahəsində uğurlu inkişafa və nailiyyətlərə zəmin yaratmışdır. Son illər həyata keçirilmiş böyük investisiya proqramları çərçivəsində paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, kitabxanalar, tarix-diyarşünaslıq muzeyləri, musiqi və incəsənət məktəbləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş və onlar müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Mədəniyyət müəssisələri yenidən qurulmuş, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpası, incəsənətin müxtəlif növlərinin dünyaya inteqrasiyası sahəsində əsaslı nailiyyətlər qazanılmışdır. Prezident İlham Əliyevin sərəncamları ilə mədəniyyətin bütün sahəri üzrə qəbul olunmuş dövlət proqramları uğurla icra olunaraq bu sahənin inkişafına güclü stimul yaratmışdır.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamı bütövlükdə, mədəniyyət sahəsinin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi sahəsində əsaslı islahatların aparılmasına, mövsud imkanlardan və potensialdan daha səmərəli istifadəyə gözəl şərait yaratmışdır.
Elə bu yaxınlarda ölkə Prezidentinin “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı mədəniyyətə dövlət qayğısının yeni nümunəsidir. Sərəncamda deyilir: “Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.”
Sərəncamda qeyd olunduğu kimi, bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş, ölkəmiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilmişdir. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri – Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi
Siyahısına daxil edilmişdir.
Mədəniyyətimizə dövlət dəstəyinin güclənməsi milli-mənəvi dəyərlərimizin etibarlı mühafizəsinə və beynəlxalq miqyasda təbliğinə də əhəmiyyətli şərait yaratmışdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində tez-tez iştirak edirəm. Qürurverici haldır ki, bu ölkələrdə Azərbaycan mədəniyyətinə, mənəvi dəyərlərimizə maraq sürətlə artmaqdadır. Bu da onun əlamətidir ki, bizim mədəniyyətimiz bəşəri ideyalardan qaynaqlanır.
Həqiqətən, Azərbaycanın mədəni həyatında bu gün güclü canlanma var. Milli mədəniyyətimiz, sözün həqiqi mənasında, beynəlxalq aləmdə tanınır və sevilir. Bu inkişafda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğulamalıyıq. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək, müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır. Həmçinin Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan layihələrə çevrilmişdir.
Mən tez-tez xarici ölkələrdə beynəlxalq kitab sərgi-yarmarkalarında oluram və burada Heydər Əliyev Fondunun nəşr etdiyi kitablara sərgi iştirakçılarının marağının və heyranlığının şahidi oluram. Bu kitablar həm qeyri-adi bədii tərtibata malik olduğuna, həm də Azərbaycan mədəniyyətinin zənginliyini və inkişaf səviyyəsini nümayiş etdirdiyindən sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Bu nəşrlərin hər birində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəsti-xətti, mədəni dəyərlərimizə və mənəvi sərvətlərimizə qayğısı və böyük sevgisi, onların beynəlxalq aləmdə təbliğinə böyük diqqəti aydın hiss olunur və dərk edilir.
Son illər çalışdığım kitabxana işi sahəsinə də dövlətimiz xüsusi qayğı və diqqət göstərir. Bu sahədə Prezident İlham Əliyev tərəfindən 2008-ci il oktyabrın 6-da imzalanan "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" Azərbaycan kitabxana işi tarixində öz məzmunu, əhatə dairəsi, konkretliyi, kitabxana işinin məqsəd və vəzifələrini dürüst əks etdirən mükəmməl bir sənəd idi. Burada kitabxanaların ümumaçıq olmasını, inkişaf istiqaməti, maddi-texniki bazanın möhkəmlənməsi, kitabxana xidmətinin planauyğun elmi əsaslar üzərində qurulması, dövlət tərəfindən maliyyələşdirilməsi məsələləri öz əksini tapmışdır. Bu proqramın həyata keçirilməsi ilə ölkənin kitabxana- informasiya şəbəkəsi əsaslı şəkildə yenilənmiş, kitabxanaların informasiya texnologiyalarından istifadə etməsinə geniş imkanlar yaradılmış, elektron kataloqlar, elektron kitabxanalar yaradılmışdır. Azərbaycan Milli Kitabxanasının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, oxucuların kitabxanaya yazılışı, kitabların sifarişi və oxuculara verilişi də daxil olmaqla, bütün xidmət prosesləri tam avtomatlaşdırılmış, virtual kitab sifarişi, virtual biblioqrafik xidmət, virtual metodik xidmət, lokal internet şəbəkəsi və ondan istifadə zalları yaradılmışdır.
2013-cü ildə Prezidentin imzaladığı “Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi barədə” sərəncamına uyğun olaraq Milli Kitabxana dünyanın ən müasir tələblər səviyyəsində oxuculara xidməti həyata keçirən kitabxanaları səviyyəsinə qaldırılmışdır. 2013-cü ildə Milli Kitabxananın 90 illik yubileyi mərasimində iştirak etmək üçün Bakıya gələn dünyanın 60-a yaxın ölkəsinin milli kitabxana direktorlarının Prezident tərəfindən qəbul olunması, Milli Kitabxananın yubileyinin keçirilməsi barədə xüsusi sərəncam imzalaması, kitabxanamızın 17 nəfər əməkdaşının orden və medallarla, fəxri adlarla təltif olunması barədə sərəncamlar verməsi milli sərvətlərimizin etibarlı saxlanc yeri, mənəviyyat və elm məbədi olan Milli Kitabxanamıza böyük qayğının və diqqətin bariz nümunəsidir. Bu gün kitabxanamız dünyanın ən iri və zəngin milli kitabxanaları ilə səmərəli əməkdaşlıq edir, Beynəlxalq kitab mübadiləsi sahəsində ölkəmizin zəngin təcrübəsi vardır.
Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət siyasətinin həyata keçirilməsində əhəmiyyətli layihələr reallaşdırır. Cənab nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr milli-mənəvi sərvətlərimizin mühafizəsinə, mədəniyyət sahəsinin idarəetmə strukturunun təkmilləşdirilməsinə, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, mədəni xidmətlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ünvanlanmışdır. Bu gün tam əminliklə deyə bilərik ki, ölkə Prezidentinin mədəniyyətin inkişafı ilə bağlı son sərəncamı bu sahənin inkişafına güclü stimul yaradacaq, onun maddi-texniki bazası daha da möhkəmlənəcək, Azərbaycanımız sivil ölkələr srasında özünə layiqli yer tutacaq.
Kərim TAHİROV,
M.F. Axundzadə adına Milli Kitabxananın direktoru,
Əməkdar mədəniyyət işçisi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.