“Leyli və Məcnun” operasının ilk tamaşasının sevincini hələ əməlli-başlı dadmamış Hacıbəyov qardaşlarına ağır itki üz verdi. Şuşada diş həkimi işləyən yeznələri Məhəmməd qəflətən dünyasını dəyişdi. Zülfüqar, Üzeyir, Ceyhun və Bakıda yaşayan digər qohum-əqrəba Vətənə yollandılar. Yas mərasimini layiqincə yola verib, geri döndülər...
Lakin dolanışıq cəhətdən gündən-günə vəziyyəti ağırlaşan dul qalmış bacılarının dərdi onları götürmüşdü. Yarı canları uşaqların yanında idi. Qardaşlar başsız qalmış ailəni öz yanlarına gətirməyi məsləhət bildilər. Və nəhayət, 1910-cu ildə Sayad xanımı və onun dörd azyaşlı uşağını – Camalı, Abışı, Seyranı və Məhbubəni Bakıya köçürdülər. Üzeyir bəy bacısının ailəsini himayəyə götürərək öz mənzilində yerləşdirdi. Uşaqları məktəbə qoydu, onlara təkcə dayı kimi yox, həm də bir ata kimi baxmağa başladı...
Həmin vaxtlar Üzeyir bəyin evi daha çox qonaqlı-qaralı olurdu. Aktyorlar, rejissorlar, yazıçılar, şairlər, müəllimlər, xanəndələr, bir sözlə, dövrün məşhur ziyalıları vaxtaşırı gənc bəstəkarın mənzilinə toplaşır, mədəniyyətə, maarifə, teatra, musiqiyə aid məsələləri müzakirə edir, çalıb-çağırır, səhnəyə qoyulacaq növbəti tamaşaları məşq edirdilər. Bütün bunlar da kiçik Məhbubənin və o biri bacı-qardaşlarının gözləri qarşısında baş verir, onlarda incəsənətə olan həvəsi daha da artırırdı.
Eşitdiyi hər bir yeni opera və operetta parçası hələ balacaykən Şuşada musiqi ilə mayalanmış yeddi-səkkiz yaşlı Məhbubənin qəlbində dərin izlər buraxırdı. O, bu müqəddəs məbədgahda – dayısı Üzeyir bəyin evində kimləri görməmişdi. Nəcəf bəy Vəzirovu, Əbdürrəhim bəy Haqverdiyevi, Süleyman Sani Axundovu, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Qurban Pirimovu... Daha kimlər, kimlər Məhbubənin yaddaşına həmişəlik hopmuşdu.
Hələ hərdənbir dayısı da piano arxasına keçir, istedadını görüb-duyduğu bacısı qızını oxutmaqdan xüsusi zövq alır, Məhbubənin gələcək inkişafına parlaq yollar açırdı. Üzeyir bəy yeri gələndə bacısı uşaqlarını səhnəyə də çıxarır, tamaşaların xorunda oxutdurur, onlara kiçik rollar oynamağı tapşırırdı. 1915-ci ildə böyük dayıları Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” operettası bəstəkarın rəhbərliyi ilə tamaşaya qoyulanda uşaqların dördü də səhnəyə çıxdı. Onlar rollarını elə məharətlə ifa etdilər ki, bu da tamaşaya baxan İngiltərənin “Sport-Rekord” qramofon şirkətinin əməkdaşlarının nəzərindən yayınmadı və bu bacı-qardaşların oxuduqları musiqi parçalarını vala yazdılar.
1918-ci ildə şəhər məktəbini bitirən yeniyetmə Məhbubə nəğmə və bədən tərbiyəsi dərslərini demək üçün yeni açılmış və Reyhan xanım Axundovanın müdir olduğu kursda oxudu. 1922-ci ildə buranı bitirdi. Üzeyir bəyin təşəbbüsü və rəhbərliyi ilə milli kadrlar yetişdirmək üçün yaradılmış musiqi texnikumuna daxil oldu. Eyni zamanda, Əbilov adına 38 nömrəli birinci dərəcəli yeddiillik türk şura məktəbində nəğmə dərsi deməyə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk ilində Dövlət Dram Teatrının nəzdində opera teatrı da yaradılmışdı. Həmin dövrdə azərbaycanlı qızların teatr sənətinə həvəs və maraqları daha da artmış, daha doğrusu, onların səhnəyə axını başlamışdı. Məhbubə də bu dəstənin önündə gedən həmyerliləri Əzizə Məmmədova və Sona Hacıyeva ilə birlikdə səhnəyə çıxdı. Əvvəlcə bir sıra epizodik rollarda çıxış elədi, ilk böyük rolu isə Üzeyir bəy Hacıbəyovun “Şah Abbas və Xurşudbanu” operasında Qaraca qız oldu və bu obraz ona böyük uğur qazandırdı. Gənc aktrisaya şöhrət gətirən obrazlardan biri də “Arşın mal alan” musiqili komediyasındakı Gülçöhrə rolu oldu. Sonralar da Məhbubə xanım müxtəlif konsertlərdə Gülçöhrənin lirik ariyalarını böyük uğurla ifa eləyirdi.
Teatrda o, tanınmış səhnə xadimləri Əhməd Bədəlbəyli-Ağdamski, Zülfüqar Sarıyev, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşlarından dəyərli məsləhətlər aldı, onların zəngin səhnə təcrübəsini mənimsədi, tamaşadan-tamaşaya püxtələşdi, özünü bir aktrisa kimi geniş tamaşaçı kütləsinə tanıtdı, pərəstişkarlarına sevdirdi.
Təbiətin bəxş elədiyi gözəl və məlahətli səsi olan Məhbubə xanım konsertlərdə, opera tamaşalarında müntəzəm çıxışlar elədi, müxtəlif obrazlar yaratdı. Lakin onun ən böyük arzularından biri də səhnədə özünü Leyli rolunda görmək idi.
“Leyli və Məcnun”a dəfələrlə baxan istedadlı aktrisa özünü həmişə Leyli rolunda təsəvvür edirdi. O, lirik səpkili bu rolun ifasının nə qədər çətin, nə qədər məsuliyyətli olduğunu yaxşı başa düşürdü. Fikirləşirdi ki, Leylini oynamağı ona təklif eləsələr, görəsən, bu obrazı yarada bilərmi?! Həyata keçməsi o qədər də asan olmayan bu arzu bir gün həqiqətə çevrildi. Səhnədə dəfələrlə bacısı qızının ifa etdiyi rollara baxan, uğurlarını daim izləyən Üzeyir bəy Leyli rolunu oynamağı özü ona təklif elədi.
Bu təklif gənc aktrisanı sanki qanadlandırıb, göylərə qaldırdı. Və o, Leyli rolunu hazırlamağa başladı. Uzun və gərgin məşqlərdən sonra səhnəyə öz Leylisini gətirdi. Hüseynqulu Sarabski ilə tərəf-müqabili oldu. Həzin, lirik səs, çətin zəngulələr tələb edən bu rolun öhdəsindən bacarıqla gəldi, qəhrəmanının düşüncələrini tamaşaçılara yüksək səviyyədə təqdim eləyə bildi. Bununla da, Sona xanım Hacıyevadan sonra Leyli rolunun ikinci əvəzsiz ifaçısı Məhbubə Paşayeva oldu.
Dalbadal göstərilən bu operanın tamaşalarında Leyli rolunda səhnəyə növbəylə gah Sona xanım, gah da Məhbubə xanım çıxırdı. İstedadca bir-birinə bənzər bu gənc aktrisalar yeri gələndə səhnədə əvəzləşir, hər ikisi də rolun öhdəsindən bacarıqla gəlirdi. Teatr tənqidçisi Xəlil İbrahim “Kommunist” qəzetinin 29 dekabr 1924-cü il tarixli 290-cı nömrəsində “Leyli və Məcnun”un tamaşasına aid məqaləsində yazırdı: “Dün gecə məzkur opera bu mövsümdə birinci dəfə tamaşaya qoyuldu. Bu gecə Leyli rolunu ilk dəfə Məhbubə xanım oynayacaq idi. Bir çoxları da onun oynamasından son dərəcə maraqlanaraq məhz onu görmək üçün getmişdi. Fəqət Məhbubə xanım xəstə olduğundan Sona xanım ilə əvəz edildi.”
İstedadlı bir aktrisa kimi tanınan Məhbubə xanım Paşayeva həm də uzun illər Bakıdakı orta məktəblərdə və uşaq bağçalarında musiqi müəllimi işləyib. Vaxtilə birinci dərəcəli türk şura məktəbində oxuyan Ruqiyyə xanım Bağırova-Rzayeva sevimli müəllimini belə xatırlayırdı: “O illərdə Üzeyir bəyin və Müslüm Maqomayevin bir sıra uşaq mahnılarından başqa, məktəb uşaq mahnıları yox idi. Məhbubə xanım bu çətinlikdən çıxmaq üçün Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin və başqalarının uşaq məktəb şeirlərini özü bildiyi melodiyalara salıb, bizə öyrədirdi. Onun öyrətdiyi mahnılar içərisində əmək, zəhmət mahnıları və inqilabi mahnılar əsas yer tuturdu. Məhbubə xanım mahnılara melodiya seçəndə həmişə “Arşın mal alan” operettasına müraciət etməsini bilmirdim...
“Cücələrim”, “Xoruz”, “Durna” mahnılarını “Arşın mal alan” operettasında Asya, Telli və Gülçöhrənin triosu melodiyasında öyrədərdi. İki səslə oxuyurduq. Birinci cərgədə oturanlar birinci səs, o biri cərgədə oturanlar isə ikinci səslə oxuyurdular.
Məhbubə xanımın öyrətdiyi mahnılar içərisində inqilabi mahnılar da vardı. Daha çox bu mahnılara ehtiyac duyulurdu. Biz tez-tez dəstə-dəstə küçəyə çıxardıq. Boynumuzda qırmızı pioner qalstuku, əlimizdə də bayraqlar. Öyrəndiyimiz inqilabi mahnıları gur səslə oxuyardıq.
Məhbubə xanım məktəbin bütün siniflərindən səsi yaxşı olan qızlardan xor təşkil etmişdi. Dərsdənkənar məşqlərimiz də olardı.”
Məhbubə xanım Paşayeva səhnədə Leylidən sonra bir-birinin ardınca yeni-yeni yaddaqalan qadın obrazları yaratdı. “Şah İsmayıl”da Ərəbzəngi, “Aşıq Qərib”də Şahsənəm, “Əsli və Kərəm”də Əsli, “Nərgiz”də Əkbər, “Arşın mal alan”da Gülçöhrə və Asya, “O olmasın, bu olsun” da Gülnaz və başqa rollarda çıxış elədi. Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Şirzad Hüseynov kimi sənətkarlarla tərəf-müqabil oldu. Lakin “Koroğlu”dakı Xanəndə qız rolu onun ən yüksək bədii nailiyyəti hesab olunurdu.
1938-ci ilin əvvəllərində respublikanın bir sıra yaradıcılıq kollektivlərində Azərbaycan incəsənətinin Moskvada keçiriləcək birinci ongünlüyünə böyük və ciddi hazırlıq işləri gedirdi. Məhbubənin solisti olduğu opera teatrı isə daha gərgin işləyirdi, çünki “Koroğlu” paytaxt tamaşaçılarının görüşünə gedəcəkdi. Həmin ilin aprel ayında opera Moskva sənətsevərlərinə uğurla təqdim edildi, onların böyük məhəbbətini qazandı. Məhbubə Paşayeva dördüncü pərdədə Xanəndə qızın mahnısını olduqca gözəl, məlahətli tembrlə ifa elədi, zərif səsi, səhnə mədəniyyəti, özünəməxsus ifaçılıq tərzi ilə paytaxt tamaşaçılarına böyük zövq verdi. Bir sözlə, dekadada Azərbaycan mədəniyyətinin uğur qazanmasında onun da payı oldu.
Ongünlükdən qayıdandan sonra Üzeyir bəy Məhbubəni qazandığı bu uğura görə bir daha təbrik elədi, operanın klavirinin üzərində aşağıdakı sözləri yazaraq bacısı qızına hədiyyə verdi: “Musiqi və opera səhnəsinə olan böyük həvəsə və Moskvada Azərbaycan incəsənəti dekadasında göstərdiyi gözəl hünərə və xanəndəlik istedadına görə opera aktrisası Məhbubə Paşayevaya müəllif tərəfindən hədiyyədir”. Məhbubə xanım bu tarixi hədiyyəni Leyli rolunu dəfələrlə böyük məharətlə ifa etdiyinə görə hələ 1934-cü il mayın 28-də dayısının yazdığı “Yaxşı və gözəl səsli bacım qızı Məhbubəyə müəllif tərəfindən. Üzeyir Hacıbəyov” avtoqrafla birlikdə ömrünün sonuna kimi əziz bir xatirə tək qoruyub saxladı.
Məhbubə xanım Paşayeva yeni-yeni rollar oynadıqca musiqi savadını artırmağa ehtiyac duyduğundan Bakı Orta İxtisas Musiqi Məktəbinə girdi, oranı uğurla başa vurdu. Lakin bu təhsillə kifayətlənməyib, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə daxil oldu. Rudolf Viktoroviç Karvendin sinfində oxudu. Professor Kolotovadan vokal, Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskidən isə muğam dərsi aldı, musiqi təhsilini xeyli təkmilləşdirdi.
Böyük Vətən müharibəsi illərində Məhbubə xanım Paşayeva pedaqoji və səhnə fəaliyyəti ilə yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak edirdi. O, ordu hissələrində, əsgəri xidmətə çağırış məntəqələrində, qospitallarda, opera teatrının bir çox yerlərdə təşkil etdiyi konsertlərdə səhnəyə çıxır, həmişə də səmimi alqışlarla qarşılanırdı.
Üzeyir bəyin vəfatından sonra nədənsə opera səhnəsi ilə birdəfəlik vidalaşan Məhbubə xanım Paşayeva M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında – konsert ifaçılığı sahəsində fəaliyyət göstərməyə başladı. Əvvəlcə xor kapellasında, sonra mahnı və rəqs ansamblında çalışdı. Çox geniş konsert proqramı olan müğənni bir müddət də klassik operalardan ariyalarla yanaşı, Üzeyir Hacıbəyovdan başlamış müasir bəstəkarlarımızın əsərlərini, yüzlərlə xalq mahnısını ifa elədi, öz növbəsində, zəngin təcrübəsini gənc istedadlara öyrətdi. 1953-cü ildən isə təqaüdə çıxana kimi, düz on il Azərbaycan Radio Komitəsi nəzdindəki xor kollektivində işlədi, eyni zamanda Bakı məktəblərində və uşaq bağçalarında nəğmə dərsi dedi.
Məhbubə Paşayevanın musiqi sahəsindəki xidmətləri qismən də olsa, qiymətləndirilmişdi. 1958-ci ildə milli operamızın yarıməsrlik yubileyində belə bir müğənninin – ikinci Leylinin olduğu kiminsə yaddaşını silkələmiş, başqalarına fəxri adlar, dövlət mükafatları veriləndə isə “xala, xətrin qalmasın” deyə, onun könlünü “Əməkdə fərqlənməyə görə” medalı ilə almışdılar, adına bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı yazılmışdı. Amma yox, bu son dərəcə istedadlı və bacarıqlı olduğu qədər də ismətli, abır-həyalı, utancaq qadın şan-şöhrət düşkünü, fəxri ad ölüsü deyildi. Onsuz da əsl qiymətini vaxtilə Üzeyir bəy kimi dahi bir insan, görkəmli səhnə xadimləri, bir də sənətin, sənətkarın qədrini, qiymətini bilən tamaşaçılar vermişdi.
Ümumiyyətlə, fəxri adlar, yüksək titullar onu qətiyyən maraqlandırmırdı. Qırx beş il ömrünü səhnədə “çürüdən” müğənnini yandırıb-yaxan başqa şey idi. Hələ 1947-ci ildə, Üzeyir bəyin sağlığında onun ifasında lentə alınmış “Koroğlu” operasındakı Xanəndə qızın mahnısından başqa, bir dənə də olsun, lent yazısı yox idi. Etinasız, incəsənətə, musiqiyə laqeyd münasibət bəsləyən bəzi səlahiyyət sahibləri müğənninin səsini vaxtında lentə almamışdılar, başqa sözlə desək, o, heç yada da düşmürdü, gözdən-könüldən uzaqda qalmışdı.
Ruqiyyə xanım Bağırova-Rzayeva xatirələrini davam etdirərək deyirdi:
“...Bir gün təsadüfən trolleybusda Məhbubə xanımla rastlaşdım. Xeyli dəyişmişdi. Ancaq yenə əvvəlki kimi gözəl çöhrəsi, məlahətli səsi, mehriban baxışları adamı məftun edirdi. Bu xoş təsadüfə mən hədsiz sevindim, Biz əziz, mehriban dost kimi səmimi görüşdük. Halını soruşdum. Çox gileyli idi. Ürəyi doluydu. Əsəbi halda dedi ki, neçə gündür gedirəm radiostudiyaya, deyirəm ki, qocalmışam, sizdə səsim yazılmayıb. Barı, indi yazın, yadigar qalsın. Bəlkə, öldüm, boş adım qalmasın. Məni neçə gün get-gələ saldılar. Yazmaq istəmirdilər. Çox qəribədir, özləri məni axtarıb-tapıb, yazdırmaqdansa, mən onlara yalvarıram. Axırda zorla bir-iki mahnı və ariya yazdırdım qoca səsimlə olsa da...”
Nəhayət, radio komitəsinin musiqi ilə məşğul olan əməkdaşları dinə-imana gəldilər. Bir payız günü – 1967-ci il oktyabrın 19-da studiya öz qapılarını Məhbubə xanım Paşayevanın üzünə açdı. Elə həmin gün də “Koroğlu”dan Nigarın, “Şahsənəm”dən Şahsənəmin, “Şah Abbas və Xurşudbanu”dan Qaraca qızın, “Arşın mal alan”dan Gülçöhrənin ariyaları, “Yar bizə qonaq gələcək” xalq mahnısı, Üzeyir Hacıbəyovun məktəblilər üçün yazdığı “Qarabağ şikəstəsi” müğənninin ifasında lentə alındı. Məhbubə xanım Paşayevadan heç olmasa, bu lentlər yadigar qaldı.
Vasif QULİYEV,
tədqiqatçı jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.