Azərbaycan – Türkmənistan mədəni əlaqələri genişlənir

Azərbaycanın Türkmənistanla mədəni əlaqələrinin dərin kökləri var. Amma son illər ədəbiyyat və incəsənət sahəsində əlaqələr daha da genişlənmişdir. Azərbaycanda türkmən ədəbiyyatına həmişə xüsusi maraq olub. Məşhur ədəbiyyatşünas alim Salman Mümtazın “Maarif və mədəniyyət” jurnalında dərc olunan “Türkmən şairləri” məqaləsində böyük türkmən şairi Əhməd Yəsəvinin adını xüsusi qeyd edib. AMEA Folklor İnstitunun əməkdaşları Molla Nəpəsin “Seçilmiş əsərləri” kitabını Azərbaycan dilində nəşr etdiriblər. Kitab Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib. Türkmənistan Prezidenti bu kitabı Türkmənistan-Azərbaycan ələqələrinin yaxşılaşmasına doğru atılan uğurlu addım kimi qiymətləndirib.

2009-cu ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Vəhdət Sultanzadəyə qardaşlıq əlaqələrinin inkişafındakı töhfəsinə görə dövlət mükafatı təqdim edib. 2010-cu il mayın 21-də Bakı Dövlət Universitetində görkəmli türkmən şairi Məxdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan konfrans keçirilib.

2009-cu il noyabrın 3-dən 6-dək Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri baş tutub. Tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb.

Türkmənistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları təmsil ediblər. Aşqabadda məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Məxdumqulu adına Türkmənistan Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

2010-cu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabının türkmən dilində nəşrinin təqdimatı keçirilib.

11 may 2010-cu ildə Türkmənistanın Azərbaycandakı səfirliyi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun “Türkmənistanın iqtisadi strategiyası: xalqa söykənərək xalq naminə” adlı məqaləsinin yer aldığı kitabı Azərbaycan dilində nəşr edib.

Bu münasibətlərin genişlənməsi də təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq”.

Ortaq mədəniyyətə malik xalqlarımız arasında elm, səhiyyə, mədəniyyət, incəsənət və turizm sahəsində uğurlu nailiyyətlər əldə olunub. Beynəlxalq münasibətlərin inkişafına böyük önəm verən Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündə demişdir: “Apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamış, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər, bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərimizin 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir”.

Son illər mədəni əlaqələrin inkişafına xidmət edən konfranslar, mədəniyyət günləri, festivallar bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Onlardan biri Bakıda Türkmənistanın Dirçəliş, Birlik və Məxdumqulu Fəraqi poeziyası günü münasibətilə keçirilən konfransdır. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məxdumqulu Fəraqinin “Seçilmiş əsərləri”nin, Mollanepesin “Mən bu diyara gəldim” kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar”ının, Sultan Hüseyn Baykarın “Divan”ının, Zahiruddin Məhəmməd Baburun “Seçilmiş əsərlər”inin, həmçinin bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun “Ahaltəkinli fəxrimiz və şöhrətimizdir” kitabının Azərbaycan dilinə tərcüməsi və keçirilən mədəni-kütləvi tədbirlər böyük maraq doğurmuşdur.

Türkmənistanda da Azərbaycanın elm, təhsil, səhiyyə, turizm, idman, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətləri maraqla qarşılanır. Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Məxdumqulu adına Türkmənistan Musiqili Dram Teatrında Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı kollektivinin tamaşaya qoyduğu “Ziyarətçi” tamaşası zövqləri oxşamışdır. Aşqabadda keçirilən Azərbaycan kinosu günlərində göstərilən filmlər, ölkəmizin musiqi kollektivlərinin konsert proqramları rəngarəngliyi və zənginliyi ilə yaddaqalan olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, köklərimizin ümumiliyi, mədəniyyətlərimizin oxşarlığı qardaş xalqları bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimizin sıx əməkdaşlığı üçün möhkəm təməl yaradır.

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov la görüşü zamanı demişdir: “Azərbaycan və Türkmənistan xalqlarının tarixi, mədəni bağlılığını nəzərə alaraq, mədəniyyət, incəsənət, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mühüm aktuallıq kəsb edir. Azərbaycan və Türkmənistan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunmuşdur. Eyni zamanda, bu ilin may ayında Bakıda 50-dən çox ölkənin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu, bizim İslam həmrəyliyinə verdiyimiz növbəti töhfədir”.

Heç şübhəsiz ki, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü mədəni əlaqələrimizin də inkişafında yeni mərhələ olacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında