Azərbaycan çağdaş dünyanın nadir multikultural məkanıdır

Dünyamız qlobal miqyasda yeni bir mərhələyə– müasir sivilizasiyalararası inkişaf dövrünə qədəm qoyub. Dünya miqyasında müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanlar arasında yaranan yeni münasibətlər, milli-mənəvi dəyərlər, multikultural ideyalar, tolerant ənənələr bəşər tarixinin böyük nailiyyəti olan mədəniyyətlərin inkişafı prosesində formalaşır, inkişaf edərək zənginləşir və təkmilləşir.

Xalqımızın mənəvi dəyərləri, onların qorunub saxlanması və inkişaf etdirilməsi, nəsildən-nəslə ötürülməsi indiki qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Bu cəhətdən multikulturalizm müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Qərblə Şərqi birləşdirən, onlar arasında körpü rolu oynayan Azərbaycan beynəlxalq aləmdə  fərqli sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, konfessiyaların qarşılıqlı anlaşma, dinc-yanaşı və dostluq-əməkdaşlıq şəraitində yaşadığı nadir diyar kimi tanınır və qəbul edilir.

Mədəniyyətlərin əməkdaşlığı şəraitində qloballaşmadan söhbət gedəndə, birinci növbədə, bəşəri  məzmunlu, eyni zamanda, rəngarəngliyi ilə fərqlənən, bənzərsiz və təkrarolunmaz milli mədəniyyətləri özündə birləşdirən çoxmədəniyyətliliyi, onların yaxınlaşmasını nəzərdə tutmaq lazımdır. Bu isə müxtəlif formalı və tipli mədəniyyətlər arasında qarşılıqlı münasibət və dialoqun aparılması və daha da genişləndirilməsi zərurətini qarşıya qoyur. Bu proses nəticə etibarilə insanları, mədəniyyətləri fərqləndirən cəhətləri bir araya gətirir. Müasir dövrdə ən müxtəlif  irq, mədəniyyət, etnik qrup və dinlərin ünsiyyəti, dialoqu getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Dünyada elə bir mədəniyyət yoxdur ki, etnik, milli və bəşəri aspektləri özündə birləşdirməsin.

Şübhəsiz, bəşər tarixinin ayrı-ayrı dövrlərində çoxsaylı mədəniyyət və sivilizasiyalar mövcud olmuş və onlar arasında qarşılıqlı anlaşma və yaxınlaşma fasiləsiz davam etmişdir. Azərbaycanda tarixən mövcud olan və getdikcə inkişaf edib şaxələnən multikultural şərait və ideyalar xalqımızın bədii-obrazlı təfəkküründə də özünün əyani ifadəsini tapmışdır. Azərbaycanın qəhrəmanlıq dastanı “Dədə Qorqud”, “Əsli və Kərəm”, “Şeyx Sənan” və digər folklar nümunələrində tolerant  ideyalar və multikultural dəyərlər böyük rəğbətlə əks olunmuşdur.

Azərbaycanın böyük şairi və filosofu Nizami Gəncəvinin hələ 9 əsr əvvəl yeddi iqlimin 7 gözəlini vəsf edən əsəri təkcə milli ədəbiyyatımızın deyil, eləcə də bəşər bədii dühasının şah əsərlərindəndir.  Böyük mütəfəkkirin həmin əsəri və  bu yönümlü digər bədii nümunələri bir daha göstərir ki, xalqlar arasında qarşılıqlı anlaşma və dini yaxınlaşmalar daim olmuşdur və belə münasibətlər baxımından Azərbaycan daim fərqlənmişdir. Bu ideyalar və fikirlər dünya mədəniyyətinin qızıl fonduna daxil olmaqla, xalqımızın əvəzsiz mədəni xəzinəsidir.

Böyük sufi filosofu Seyid Yəhya Bakuvinin 6 əsr bundan əvvəl səsləndirdiyi “Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyil edir” sözləri insanları qarşılıqlı anlaşmaya, birgə yaşamağa, ilahi eşqdən qaynaqlanan sevgi və dostluğa çağırmışdır. Onun səsləndirdiyi bu hikmət, sanki, bugünkü dünyamıza ünvanlanmış, insanlar üçün tolerantlıq nümunəsi olmuşdur.

Müasir dünyanın da səciyyəvi cəhətlərindən biri müxtəlif xalqlar arasında əlaqələrin sürətlə genişlənməsi, sivilizasiyaların bir-birinə yaxınlaşması və bütün bəşəriyyətə məxsus ümumi ideya və idealların xüsusi çəkisinin artmasıdır. Zəmanəmizdə Qərb və Şərq sivilizasiyaları arasında sıx qarşılıqlı əlaqə və əməkdaşlığa zərurət daha da artmaqdadır. Onların hərtərəfli əlaqəsi və dialoqu günün tələbidir.

Azərbaycan artıq sivilizasiya-lararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, bütün xalqlar üçün tolerant nümunə göstərən nadir bir ölkədir. Azərbaycanda yüksək sivilizasiya və tolerantlıq ənənələrinin formalaşması və təkmilləşməsi onun bir daha dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir.

Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim edərək onu ölkənin demokratik inkişafını təmin edən əsas amillərdən biri hesab etmişdir. O, separatizm və etnik millətçiliyin əksinə olaraq azərbaycançılıq prinsipini dinindən, milli mənsubiyyətindən, dili və irqindən asılı olmayaraq ölkədə yaşayan bütün xalqların mənəvi birliyinin simvolu adlandırırdı.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan dünyaya çağdaş tolerantlıq nümunəsi və mədəniyyəti kimi təqdim olunur. Məhz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal  Forumunun Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir. Azərbaycan Prezidenti İlham Əliyev həmin forumda bu həqiqəti bütün dünyaya bir daha ucadan bəyan etmişdir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik”.

Bəşər övladını düşündürən həllivacib problemlərdən biri də dinlər arasında qarşıdurmanın aradan qaldırılması, onların dialoq və əməkdaşlığının genişləndirilməsidir. Məhz həmin dinlərə inam və etiqad, sözün həqiqi mənasında, indiki qloballaşma dövründə xüsusi məna kəsb edir. Görkəmli ərəb mütəfəkkiri Əl-Həsən bin Təlali məsələnin aktuallığından danışarkən demişdir: “İndi biz dini dözümsüzlüyə yol verməməliyik. Məlumatın azad mübadiləsini təmin edərək dünyaya, öz müqəddəs kitablarımıza, digər dinlərin müqəddəs kitablarına yeni gözlə baxaraq, bizi ayıran cəhətləri aradan götürməli, bizi birləşdirən cəhətləri ümumiləşdirməliyik”.

Ərəb mütəfəkkirinin bu sözləri Qurani-Kərimdə öz dərinliyi ilə əksini tapmışdır: “Ey insanlar!  Biz sizi kəslər və xalqlar etdik ki, bir-birinizi tanıyasınız. Bir-birinizə nifrət etməyəsiniz”. Bu müqəddəs kitabın mətnində istər dindarlar, istərsə də digər insanlar üçün ümumbəşəri əxlaq və mədəniyyətin norma və prinsipləri həkk olunmuşdur. Bu dəyərlər  hər bir xalqın, millətin, etnik qrupun öz milli xüsusiyyətləri zəminində və bəşəri məcrada yetkinləşir. Bu cəhətdən Azərbaycan xüsusilə fərqlənir.

Müstəqillik dövründə ölkəmizdə mədəniyyətlərin dini və dünyəvi tərəfləri ahəngdar inkişaf edir. Adi vətəndaşlar da dinimizin əsas müddəalarına və qaydalarına könüllü olaraq əməl edirlər, dini mərasim və bayramlarda həvəslə iştirak edirlər. İslami dəyərlərin müasir həyatımızda rolu və yeri yüksək qiymətləndirilir. Bu isə Azərbaycanda multikulturalizmin dövlət siyasəti olmasının, dövlət–din  münasibətlərinin yüksək səviyyədə qurulmasının bariz nümunəsidir.

 Bu siyasət özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı əməkdaşlıq əsasında qurulmasında göstərir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Dövlət insanlara bütün azadlıqları vermiş və vicdan azadlıqlarını, din azadlıqlarını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlıqlarını təsbit etmişdir, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq”.

Azərbaycan həmişə müxtəlif xalqlara, millətlərə, dinlərə mənsub olan insanların birgə yaşayıb- yaratdığı ölkə olub. Bu gün də ölkəmiz  müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq bütün dünyada fərqlənir. Bu isə müxtəlif xalqların, millətlərin nümayəndələrinin azad, bərabər, dinc sülh şəraitində yaşamasında, tolerantlığın təmin edilməsində, ölkəmizdə sosial-mədəni münasibətlər sisteminin təkmilləşməsində özünü parlaq şəkildə göstərir. Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinə maraq artır, bu nümunə hər yerdə qəbul edilir.

 Multikulturalizm milli, etnik, irqi, dini-mədəni müxtəliflik olub yüksək mənəvi dəyərlərin təcəssümü olan sosial hadisədir. Bu baxımdan dünyada mədəniyyətlərarası dialoqun inkişafı və getdikcə zərurətə çevrilməsi qlobal problemlərin intellektual – mədəni müstəvidə həlli üçün mühüm aktuallıq kəsb edir. Buna çoxlu konkret misallar göstərmək olar. Bu baxımdan rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandrın fikri də xarakterikdir. O, Azərbaycanda dövlətlə din arasındakı münasibətin nümunəvi xarakter daşıdığını dönə-dönə qeyd edərək deyir ki, dinlərarası dialoqun Bakıda ardıcıl olaraq yüksək səviyyədə təşkili bütün xalqlar və dinlər üçün əvəzsiz bir nümunədir.

Ölkəmizdə dinlər və sivilizasiyalararası əməkdaşlıq və dialoq müvəffəqiyyətlə davam etdirilir, bu humanist və tolerantlıq təşəbbüsünə daim xüsusi diqqət verilir. Bu məqsədlə ölkəmizdə, xüsusilə Bakıda keçirilən beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu din və ictimai xadimləri, alimlər, mədəniyyətlərarası mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Onlar öz çıxışlarında ölkəmizdə multikulturalizmə aid tədbirlərin keçirilməsini yüksək qiymətləndirirlər.

2015-ci ilin martında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Fransa parlamentinin üzvü Natali Qulenin çıxışı bu mənada xüsusi diqqət çəkir. O, öz çıxışında heyranlıqla qeyd etmişdi ki, Azərbaycan gənc bir ölkə olsa da, Ermənistanla müharibə şəraitində yaşasa da, milli-mənəvi dəyərləri qoruyan və özündə əzmlə daşıyan maraqlı tolerant bir ölkədir. Fransalı deputat daha sonra demişdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır.  Bu tam dünyəvi bir ölkədir. Burada yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid ölkə olmasına baxmayaraq, digər ölkələrlə sıx əməkdaşlıq edir. Azərbaycan radikal islama qarşı mübarizə aparır və bu sahədə xüsusilə fərqlənir”.

Başqa bir misal. Türklərə qarşı ənənəvi antipatiyası ilə fərqlənən rus siyasətçi V.Jirinovski 2015-ci ilin aprelində Dövlət Dumasının iclasında erməni soyqırımını dəstəkləyən qüvvələrə qarşı çıxaraq demişdir: “Burada Ermənistan haqqında danışmağa heç bir ehtiyac görmürəm. 1991-ci ildə ən çox rusu məhz Ermənistandan qovub çıxarmışlar. Ermənistan bu gün ən monoetik ölkədir. Ruslar və digər xalqların nümayəndələri hər yerdə var, yalnız Ermənistandan başqa”. Ölkəmizə qarşı daim öz kəskin çıxışları ilə fərqlənən bu qatı millətçi artıq reallığı görərək demişdir ki, Azərbaycanda isə çoxsaylı rus məktəbləri olduğu, rus dili  və mədəniyyətinə sayqı və qayğı göstərildiyi halda, Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistanda onlar çoxdan qapadılıb.

İsrailin xarici işlər naziri Zeberman 2014-cü ildə Azərbaycanda olarkən çox aydın surətdə demişdir: “Azərbaycan tolerantlığın unikal nümunəsidir. Yəhudilər min illərdir ki, Azərbaycanda yaşayırlar və həmişə özlərini buradakı cəmiyyətin tam hüquqlu üzvi kimi hiss edirlər”. Bu gün dünyanın hər tərəfindən tədqiqatçılar, siyasətçilər və dövlət adamları tolerantlıq nümunəsi görmək, dialoq aparmaq mədəniyyətləri yaxınlaşdırmaq üçün ölkəmizə gəlirlər.
Prezident İlham Əliyevin məqsəd-yönlü siyasəti nəticəsində vətənimiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir.

2008-ci ilin dekabrında Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq” mövzusunda 48 ölkənin, 8 beynəlxalq təşkilatın təmsil olunduğu konfransla yeni bir mərhələnin əsası qoyulmuşdur. Məhz bu konfransda “Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi” qəbul olunmuşdur. Çünki bu gün multikulturalizm, tolerantlıq ölkəmizdə alternativi olmayan yüksək bəşəri-mənəvi dəyərlərdir. Bu baxımdan BMT Sivilizasiyalararası Alyansıın VII Qlobal Forumunun Bakıda keçirilməsi heç də təsadüfi deyildir. 2016-cı ilin aprelində keçirilən bu sivilizasiyalararası forum ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlər arasında genişmiqyaslı millətlər və ölkələrarası əhəmiyyətli tədbirdir. Bugünlərdə ölkəmizdə keçirilən 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu da Azərbaycanı dünyaya bir daha nadir tolerantlıq məkanı kimi tanıtdı.

Bu nüfuzlu beynəlxalq forumların məhz Azərbaycanda keçirilməsi dünya birliyinin bizə olan yüksək etimadı, ölkəmizdəki multikultural siyasətin əyani göstərcisidir. Bu, bir daha sübut edir ki, zəngin mədəni irsimiz dünyanın dörd bir yanında yüksək səviyyədə təqdim və təbliğ olunur. Multikulturalizm xalqımızın əsrlərdən bəri qoruyub saxladığı, tarixən dəyişməz olan zəngin mənəviyyat çalarlı milli-bəşəri səviyyəsi ilə fərqlənən çoxmədəniyyətliliyin parlaq nümunəsidir. Çünki, bu, xalqımıza xas olan və qədimdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkəmizdəki bütün konfessiya və etnosların birgə yaşayışının tarixi-mədəni təcrübəsidir.

Məhz bu məqsədlə ölkəmizdə ardıcıl olaraq multikulturalizmin tədqiqi və təbliği üçün silsilə təbdirlər görülüb həyata keçirilir. Dövlət başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Azərbaycanda tək öz dininə və mədəniyyətinə deyil, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün xalqların, müxtəlif dini təriqət və cərəyanların birgə, bərabər yaşam və fəaliyyətinə dövlət və cəmiyyət səviyyəsində böyük önəm verilir.

Hazırda Azərbaycanda 80-dən çox etnik qrup və azsaylı xalqların nümayəndələri yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildir. Bunların bir hissəsi Azərbaycan köklü olub, digər hissəsi isə başqa ölkələrdən gəlib məskunlaşanlardır. Bütün bu münbit şəraitin nəticəsində ölkəmizdə məskunlaşmış azsaylı xalqlar, etnik qruplar çoxəsrlik ənənələrini, mədəni özünəməxsusluqlarını qoruyub saxlamışlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini adət-ənənələrini icra edir, onu yaşadır, heç bir ayrı-seçkiliklə üzləşməyərək azad fəaliyyət göstərirlər.

Azərbaycan əhalisinin 96 faizini müsəlman, qalanını isə başqa dinlərin nümayəndələri təşkil edir. Bunu Bilik fondunun təşkil etdiyi “Qardaşlaşmış məktəblər” layihəsində göstərilən konkret faktlar əyani sübut edir. Bu layihədə müxtəlif xalqların nümayəndələrinin – Balakənddə avarların, Qəbələdə udilərin, cənub zonasında talışların, Zaqatalada inqiloyların, İsmayıllıda malakanların təhsil aldığı orta məktəblər bir daha əyani göstərir. Bu baxımdan Azərbaycan tolerantlıq anlamında bir model kimi dünyaya nümunədir. Bütün bunlara əsasən tam əminliklə demək olar ki, Azərbaycan dini və milli tolerantlıq cəhətdən dövlətlər arasında liderlik edir. Multikultural ideyalar və tolerantlıq ənənələri xalqımızın milli-mənəvi sərvətinə çevrilmişdir.

Bunun ən gözəl nümunələrindən biri də Azərbaycan multikulturalizminin Avropa ölkələrində bir fənn kimi tədrisidir. Ümumiyyətlə, xarici ölkələrin 13 təhsil ocağında Azərbaycan multikulturalizm modeli tədris olunmağa başlanmışdır. Bunlardan bir neçəsini göstərmək olar. Tbilisidə İvan Cavaxaşvili, Latviya Pedaqoji, Praqanın Karlovski, Almaniyanın Auqsburq, Yeltsin adına Ural və digər universitetləri buna misal göstərmək olar. Bu ali məktəblərdə tədris proseslərinin təşkilinə, onların tədris-metodiki vasitələrlə, tədris proqramları və s. vasitələrlə təmin olunmasına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kömək göstərir.

Müasir cəmiyyətimizdə mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşkilində, onun beynəlxalq miqyasda təbliği və yayılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm rol oynayır. Fondun fəaliyyəti təkcə ölkəmizdə deyil, həmçinin onun hüdudlarından kənarda mədəni və dini tolerantlığın müvəffəqiyyətlə təbliğində nəzərəçarpacaq nəticələr verir.

Görülən bütün tədbirlər, təşəbbüslər, ardıcıl olaraq aparılan təbliğat heç də adi tədbirlər toplusu olmayıb, dinamik, daim inkişaf edərək dəyişən, zənginləşən bir prosesdir. Obyektiv və subyektiv cəhətlərin vəhdətini əks etdirən bu proses dövrümüzün inkişaf qanunauyğunluğu olub xalqımızın təbiətindən və cəmiyyətimizin inkişaf dinamikasından irəli gəlir. Bu prosesdə zaman-zaman sapmalar, ziqzaqlar, maneələr, çətinliklər olsa da, bu baş verən bir prosesdir. Qloballaşan dünyamızın mahiyyətindən doğan və onu əks etdirən sosial-mədəni təkamül məhz çağdaş dönəmdə sivilizasiyalararası əməkdaşlığın qlobal strategiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.

 Sivilizasiyalararası konsepsiyanın işlənib hazırlanması müasir reallığın ən aktual məsələlərindən biridir. Çünki söhbət ümumbəşəri mövcudluq və dünya inkişafının yeni, müasir anlamından gedir. Bu isə, eyni zamanda, bəzi tədqiqatçıların iddia etdikləri kimi heç də mədəniyyətlərin toqquşması kimi deyil, əksinə, sivilizasiyaların paralel mövcudluğu və inkişafı, onların əməkdaşlığı üçün optimal şəraitin yaradılması və təmin olunması deməkdir. Bakıda keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərkən bu məsələ ilə əlaqədar olaraq demişdir: “Biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın, əməkdaşlıq meyilləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, ümumiyyətlə, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyillər üstünlük təşkil etsin”.

Ölkəmizdə hazırda multikulturalizmin inkişaf etdirilməsi, onun beynəlxalq miqyasda rolu və əhəmiyyətinin artırılması və tolerantlıq ənənələrinin inkişaf etdirilərək möhkəmləndirilməsi dini maarifləndirmə və onun təbliğinin daha səmərəli və səviyyəli aparılması və gücləndirilməsi zərurətini qarşıya qoyur. Bu, həm də bəzi xarici qüvvələrin, missioner təşkilatların ölkəmizdə apardıqları pozu-culuq fəaliyyətləri ilə bağlıdır. Demokratik siyasi sistem çərçivəsində müəyyən fərqlər, ziddiyyətlər, hadisələrə müxtəlif yanaşmalar, anlaşılmazlıqlar olsa da dövlətimizə, onun mənafeyinə zidd ideologiyaya yer olmamalıdır.

 Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı multikulturalizm siyasəti hazırda ölkəmizdə dövlət siyasətinə və həyat tərzinə çevrilmişdir. Çoxmədəniyyətlilik anlamına xüsusi diqqət verən ulu öndər deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Xalqımızın bu böyük nailiyyəti, onun ölkəmizdə dərin kökə və tarixə malik olması, bu ənənənin müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycan xalqının davamlı birgə səyi və əməyi nəticəsində mümkün olmuşdur. Bu xətt bu gün Azərbaycan dövlətinin, onun fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir.  Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir”. Bütün bunlar bir daha əyani şəkildə göstərir ki, Azərbaycan ərazisində  yaşayan bütün xalqların, o cümələdən milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişafı məsələsinə Azərbaycan özünün dövlət siyasətinin həm məqsədi, həm də vasitəsi kimi baxır.

Ölkəmizə gələn xaricilər bunu görərək, obrazlı şəkildə çox gözəl ifadə edərək deyirlər ki, Azərbaycan təkcə neft, qaz ixrac edən ölkə deyil, həm də Qərbə tolerantlıq ideyaları ixrac edən ölkə imicini qazanmışdır.

 

Əlipaşa ƏLİYEV,
fəlsəfə üzrə elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında