“ Bəstəkar Nəriman Məmmədov”

Yeni nəşrlər

Bu kitab Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçısı, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, musiqişünas, alim-folklorçu, professor Nəriman Məmmədovun həyat və yaradıcılığından bəhs edir. Kitabın müəllifi Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin dekanı, Naxçıvan MR Bəstəkarlar təşkilatının məsul katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovadır.

Naxçıvan Dövlət Universitetinin 50 illik və bəstəkar Nəriman Məmmədovun anadan olmasının 90 illik yubileylərinə həsr olunan monoqrafiyada müxtəlif janrlı iri həcmli iki baletin–”Humay” və “Şeyx Sənan”, 7 simfoniyanın, 7 instrumental konsertin, 3 oratoriyanın, 3 kantatanın, 25-dən çox dram tamaşalarına yazılmış musiqinin, 4 musiqili komediyanın, simfonik poemanın, xalq çalğı alətləri üçün “Simfonietta”nın, süitaların, orqan üçün sonatanın, trionun, kvartetin, 700-ə yaxın mahnı və romansın, “Azərbaycan xalq mahnı və oyun havaları” adlı ikicildlik məcmuənin, muğam məcmuələrinin, bir çox elmi məqalələrin və sairənin müəllifinin yaradıcılığı, eyni zamanda, onun əsas hissəsini təşkil edən mahnıları haqqında geniş məlumat verilir. Kitabda, həmçinin görkəmli sənət adamlarının Nəriman Məmmədov haqqında xatirələri, bəstəkarın ömür səhifələrindən fotolar da toplanmışdır.

“Giriş”, “Bəstəkar Nəriman Məmmədovun yaradıcılıq portreti”, “Bəstəkar Nəriman Məmmədovun mahnı yaradıcılığına nəzər”,”Son soz”, “Nəriman Məmmədov haqqında xatirələr”, “Fotoalbom” bölmələrindən ibarət kitab bəstəkarın yaradıcılığının öyrənilməsində oxucu təsəvvürünü kifayət qədər genişləndirəcək. Bu vəsaitdən ali və orta ixtisas təhsil ocaqlarında müəllim və tələbələr “Azərbaycan bəstəkarlıq məktəbi” və “Azərbaycan musuqi tarixi” fənlərində istifadə edə bilərlər.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan kitabın elmi redaktoru Xalq artisti, “Şöhrət “ ordenli bəstəkar, professor Tofiq Bakıxanov, rəyçilər sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Naxçıvan MR Əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilovdur.

 Nəriman Məmmədov 2015-ci il aprelin 6-da vəfat etmişdir.Lakin onun səhnə əsərləri, populyar mahnıları, kamera- instrumental əsərləri bu gün də ifaçıların repertuarında, radio və televiziyada səslənir, xalqımıza bədii-estetik zövq verir, gənc nəsil bəstəkarların formalaşmasında əhəmiyyətli rol oynayır. İnanırıq ki, xalqın ürəyinə yol tapmış bəstəkarın əbədiyaşar əsərləri daim dinləyicilərin qəlbini oxşayacaq, ürəklərdə incə, həssas duyğular yaradacaq, milli musiqi mədəniyyətimizin dəyərli nümunələri sırasında yer tutacaqdır.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında