Milli kinomuzun ilk peşəkar rejissoru

Nədənsə, onun haqqında az yazırlar. Əsərləri nadir hallarda nümayiş etdirilir. Amma kinorejissor Səməd Mərdanovun milli kinomuzun inkişafında böyük xidmətləri var. Əvvəla, o, kino sənətimizin ilk peşəkar rejissoru olmuşdur. İkincisi, onun çəkdiyi filmlər kino tariximizin nadir inciləri sırasına daxildir.

Onun kinomuza gəldiyi vaxt milli kinorejissorlarımızın olmaması ucbatından filmlərimizi müxtəlif millətlərdən olanlar çəkirdilər. O vaxt SSRİ-də kino sənəti üzrə yeganə ali təhsil müəssisəsi Moskvada yerləşən Ümumittifaq Kinematoqrafiya İnstitutu idi ki, burada təhsil almağa azərbaycanlılar 30-cu illərdən getməyə başlamışdılar. Onlardan biri də Səməd Mərdanov idi.

Bu istedadlı sənətkar 1909-cu ildə Tiflisdə anadan olmuşdu. ­Uşaqlığından onun istedadı ətrafdakıları heyran etmişdi. Kinoşünas Asif Əliyev S.Mərdanov haqqında oçerkində bu barədə yazır ki, böyük Azərbaycan aktyoru Hüseyn Ərəblinski Tiflisin Gürcü Zadəgan Teatrında “Otello”da oynayırdı. Tamaşadan sonra şəhər qlavasının verdiyi ziyafətdə Ərəblinski çıxış edərək, Kürün buradan sürətli axınının səbəbini soruşur. Şəhərin qlavası deyir ki, bu suala mənim balaca dostum Səməd cavab verə bilər. Səmədin atası Hacını onun ardınca göndərir.

Səməd ailənin sonbeşiyi idi. Bu vaxt isə onun 9 yaşı olardı, ya olmazdı. Səməd içəri daxil olub məclis əhli ilə salamlaşdıqdan sonra keçib atasının yanında oturdu. Və təmkinlə Ərəblinskinin sualına cavab verməyə başladı: – Xanımlar və cənablar! Zənnimcə, burada əlahiddə bir şey yoxdur. Əgər hava dumansız olsa, siz bu sualın cavabını özünüz tapacaqsınız. Şəhərin bu yerində çayın coşğun axmasına həqiqətən də səbəb var. Siz onun axarına qarşı dayansanız bilirsiniz nə görəcəksiniz? Ülvi eşq fədaisi Şeyx Sənanın və füsunkarlıqda misli olmayan Tamaranın möhtəşəm abidələrini. Kür çayı buradan gah şaqraq, gah da həzin bir pıçıltı ilə axır ki, bu müqəddəs insanları yuxudan oyatsın, qovuşduqları əbədiyyətdən qaytarsın.

O vaxt Hüseyn Ərəblinski balaca Səmədi bağrına basıb demişdi: “Mən sizi əmin edirəm ki, bizi heyran qoyan bu azərbaycanlı balasının böyük gələcəyi olacaq”.

Tiflisin mədəni mühiti Səmədin uşaq dünyasında özünə möhkəm yer tutmuşdu. Elə bir teatr əsəri olmazdı ki, balaca Səməd ona baxmamış olsun. Amma bir hobbisi də dil öyrənmək idi. Gürcü, rus, fransız dillərini artıq öyrənmişdi.

Bir də kinoya marağı var idi. Qardaşı Mustafa Mərdanov da Tiflisdə teatrda rollar oynayırdı. Bu da, söz yox ki, onun sənətə meyil göstərməsinə öz təsirini etmişdi. Onun əsas məqsədi Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna qəbul olub, kinorejissor sənətinə yiyələnmək idi. Bu arzusu da çin oldu.

Böyük uğurla imtahan verib institutun rejissorluq fakültəsinə daxil oldu. Özü də, dünya şöhrətli kinorejissor S.Eyzenşteynin kursuna. 1935-ci ildə həmin institutu bitirib ilk azərbaycanlı kinorejissor kimi Vətənə – Azər-baycana qayıtdı. Doğrudur, o hələ tələbə ikən “Mosfilm” və “Azərfilmin” birgə isteh­salı olan, kinorejissorlar Lev Kuleşovun tələbəsi, səs­li film sahəsində təcrübəsi olan Boris Barnetlə (1902-1965) ÜDKİ-nin beşinci kurs tələbəsi, Sergey Eyzenşteynin yetirməsi, ilk azərbaycanlı peşəkar kinorejissor Səməd Mərdanovun birgə çəkdikləri “Mavi dənizin sahilində” (ssenari müəllifi K.B.Mints. 1936) filmi kino tariximizin ilk səsli ekran əsəri sayıldı.

