Son illər ölkəmizin mədəni həyatı əsaslı şəkildə zənginləşmişdir. Mədəniyyət müəssisələri yenidən qurulmuş, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpası, incəsənətin müxtəlif növlərinin dünyaya inteqrasiyası sahəsində əsaslı nailiyyətlər qazanılmışdır. Prezident İlham Əliyevin sərəncamları ilə mədəniyyətin bütün sahələri üzrə qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafına güclü stimul yaratmışdır.
Dövlət başçımızın aşağıdakı sözləri milli-mədəniyyətimizə qayğının real nümunəsidir: “Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir”.
Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahələrinə daim böyük diqqət göstərilmiş, mədəniyyət və turizmlə bağlı 600-ə yaxın fərman və sərəncam imzalanmışdır. Mədəniyyət siyasətinin qanunvericilik bazası yeni sənədlərlə zənginləşmişdir. Bu yaxınlarda isə Prezident “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.”
Sərəncamda qeyd olunduğu kimi, bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş, ölkəmiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilmişdir. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.
Bu gün Azərbaycanın mədəni həyatında güclü canlanma var. Milli mədəniyyətimiz, sözün həqiqi mənasında, dünyanı fəth edir. Bu inkişafda Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini vurğulamalıyıq. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır. Həmçinin Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan layihələrə çevrilmişdir.
Azərbaycan musiqi sənəti ən müxtəlif janr və çalarları ilə dünya səhnələrini fəth etmiş, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanmışlar. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Ü.Hacıbəylinin “Koroğlu” operası türkdilli ölkə sənətçilərinin iştirakı ilə tamaşaya qoyulmuş, 2006-cı ildə Üzeyir bəyin “Arşın mal alan” operettası Vyanada, 2014-cü ildə Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə ABŞ-da səhnə həyatı qazanmışdır.
Azərbaycan teatrları da son illər əsaslı şəkildə yenidən qurulmuş, repertuar siyasəti tamamilə müasirləşdirilmişdir. MDB məkanında ilk dəfə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2007), habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Prezidentin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın, eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir və bərpa olunmuş, İrəvan, Şuşa, Pantomim teatrlarına binalar verilmişdir. 2016-cı ildə Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı şəkildə yenidən qurularaq teatrsevərlərin ixtiyarına verilmişdir. Bu illər ərzində teatrlarımız 30-dək ölkədə qastrol səfərlərində olmuşlar. Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakıda Beynəlxalq teatr konfransları (2010, 2012, 2014, 2016) və Kukla teatr festivalları (2011, 2013), Şəkidə “ÜÇ məkan” Beynəlxalq teatr festivalları (2014, 2016) yüksək səviyyədə təşkil olunmuşdur.
Milli kino sənətimizin uğurları da sevindiricidir. Yeni filmlərimiz dünyanın nüfuzlu beynəlxalq festivallarında mükafatlar qazanıb, bu sahədə istehsal texnologiyası xeyli təkmilləşmişdir. Azərbaycan Dövlət Kino Fondunun yeni binaya köçürülməsi kino tariximizin qiymətli əsərlərinin toplanıb gələcək nəsillərə çatdırılmasına şərait yaratmışdır.
Muzeylərimiz və kitabxanalarımız dövlət qayğısı nəticəsində müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.
Dövlətimiz mədəniyyət işçilərinin sosial durumlarının yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirir. Belə ki, mədəniyyət işçilərinə Prezident təqaüdü verilir, onlar mənzillə təmin olunur, əməkhaqları mütəmadi olaraq artırılır və s.
Ölkə Prezidentinin yeni sərəncamının mədəni həyatın inkişafına əhəmiyyətli töhfə verəcəyi şübhəsizdir. Sərəncama əsasən, bu sahənin inkişafı məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon manat vəsait ayrılmışdır.
Bu vəsait Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin, Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin, Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli musiqi məktəbinin tikintisinin və təchizatının, Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün nəzərdə tutulmuşdur.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.