Əsrin yaşıdı, saysız-hesabsız yüksək elmi dəyərli böyük yazıların və bitkin monoqrafiyaların müəllifi olan tarixçi alim, gözəl şərqşünas, istedadlı rəssam, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, elmlər doktoru, professor Sara xanım Aşurbəylinin şərəfli adı Azərbaycanda və onun hüdudlarından xeyli uzaqlarda elm aləminə yaxşı tanışdır.
Bir əsrə yaxın acılı-şirinli həyat yaşamış tanınmış alim bəşər tarixinin ən mürəkkəb və çətin dövrlərindən olan iyirminci əsrin bütün ictimai-siyasi hadisələrinin şahidi, bəzən isə iştirakçısı olmaqla özü də canlı bir tarixə, tarixi səlnaməyə çevrilmişdi. Əsrimizin bütün inqilab və çevrilişləri, milyonlarla insanın həlak olduğu iki cahan müharibəsi, özlərini ölməz hesab edən və dünyada ağalıq etmək xülyası ilə yaşayan neçə-neçə təkəbbürlü və riyakar hökmdarın törətdiyi hadisələr Sara xanımın gözləri qarşısında baş vermişdir.
Eyni zamanda o, insanlara ümid, işıq və sevinc bəxş edən, onlara yüksək mənəvi dəyərlər aşılayan ölməz dahilərin – Mirzə Cəlil və Mixail Bulqakov, Hüseyn Cavid və Bertolt Brext, Cəfər Cabbarlı və Boris Posternak, Üzeyir Hacıbəyli və Sergey Raxmaninov, Mikayıl Müşfiq və Qarsiya Lorka, Rəsul Rza və Nazim Hikmət, Qara Qarayev və Dmitri Şostakoviç, Səttar Bəhlulzadə və Pablo Pikasso, Yusif Məmmədəliyev və Albert Eynşteyn kimi əbədiyaşarların müasiri olmuşdur. Onlarla bir vaxtda yaşayıb-yaratmışdı.
Sara Aşurbəyli az adama nəsib olan və ilk baxışda çoxlarının qibtə edəcəyi uzun bir həyat yaşamışdı. Lakin az adama məlumdur ki, bu uzun həyat yolunda Sara xanıma sevincdən çox qəm-kədər, əzab və əziyyət nəsib olmuş, tale rüzgarı bu zərif və məsum qadının iradə və dəyanətini, həyat və yaşamaq eşqini sınaqlara çəkərək, onu minbir ağır imtahandan keçirmişdi. Sara xanım ömrünün böyük bir hissəsini “xalq düşməninin, milyonçunun qızı” damğası və tənələri ilə yaşamışdır. Bugün biz qürur hissi ilə deyə bilərik ki, bu zəif, məsum, böyük ləyaqətli və aslan ürəkli qadın bütün ağır sınaqlardan üzüağ çıxmış, qara qüvvələrə üstün gələrək, nəsillərə nümunə ola biləcək əsl insan şərəfini qoruyub saxlaya bilmişdi.
Sara xanım Aşurbəylinin ömür kitabını vərəqləyək.
Sara xanım Bakının çox nüfuzlu və ləyaqətli nəsillərindən sayılan Aşurbəyovlar nəslinə mənsub olmuşdur. Qədim köklərə malik olan bu nəsil öz xeyirxah və nəcib əməlləri ilə Bakıda və ondan çox-çox uzaqlarda böyük xeyriyyəçi kimi tanınmışdı. Bakıda Təzəpir və Göy məscidlərin ucaldılması, Sabunçuda yoxsullar üçün ilk xəstəxananın tikilməsi, Mərdəkanın qayalıq və qumsallıqlarında geniş bağların salınması və digər çoxsaylı xeyirli işlər bilavasitə bu nəslin adı ilə bağlı olmuşdur.
Sara xanım dünyaya 1906-cı ildə varlı və eyni zamanda, çox kübar və əsl ziyalı ailəsində göz açmışdı. Atası məşhur neft sahibkarı, milyonçu və eyni zamanda, böyük xeyriyyəçi Balabəy Aşurbəyli öz uşaqlarının, o cümlədən balaca Saranın təlim-tərbiyəsinə, savadlı və hərtərəfli yetişmələrinə pul əsirgəməmiş, onların zəngin mədəni bir mühitdə böyümələrinə çalışmışdır. Təsadüfi deyil ki, Sara xanım hələ uşaq ikən şərq, eləcə də rus, alman və fransız dillərini mükəmməl öyrənmiş, rəssamlığa, musiqiyə böyük maraq göstərmiş, Şərq və Avropa mədəniyyətləri ilə yaxından tanış olmuşdu. Lakin Aşurbəyovlar ailəsində işıqla, sevinclə dolu varlı zadəgan həyatı uzun çəkməmişdi.
Tezliklə Rusyada başlanan və inqilab adlanan çevrilişlər burulğanı od püskürən dəhşətli nəfəsi ilə bu qayğısız ailənin xoş və gözəl arzularını, işıqlı ümidlərini külə çevirərək yoxa çıxarmışdı. Aşurbəylilər ailəsi ölüm, aclıq, səfalət gətirən inqilab kabusundan yaxa qurtarmaq üçün doğma Bakını tərk etməyə məcbur olmuş, bir müddət Türkiyədə məskən salmışdı. Elmə, biliyə can atan Sara xanım burada Fransanın milli qəhrəmanı Janna de Arkın adını daşıyan fransız kollecinə daxil olmuş, orada oxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Aşurbəylilər ailəsi bütün var-dövlətlərindən, qızıl gətirən neft mədənlərindən, gözəl xanimanlarından məhrum olsalar da, doğma torpağa sonsuz məhəbbət hissi 1925-ci ildə onları yenidən Bakıya qaytarmışdı. Firavan kübar həyat tərzinə öyrəşmiş böyük ailə ikiotaqlı kiçik mənzildə qərar tutmağa məcbur olmuşdu.
Ağır məhrumiyyətlərə sinə gərən Sara xanım tezliklə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdu. Universitetdə təhsil alarkən Sara xanım ərəb və fars dillərinə yiyələnmiş, Şərq ölkələrinin tarixini dərindən öyrənmişdi. 1930-cu ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Sara xanım elmi tədqiqatlara böyük maraq göstərərək Azərbaycanın və Şərq tarixinin problemləri üzərində axtarışlara başlamışdı. Təəssüf ki, həyatındakı bu qısa müddətli əmin-amanlıq çox keçmədən mövcud quruluşun əsassız təqibləri və dəhşətli zorakılığı ilə əvəz olunmuşdu. Atası Balabəy Aşurbəyli tezliklə “xalq düşməni” adı ilə həbs olunmuş və güllələnmiş, anası İsmət xanım ömrü boyu nəzarət altında saxlanılmış, Sara xanım, bacıları və yeganə qardaşı isə “xalq düşməninin övladları” kimi sevimli işlərindən uzaqlaşdırılmışdılar. Hətta təzə ailə həyatı qurmuş Sara xanımın həyat yoldaşı Mövsüm Salamov Sibirə sürgün olunmuşdu.
Bundan sonra Sara xanım uzun müddət mənəvi və fiziki sarsıntılara məruz qalmışdı. Bununla belə bu dəhşətli və acı aylar, illər də mətin Sara xanımın yaşamaq, yaratmaq əzmini qıra bilməmişdi. Avropa dillərini, xüsusən fransız dilini mükəmməl bilməsi bu çətin illərdə keçmiş milyonçu qızına dayaq olmuş, ona çörək pulu qazanmağa imkan yaratmışdı. Fransız dili müəlliminə ehtiyac duyulduğundan Sara xanım güzəştlə Azərbaycan Pedaqoji İnstitutuna müəllim qəbul olunmuşdu. Burada dərs deyərkən Sara xanım eyni vaxtda xarici dillər fakültəsini bitirmiş, Avropa dilləri üzrə yüksək mütəxəssis ixtisasına yiyələnmişdi. Bundan sonra Sara xanım 20 ildən artıq bir müddətdə respublikanın müxtəlif ali məktəblərində, Elmlər Akademiyasının aspirantura bölməsində gənclərimizə alman, ingilis və fransız dillərini öyrətmişdi.
Yüksək intellektual səviyyəyə malik olan, dünya mədəniyyətinə və incəsənətinə böyük maraq göstərən Sara xanım dəhşətli 30-cu illərin sonlarında peşəkar rəssam olmaq arzusu ilə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1941-ci ildə onu uğurla başa vurmuşdu.
Qanlı-qadalı müharibə illərində Sara xanım Azərbaycan Dövlət Dram Teatrında rəssam işləyərək, Azərbaycan və dünya klassiklərinin bir sıra əsərlərinə səhnə tərtibatı vermişdi. Sara xanımın rəssamlıq sahəsindəki fərdi yaradıcılığında uğurlar böyük olmuşdu. Onun çəkdiyi rəsm əsərləri əsl sənət nümunələri kimi diqqəti cəlb etmiş, muzeylərimizin incilərinə çevrilmişdi. Məlumdur ki, Sara xanımın gözəl rəsmlərindən biri – “Göy-göl” mənzərəsi hal-hazırda uzaq Meksikanın muzeylərindən birini bəzəyir, onun ən qiymətli eksponatlarından hesab olunur.
Sara xanım tarix elminə, onun qədim dövlərinə və zəngin mədəni irsinə hələ gənc yaşlarından böyük maraq göstərsə də, onun tarixçi-alim kimi əsas yaradıcılıq fəaliyyəti İkinci cahan müharibəsindən sonra başlanmışdı. Azərbaycan və qonşu ölkələrin orta əsrlər tarixi onun axtarışlarının əsas xəttini təşkil etmişdi. Artıq 1949-cu ildə Sara xanım SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsində Bakı şəhərinin orta əsrlər tarixinə aid namizədlik dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etmişdi. Çoxsaylı nadir maddi mədəniyyət abidələri-arxeoloji tapıntılar qiymətli tədqiqatın əsas mənbələrindən olmuşdu.
Bundan sonra Sara xanım bir müddət Azərbaycan Tarixi Muzeyində Orta əsrlər şöbəsinə rəhbərlik etmiş, 1956-1961-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi katib və baş elmi işçi vəzifələrində çalışmışdı. Həmin illərdə Sara xanım Azərbaycanın orta əsrlər tarixi və mədəniyyəti, iqtisadi və mədəni əlaqələrinə aid onlarca elmi məqalə yazmış, dəfələrlə respublika, Ümumittifaq və beynəlxalq simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış etmişdi.
Sara xanımın çoxşaxəli elmi yaradıcılığında arxeoloji dəlillər və araşdırmalar heç də az yer tutmamışdı. O, respublikada aparılan arxeoloji axtarışları həmişə böyük maraqla izləmiş, onların nəticələrindən səmərəli istifadə etmişdi. Şirvanşahlar tarixinə xüsusi maraq göstərən alim Şamaxı və Bakıda aparılan arxeoloji işləri xüsusi diqqətdə saxlayaraq, qazıntılar zamanı əldə edilən maddi mədəniyyət nümunələrindən bütün elmi araşdırmalarında bacarıqla istifadə etmişdi.
Öz gələcək yaradıcılıq taleyini respublika Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlayan zəhmətkeş alim 50 ilə yaxın bir vaxt ərzində bu mötəbər elm ocağında çalışmış, ciddi axtarışlar aparmışdı. Sevimli mövzusuna sadiq qalan yorulmaz tədqiqatçı qədim Bakının tarixi haqqında axtarışlarını dərinləşdirərək, 1965-ci ildə Tbilisi şəhərində yüksək səviyyədə doktorluq dissertasiyasını müdafiə etmiş, özünü bir daha geniş dünyagörüşlü, bacarıqlı və ən çətin tarixi problemləri həll etməyə qabil olan istedadlı tarixçi kimi tanıtmışdı.
Görkəmli alimin hələ 1964-cü ildə çap etdirdiyi irihəcmli “Orta əsr Bakı şəhərinin tarixi oçerki” əsəri dünyanın bir çox tarixçi-alimlərinin diqqətini özünə cəlb etmiş, onlar tərəfindən yüksək qiymətləndirilmişdi. Bu əsər müxtəlif dillərdə olan geniş mənbələr əsasında yazıldığından Sara xanımın fitri istedadını bir daha nümayiş etdirmiş, onun şöhrətini çox-çox uzaqlara yaymışdı. Əsərə Moskva, Leninqrad, Bakı, Tbilisi, Yerevan, Praqa, Paris, London və digər şəhərlərdən onlarca müsbət rəylər yazılmışdı.
İşgüzar alimin elmi yaradıcılığında 80-ci illər daha səmərəli və məhsuldar olmuşdu. 1983-cü ildə Sara xanım elmi ictimaiyyəti və geniş oxucu kütləsini özünün ikinci böyük əsəri – “Şirvanşahlar dövləti VI-XVI əsrlərdə” monoqrafiyası ilə sevindirmişdi. Yüksək elmi dəyərli bu əsərə görə Sara xanım Respublika Dövlət Mükafatı laureatı adına layiq görülmüşdü. Eyni zamanda, ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi kimi yüksək fəxri ad da verilmişdi.
Sonu görünməyən yaradıcılıq yollarında tükənməz qüvvə və böyük əzmkarlıqla addımlayan görkəmli alim 1990-cı ildə çoxsaylı pərəstişkarlarına yeni bir əsər – “Orta əsrlərdə Azərbaycanın Hindistan ilə iqtisadi və mədəni əlaqələri” adlı kitabını bəxş etmiş, Azərbaycan tarixşünaslığını yeni bir qiymətli inci ilə zənginləşdirmişdi. 1992-ci ildə isə onun əldən-ələ gəzən böyük şöhrətli “Bakı şəhərinin tarixi” adlı kitabı təkmilləşdirilmiş şəkildə yenidən nəşr olunmuşdu. Qeyd olunan illərdə Sara xanım həm də çoxcildli Azərbaycan tarixinin orta əsrlərə aid bölmələrini yazıb qurtarmış, “XVI-XVIII əsrlərdə Şirvanın şəhərləri” mövzusu üzrə tədqiqat işləri aparmış, onu uğurla başa çatdıraraq çapa vermişdi.
1996-cı il yanvar ayında respublikada görkəmli tarixçi alim Sara xanım Aşurbəylinin anadan olmasınını 90 illiyi və elmi yaradıcılığının 75 illiyi ilə əlaqədar geniş tədbirlər keçirilmişdi. Diqqətəlayiq haldır ki, yanvar ayının 27-də alimin Akademik Opera və Balet Teatrında keçirilən təntənəli yubiley gecəsində Azərbaycan Respublkasının Prezidenti ulu öndər Heydər Əliyev də iştirak etmiş, tanınmış alimin fədakar əməyini yüksək qiymətləndirərək, ona Vətənin yüksək mükafatını – Şöhrət ordenini təqdim etmişdi.
Yadımdadır, 1996-cı ilin fevral ayının 3-də Xəzər Universitetində Sara xanım Aşurbəylinin yubiley gecəsi keçirilirdi. O gecədə mən də iştirak edirdim. Çıxış edənlər böyük alimin, mətin insanın şərəfinə gözəl sözlər söyləyir, ona ülvi arzularını bildirirdilər. Gecənin sonunda salonu birdən “Nastalji” mahnısının qəlbləri oxşayan həzin səsi bürüdü. Ecazkar musiqi bir anda Sara xanımın zərif və məsum çöhrəsini işıqlandırdı. Sanki onu qoynuna alıb acı keçmişinin çox az olan işıqlı günlərinə qaytardı. Bayaqdan bəri sakit oturub adına ünvanlanan təmtəraqlı sözləri səbirlə dinləyən Sara xanım gözlənilməz bir çevikliklə ayağa qalxdı və mənə yaxınlaşdı:
– Ay Qüdrət, son vaxtlarda radio və televiziyada tez-tez səsləndirilən bu sehirli musiqini mən çox sevirəm. O, hər dəfə məni sevgi və sevinclə dolu olmuş uşaqlıq illərimə aparır, sanki məni yer üzərindəki keşməkeşli dünyalarını çoxdan dəyişən əzizlərimlə qovuşdurur. Xahiş edirəm, gəl yavaş-yavaş rəqs edək, qoy o, qayıtmaz günlərimi bir də yaşayım. Ancaq məni möhkəm tut ki, yıxılıb rüsvay olmayım.
Özümü saxlaya bilmədim. Gözlərim yaşla doldu. Dünyanın qəm-kədərini uzun illərdən bəri içində boğan, sanki artıq özü də o dünya üçün intizarda olan bu nakam xanımın əllərindən tutdum. Rəqsə başladıq. Onun dalğın baxışlarında sonsuz bir həsrət var idi: Əlli beş yaşında xalq düşməni kimi güllələnmiş atası Balabəy üçün, ağır sürgün iztirablarından qısa ömrünün sonuna kimi özünə gələ bilməyən anası İsmət xanım üçün, sevinc və yaşamaq üçün yaranan, lakin bunlardan məhrum edilən doğma bacıları – Sitarə və Məryəm üçün, “düşmən oğlu” damğasını uzun müddət üstündə gəzdirən, gənc yaşında İkinci cahan savaşında qurban gedən yeganə qardaşı Rəşad bəy üçün böyük həsrət... Əzizləri ilə əbədi qovuşmaq həsrəti...
Sara xanımın məşəqqətlə dolu olan həyat yolu 2001-ci ildə başa çatdı.
Qüdrət İsmayılzadə,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.