Xəzər balıqçılarının həyatından, onların gündəlik qayğılarından, başlarına gələn sərgüzəştlərdən danışan bu kino əsərində görkəmli rejissorla bir yerdə işləmək Səməd Mərdanovun ürəyincə idi. Mərhum aktyor və rejissor Məmməd Əlili deyirdi ki, Səməd ilk çəkilişlərdə rejissor dostu Barneti öz təsiri altına sala bilmişdi. Barnet Səmədə çox inanırdı. Nəinki Barnet, elə çəkiliş qrupunun digər üzvləri də bu gənc oğlana hörmət və məhəbbətlə yanaşırdılar. Filmdə Alyoşa rolunun ifaçısı məşhur rus aktyoru Nikolay Kryuçkov deyirdi ki, Varnetlə Səmədin bir-birini yaxşı başa düşmələri işimizi xeyli asanlaşdırmışdı. Səməd cavan olmasına baxmayaraq öz işini yaxşı bilirdi. O, səriştəli fikirlər irəli sürürdü və aktyorlarla işləməyi bacarırdı. Onun mənimlə, Yusif rolunun ifaçısı L.Sverdlinlə və Y.Kuzmina ilə məşqləri bütün aktyor ansamblında xoş ovqat yaratmışdı. Yusif rolunun ifaçısı rus olsa da, filmdə o, bir Azərbaycan mahnısı oxuyur:

Uca dağlar başında bir sürü qoyun,

Uzaqdan baxmaqla mən necə doyum.

Bu mahnını ona Səməd böyük çətinliklə öyrətmişdi.

Film Səməd Mərdanovun böyük kinoda birinci işi idi. İlk professional kinorejissor kimi bu filmlə kinomuza gələn rejissor bir neçə il sonra “Kəndlilər” (1949) filminə quruluş verir. Filmin ssenarisini G.Midivani yazmışdı. Bu film dövrün xarakterini bədii vasitələrlə əks etdirən dəyərli ekran əsəridir. Səməd Mərdanov bu filmi ilə Azərbaycan kinosuna milli aktyorlarımızı gətirdi. Məmmədrza Şeyxzamanov, İsmayıl Osmanlı kimi məşhur teatr aktyorları kinoya ilk dəfə bu filmlə gəlmişdilər. Bundan başqa filmin digər rollarını Ələsgər Ələkbərov, Mustafa Mərdanov, Rza Darablı, Rza Əfqanlı, Sidqi Ruhulla, Əli Qurbanov, Möhsün Sənani, Fateh Fətullayev kimi məşhur aktyorlar ifa etmişdilər. Bu filmdə kinematoqrafın imkanlarından ustalıqla istifadə edən gənc rejissor milli adət-ənənələrimizi, dövrün problemlərini çox aydın, böyük istedadla əks etdirmişdi. Əsərin qəhrəmanı Təhməz qızını mülkədara ərə vermək istəsə də, Ülfət Göydəmiri sevdiyini bildirir. Göydəmir isə yoxsulların tərəfindədir. Öz mahnılarında kəndliləri istismar edən mülkədarları ifşa edir. O, tezliklə inqilabi hərəkata qoşulur. Hadisələr Azərbaycan Demokratik Respublikası dövründə baş verir.

Bu ekran əsəri milli kinomuzda çox əhəmiyyətli hadisə idi. Rejissor filmi tam başa çatdıra bilmədi. Çünki amansız xəstəlik onun həyatına son qoydu. Amma filmin son kadrları da çəkildi və biz filmin titrlərində “Quruluşçu rejissor Səməd Mərdanov” sözlərini oxuya bildik. Bununla gənc rejissorun böyük istedadla başladığı sənət yolu sona yetdi.

Doğrudur, onun yaradıcılıq bioqrafiyası zəngin deyil. Cəmi iki bədii və 1933-cü ildə çəkdiyi “Köçərilər” sənədli filmi ilə Səməd Mərdanov milli kino tariximizdə özünə layiqli yer tuta bildi.

Kinorejissor S.Mərdanovu sağlığında nəinki Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında yaxşı tanıyır və sevirdilər. Təkcə ona görə yox ki, yaradıcılıq bioqrafiyasında bir neçə mükəmməl filmin adı yazılmışdı. Həm də ona görə ki, hələ tələbəlik illərindən incəsənət aləmində ağıllı, savadlı, yüksək mədəniyyətli gənc sənətkar kimi tanınmışdı. Əgər belə olmasaydı tələbə rejissoru Moskvadan çağırtdırıb “Köçərilər” sənədli filminin çəkilişini ona tapşırmazdılar. Və yaxud dövrünün görkəmli teatr rejissoru V.Meyerhold S.Mərdanovu yeni hazırladığı “Sonuncu, həlledici” tamaşasında işləmək üçün truppasına dəvət etməzdi.

O, Moskvada təkcə məşhur kino ustalarından kinematoqrafın incəliklərini əxz etməklə kifayətlənmirdi, incəsənətin başqa sahələri ilə də maraqlanır, ümumi bilik dairəsini genişləndirməyə çalışırdı.

Kinorejissor Mikayıl Mikayılov deyirdi ki, gənc rejissor klassik və müasir Azərbaycan ədəbiyyatını müntəzəm surətdə oxuyar, bu və ya digər sənətkar haqqında mühakimələr yürüdərdi. Müşfiqlə dost idi. Bir neçə dəfə onların Nəsimi və Xəyyam haqqında söhbətinə qulaq asmışdı. Tarda gözəl muğam çalırdı.

“Kommunist” qəzeti S.Mərdanovun vəfatı ilə əlaqədar dərc etdiyi nekroloqda haqlı olaraq onu “incə və itigöz sənətkar, gənc olmasına baxmayaraq, sürətlə artıb kinematoqrafiya ustasına çevrilmiş mədəni, istedadlı sənətkar və həssas bir yoldaş” adlandırmışdır.

Onun arxivində saxlanılan cib dəftərçəsində maraqlı bir qeydi var: “Qartal həmişə zirvədə uçar”. Sanki gözəl sənətkar bu sözləri özü üçün yazmışdı. Çünki qısa ömür yaşasa da o, artıq yaradıcılıq zirvəsini fəth etmişdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında