Ömrünün 80 ilini sənətdə keçirdi

Ağasadıq Gəraybəyli – 120

Mədəniyyət tariximizdə elə şəxsiyyətlər var ki, onlar artıq xalqımızın milli sərvətinə çevrilmişlər. Belə insanlar xalq tərəfindən sevilir, illər ötsə də unudulmur, əbədiyaşarlıq qazanırlar. Xalq artisti Ağasadıq Gəraybəyli məhz belə simalardandır. Bu il aktryorun anadan olmasının 120 illiyidir. Bu münasibətlə Prezident İlham Əliyev iyulun 12-də xüsusi sərəncam imzalamışdır. Mədəniyyət və Tuirizm Nazirliyinə yubileylə bağlı tədbirlər hazırlanması tapşırılmışdır.

Bu böyük sənətkar haqqında çox danışılıb, yaradıcılığı barədə məqalələr, kitablar yazılıb. Amma nə qədər yazılsa da, hələ xatırlanası, deyiləsi sözlər çoxdur. Bəlkə sənətdə onun qədər uzunömürlü fəaliyyət göstərən ikinci bir aktyor yoxdur. 80 illik yaradıcılıq fəaliyyəti dövründə oynadığı rolları saymaqla qurtaran deyil. Əlbəttə, söhbət onun nə qədər obraz ifa etməsindən getmir. Bu rolların hər biri sevilib, öz ifaçısına əbədiyyət qazandırıb.

Ağasadıq Gəraybəyli uzun və şərəfli bir həyat yolu keçmişdir. O, 1897-ci il martın 15-də Şamaxıda anadan olub. Xatirələrində yazırdı : “ Atamı erkən itirdim. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Burada yaxşı insanların əhatəsinə düşdüm. Əlisəttar adlı bir kişi mənə himayədarlıq etdi. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedirdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görürdüm. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. Onun ilk oxucularından biri də mən olmuşam”.

1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən qardaşı, rejissor Ağayarın köməyi ilə səhnəyə çıxıb. Peşəkar aktyor kimi fəaliyyətə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayıb və 1932-ci ilə kimi bu teatrda çalışıb. Kino sənətinə isə 1920-ci illərdən gəlib. İlk dəfə “Qız qalası” səssiz filmində (Əyan) epizodik obraz oynayıb. Sonra “Hacı Qara”da Əsgər bəy rolunda çəkilib. Cəfər Cabbarlı “Sevil” filmində Balaş rolunu məhz ona həvalə edib. Sonralar aktyor Tənqid və Təbliğ Teatrından Akademik Milli Dram Teatrına keçib. İyirminci ildən aktyor kimi Milli Dram Teatrının yenicə təşkil olunmuş truppasında çalışıb. Akademik teatrda daha çox faciəli rollara üstünlük verirdi.

Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyli ilə də yaxından tanış idi. Aktyor C. Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşərkən Üzeyir bəy ona deyib: “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır”. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazılıb. Bundan sonra onun aktyor kimi fəaliyyəti daha da genişlənib.

Ümumiyyətlə, A.Gəraybəyli 200-dən çox müxtəlif rolda oynayıb. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” tamaşalarındakı qəhrəmanları bu rollar arasında xüsusilə fərqlənib. Xalq şairi Səməd Vurğun yazırdı: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”.

Onun yaradıcılığında səthi rol olmayıb. Aktyor ona tapşırılan hər hansı obrazı ətə-qana gətirə bilib, tamaşaçıya canlı insan səviyyəsində təqdim edib. A.Gərabəyli öz istedadı və zəhməti nəticəsində yaradıcılıq fəaliyyətinin öhdəsindən layiqincə gəlmiş, Azərbaycan səhnəsini bir-birindən maraqlı obrazlar qalereyası ilə zənginləşdirmişdir. O, ifa etdiyi obraz haqqında daim düşünmüş, onu tamaşadan-tamaşaya təkmilləşdirmişdir. Gəraybəyli üçün obrazın fərqi olmamış, hansı rol olursa-olsun, onun ətrafında daim düşünmüş, ifa etdiyi personajı qəlbinin hərarəti ilə isitmişdir.

Bu xüsusiyyətlər aktyorun kino yaradıcılığına da aiddir. Onun ekran qəhrəmanları içərisində “Bəxtiyar” filmindəki Ağabala rolu məxsusi olaraq qeyd edilməlidir. O, öz ifası ilə film içərisində film yaradır. Onun gəlişi ilə fimə cox maraqlı bir ab-hava gəlir. Ağabala komik roldur. Hərəkətindəki ən kiçik detallar belə gülüş yaradır. Həmin filmdə Bəxtiyar rolunun ifaçısı, dünya şöhrətli müğənni Rəşid Behbudov deyirdi: “Bəxtiyar” filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı”.

Aktyor Rüstəm bəy obrazının taleyini – həm keçmişini, həm də mövcud vəziyyətini inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy (“O olmasın, bu olsun” filmi) rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. Bu teatrda son işi “Xurşudbanu Natəvan” pyesi idi. Çox adam bilmirdi ki, o, bu tamaşada səhnəyə çıxanda gözləri görmürdü. Rolunu elə oynamışdı ki, tamaşaçılar bunu hiss etməmişdi. Bu, əsl möcüzə idi.

Sənət tariximizdə unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. 92 il şərəfli ömür yaşayan aktyor 1988-ci ildə Bakıda vəfat etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında