Bəzən Maqomayev və Sinyavskayanın evlərində ehtiraslar elə qızışırdı ki, müğənni soyumaq və sakitləşmək üçün doğma Bakıya yollanırdı.
Müslüm Maqomayevin valları milyon nüsxələrlə buraxılır, stadionlardakı konsertlərinə isə on minlərlə tamaşaçı toplaşırdı. Gözəl baritonun ifasında “Toy”, “Dünyanın ən gözəl şəhəri”, “Şeytan çarxı”, “Noktyürn”, “Gözəllik kraliçası” kimi hitlər yaddaşlara həkk olunur və əbədiyaşarlıq qazanırdı.
“Sizi ki bütün dünya tanıyır”
Xalq artisti öz həyatında 600-dən çox estrada şlyageri, opera ariyası və romanslar ifa etmişdir. Fransaya, Polşaya, Almaniyaya, Finlandiyaya qastrollar, onlarca mahnı müsabiqəsində qələbələr... Parisin məşhur “Olimpiya” teatrında möhtəşəm çıxışdan sonra Maqomayevə təklif edirlər ki, xaricdə qalsın. Ancaq müğənni təklifi rədd edir: mühacirlik onun üçün deyildi. “Azərbaycan – mənim Atamdır, Rusiya – Anam”, – deyərdi Müslüm. Amma onun bütün həyatının Sevgisi və Melodiyası məşhur opera müğənnisi – gözəllər-gözəli Tamara Sinyavskaya idi.
Onlar 1972-ci ildə Bakıda, filarmoniyada təşkil edilmış Rusiya incəsənəti dekadasında tanış olmuşdular. Böyük Teatrın primadonnası Bakıya fəxri qonaq kimi dəvət edilmişdi. Onları bir-biri ilə qarşılaşdıran Robert Rojdestvenski olmuşdu. “Müslüm”– deyə dünyalarca məşhur müğənni bir qədər utancaq halda baxışlarını gizlədirmiş kimi əlini ona uzatmışdı. “Siz hələ bir özünüzü təqdim də edirsiniz. Sizi ki bütün dünya tanıyır”,- deyə Sinyavskaya gülür.
Tamara o zaman evli olsa da, Müslümə bəslənən hisslər o qədər güclü idi ki, müğənni evliliyinə son verdi. Məşhur “Melodiya” mahnısı da elə o zaman yarandı. Müslüm mahnını yenicə yazmışdı ki, telefonda Tamaraya oxudu. Sinyavskaya xarici təcrübəni başa vurub Moskvaya qayıdandan sonra onlar bir daha ayrılmadılar.
Çar kimi qulluq edirdi
“Mən Müslüm Maqomayevə möhtəşəm sevgiyə, Tanrının böyük səxavət göstərdiyi bu insanla hədsiz qürur duyduğuma görə ərə getdim, – deyə, Tamara Sinyavskaya səmimi etirafını açıqlayır. – Nə qədər çox vaxt ötürsə, bunu bir o qədər çox hiss edirəm. Müslüm əsl mənada alicənab insan idi. Tanışlığımızın ilk vaxtlarından son günə qədər mənə çar kimi qulluq edirdi, qucaq-qucaq güllər hədiyyə edirdi.
Əslində, uzun müddət biz onunla “siz” deyə münasibət saxlayırdıq. Müslüm böyük ləyaqət hissi olan bir insan idi, təklifsiz rəftarı qəti xoşlamırdı. Kimsə, sadəcə ona yaxınlaşıb çiyninə şappıldada bilməzdi. Həyasız adamlara elə sərt baxardı ki, o adamın daxili donardı... Çox xeyirxah insan idi, ancaq pərdə saxlamağı sevərdi”.
Həqiqətən belə idi - Maqomayev yarınmağı, yaltaqlanmağı, “lazımlı adamlarla” dostluq etməyi bacarmırdı və heç vaxt da Sov İKP-nin üzvü olmamışdı. Onun pərəstişkarları arasında mədəniyyət naziri Yekaterina Furtseva və hətta “Bella, çao” mahnısının dəlisi olan Brejnev kimi insanların olmasına baxmayaraq, Maqomayev özünün ilk mənzilini yalnız 41 yaşında almışdı. Buna qədər onlar “Rossiya” mehmanxanasında yer almışdılar.
Təbii ki, iki belə parlaq şəxsiyyətin yaşadığı ailə mübahisəsiz və münaqişəsiz də keçinmirdi. Belə mübahisələrin birində Sinyavskaya başqa otağa keçir. Bir neçə dəqiqə sonra Maqomayev də hündür mərtəbəli binadakı mənzilin eyvanından karnizin üstü ilə qonşu otağın eyvanına keçib həyat yoldaşına səslənir: “Ku-ku!” Müslümü pəncərədə görən Tamara qorxudan az qalır ki, özündən getsin. Münaqişə bir andaca aradan qalxır.
“Soruşacaqsınız: Daş qayaya rast gəldimi?- Tamara Sinyavskaya sualı özü qoyur və cavab verir: Çox qəribə olardı, əgər rast gəlməsəydi! Doğrudur, bizim yaradıcılıq debatlarımız çox olurdu, ancaq məişət mövzusunda yox. Məsələn, hansısa tanış müğənni haqqında danışırdıq. “Sən təsəvvür edirsənmi, o bu notu düzgün vura bilmədi.” – “Sən də heç nə başa düşmürsən, əksinə, onu vurmamalı idi!” Yəni bu səpkidə bir ton yuxarı danışa bilərdik. Yaradıcılıq bizim həyatımız idi. Müslüm musiqi ilə yoğrulmuşdu. Mən də həmçinin. Onun Bakıya getməsi isə ayrı bir aləm idi... Əlbəttə, onun öz xarakteri vardı. Unutmayın, o şərqli idi! Çox tez özündən çıxırdı və tez də özünə qayıdırdı”.
Onların evində də süfrə şərqsayağı açılırdı. Maqomayev qonaq qəbul etməyi sevir və bacarırdı. Yeri gəlmişkən, musiqi kralı özü yemək hazırlayırdı. Onun firma yeməkləri kotlet və kabab idi. Hətta salatı da firma idi: pomidoru (“öküz ürəyi”ni xüsusi sevirdi) doğramazdı, əli ilə bölərdi.
Müslüm Məhəmmədoviç nə vaxt Vətənində olurdusa dostları bilirdilər: Maqomayev mütləq nərə balığının qonağlığına dəvət edəcək. Bakıda ancaq nərə əsl balıq sayılırdı.
Onu bütün dünyanın mətbəxi maraqlandırardı. İtalyan müğənnisi Robertino Loretti müsahibəsində danışır ki, bir dəfə Müslüm ondan məşhur aşpazın resepti ilə əsl “Boleneze” hazırlamağı öyrətməyi xahiş edir. Loretti də həqiqi “Boleneze” hazırlamağın doqquz sirrini ona açır.
“Günü sabah burada olmazdım”
Tamara Sinyavskayanın etiraflarına görə, illər keçdikcə onlar münasibətlərdə daha müdrik olmağı öyrəniblər: “Sadəcə dəli olmalısan ki, özünü ailədə başçı hesab edəsən! Müslüm kimi bir artistin və şəxsiyyətin yanında özünü necə dünyanın göbəyi saya bilərsən! Qadın həmişə kişini öz məhəbbəti ilə isitməlidir. Bəzi qadınlar isə çox tənbəldirlər. “Dəstəyi özün qaldır! Özün-özünə çay süz!”. Yox, mən heç vaxt belə etməmişəm! Dostlar, ailə cütlükləri bizim evə tez-tez qonaq gəlirdilər. Bir neçə dəfə olub ki, Müslüm qonaq qadının ərinə acıqlı, kobud cavab verdiyini eşidib. Qonaqlar gedəndən sonra o mənə deyərdi: “Əgər mən bir dəfə belə sözlər eşitsəydim, günü sabah bu evdə olmazdım”. Hər şey aydındır, mənə göstəriş verildi! Ona təziyq etmək heç vaxt mümkün deyildi! Onun özü də heç zaman ona qarşı kobudluq etməyimə sövq etməyib, özünü çox alicənab aparıb.
Mən həmişə bilirdim ki, Tanrı mənə kimi göndərib! Mənim fikrimcə, bütün şöhrəti ilə o heç də layiq olduğu qiyməti almamışdır. Təkcə müğənni yox, Müslüm həm də nadir bir insan idi. Nəzakətli, heç zaman heç kimə ziyan verməyən bir insan. Məncə, Müslüm o nadir insanlardandır ki, öz kitabında heç kimin adına ləkə salmayıb”.
“Hiss etdirmədən, heç bir gurultulu bəyanat vermədən getdi”. Belə yazır öz kitabında bariton. Müslüm Maqomayev səhnəni həqiqətən şöhrətin zirvəsində tərk etdi. Hesab edirdi ki, vaxtında getməyi bacarmaq lazımdır.
“Müslüm Tanrının seçilmişlərindən idi,- deyə Tamara Sinyavskaya bildirir. Bu dünyada yaşadığı son günə qədər özünə maraq cəlb etdi. Amma özü buna cəhd etmədi. Sadəcə, öz istedadı ilə insanı birdəfəlik əsir edirdi”.
O, həyatdan tez getdi – 65 yaşında. Uzun sürən ürək xəstəliyindən əziyyət çəkən mahnı kralı həyat yoldaşının qucağındaca keçindi. Bütün mahnılarında yaşadı, yandı, canına hayıfı gəlmədən onları ifa etdi... Sonda ürək dözmədi.
– “Hər gecə onu yuxuda görürəm, - həsrət dolu gözlərində yaş parıldayır Tamara Sinyavskayanın. – Səhər dururam və elə bilirəm ki, indicə məndən kofe süzməyimi xahiş edəcək. Mən, əvvəllki kimi, Azərbaycanda hamı üçün gəlinəm. Müslümlə mənim toyumda Heydər Əliyev necə demişdisə, eləcə də indi məni belə çağırırlar: “Tamara sən bizim gəlinsən, bütün Azərbaycanın gəlini. Çünki Maqomayev bütün Azərbaycanın oğludur”... Burada, Moskvada Müslümün, moskvalıların ona olan məhəbbətinin nişanəsi - heykəli ucalır. Bakıda isə o Fəxri xiyabanda uyuyur. Mən fürsət tapan kimi ora gedirəm. Fiziki cəhətdən, əlbəttə, bu çətindir. Gördüyünüz kimi, mən artıq cavan qız deyiləm. Ancaq, necə ora getməyə bilərəm?...”
“Arqumentı i faktı” qəzeti,
16 avqust 2017-ci il
Tərcümə edəni,
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.