Bu yaxınlarda Prezident İlham Əliyev dünya şöhrətli sənətkar Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev son dərəcə rəngarəng repertuara malik qüdrətli sənətkardır. Onun özünəməxsusluğu ilə səciyyələnən və ümumən sovet estradasını yeni mərhələyə yüksəldən bənzərsiz yaradıcılığı musiqi tarixində ayrıca mərhələ təşkil edir. Fitri istedadlı böyük sənətkar opera vokal ifaçılığının ecazkar nümunələrini meydana gətirmiş, milyonlarla insanın rəğbətlə qarşıladığı mahnılar bəstələmiş, həmçinin kino sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.”
Dünyanın görkəmli müğənnilərinin kinoda çəkilmək ənənəsi bu sənətə uğurlar bəxş etmişdir. Müslüm Maqomayevin də həyat və yaradıcılığı kinematoqrafçıların diqqətindən yayınmamış, onu bir sıra Azərbaycan filmlərində baş rollarda çəkmişlər.“Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Yarımçıq qalmış mahnı” və “Moskva notlarda” filmlərində bu qüdrətli sənətkar kino aktyoru kimi yaddaqalan rollar yaratmışdır.
Kinorejissor Tofiq İsmayılovun “Oxuyur Müslüm Maqomayev” bədii-sənədli televiziya filmi 30 yaşlı bu istedadlı müğənninin yaradıcılığına həsr olunmuşdur. Bu film, əslində, musiqi haqqındadır. Onun qəhrəmanı bütün varlığı ilə musiqi sənətinə bağlı olan cənc, azərbaycanlı Müslüm Maqomayevdir. Müslüm burada Azərbaycan və dünya xalqlarının musiqi əsərlərini ifa edir. Onun görkəmli sənətkarlarla görüşləri, böyük konsert salonlarındakı çıxışları filmə xüsusi rəng qatır.
Filmə tamaşa etdikcə hiss olunur ki, o, təkcə müğənni deyil, həm də bəstəkar, pianoçu, rəssam və heykəltəraşdır. Belə hərtərəfli qabiliyyət hər kəsə müyəssər olmur.
Filmdə tamaşaçıya vətənpərvərlik və iftixar hissləri aşılayan bərəkətli Azərbaycan torpağı tərənnüm olunur. Müğənni bu epizodlarda bələdçilik edib bizi bol bəhrəli Muğanda, Mildə, Şirvanda gəzdirir, Göygölə aparır, doğma yurdumuzu bütün dünyaya tanıtdırır. O, sanki, demək istəyir: “Buyurun, Odlar Yurduna, onun gözəlliklərinə tamaşa etmək üçün bizə qonaq gəlin, qapımız dostların üzünə həmişə açıqdır”.
Kadrlar bir-birini əvəz edir. Müslüm müharibə əleyhinə mahnı oxuyur. Bu səhnəyə həyəcansız baxmaq olmur. Müslümün bəstələdiyi “Sonuncu akkord” mahnısı xüsusilə dərin təsir bağışlayır. Bəstəkar bu mahnını üzünü görmədiyi atasının və müharibədə həlak olmuş Vətən oğullarının əziz xatirəsinə həsr etmişdir. Axı Müslümün atası müharibənin qurtarmasına bir neçə gün qalmış həlak olmuşdur. Bu mahnını oxuyarkən müğənni gözlərimiz qarşısında müharibəyə nifrət bəsləyən əsl mübariz, sülh carçısı kimi canlanır. Həmin film o vaxtlar nəinki Sovet İttifaqında, həm də xarici ölkələrdə böyük uğur qazandı.
Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Yarımçıq qalmış mahnı” musiqili bədii filmində məşhur müğənni və artist rolunda SSRİ Xalq artisti M.Maqomayev çəkilmişdir. Yaradıcı qrup onun istedadından mümkün qədər istifadə etməyə çalışmışdır. Sözsüz ki, Xalq artistinin iştirakı və ifaları filmi daha da baxımlı etmişdir.
Rejissor Eldar Quliyevin “Nizami” tarixi-bioqrafik kinoromanı müqənninin kino yaradıcılığında əhəmiyyətli yer tutur. Ekran əsərində dahi şairin mürəkkəb obrazını yaratmaq görkəmli müğənni və bəstəkar M.Maqomayevə qismət olmuşdur. O, həm də filmin bəstəkarıdır. Filmin ssenarisini Eldar Quliyev yazıçı İsa Hüseynovla birgə yazmışdır. Vətənpərvərlik, öz torpağına, xalqına məhəbbət, qadına hörmət, tərəqqiyə, sülhə meyl, poeziyanın qüdrətli gücü – Nizami əsərlərinin bu motivlərindən müəlliflər bütünlüklə istifadə edərək, orijinal və müasir təfsirli, dərin fikirli, miqyaslı əsər yaratmışlar.
Onun bu filmə çəkilməsinidə mistika yaxud, qeyri-adi nəsə olduğunu düşünənlər var. Kifayət qədər praqmatik insan olan Xalq artisti Eldar Quliyev bu faktı etiraf edib. Ən qəribəsi də budur ki, Eldar Quliyev Moskvanın birinci kanalına verdiyi müsahibə film çəkilərkən XII əsr şairi dahi Nizami Gəncəvinin ruhu ilə “məsləhətləşdiyini” bildirib: “1982-ci ildə hazır olan filmdə əsas rolu kimin oynayacağını dəqiqləşdirməkdə rejissor Eldar
Quliyev çətinlik çəkir. Belə ki, o, yaxın dostu olan müğənni Müslüm Maqomayevi diplomatik jest edərək filmə cəlb edir və onu birtəhər razı salır. Çünki o zaman Maqomayevi bütün SSRİ tanıyırdı və bütün İttifaq miqyasında filmə böyük maraq yaradacağını bilirdi. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edilir və bəyənilir. O zaman cavan olan rejissor kimi çəkəcəyini yəqin edə bilmir. Bu məqamda filmdə Qivami Mütərəzzi rolunda çıxış edən Xalq artisti Həsən Turabov ona qəribə bir təklif edir: “Biz tərəflərdə ruhçağıran var, bəlkə, ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”.
Rejissorun sözlərinə görə, o adam, sözün həqiqi mənasında, cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə, ruhlarla dialoqa girirmiş. Elə bu məşhurluğuna görə də Eldar Quliyev onun adını çəkmir. Həmin şəxsin dediyi vaxt yanına gedirlər. Heç məsələnin nə olduğunu da demirlər. Qeyd edək ki, kifayət qədər rasional şəxs olan, mistikaya inanmayan Eldar Quliyev Moskvanın əsas televiziya kanalında bunları danışarkən tamaşaçıların inamsız, birmənalı olmayan reaksiyası ilə üzləşib. Lakin rejissorun dediyinə görə, həmin gün ruhçağıran Nizami ilə “danışıb” və ondan filmə kimin çəkilməsini fotolar vasitəsilə soruşub. Rejissorun sözlərinə görə, Nizami Gəncəvinin ruhu Müslüm Maqomayevi seçib. Bu, Eldar Quliyevdə qəti əminlik yaradıb. Elə sabahısı gün Müslüm Maqomayevlə qəti söhbət edərək, onu filmə çəkib.
Parlaq fərdi yaradıcılığı olan M.Maqomayev Nizaminin dövrünü və ölməz misralarını dönə-dönə mütaliə edib, onu öz istedad və yaradıcılıq prizmasından keçirərək şairin fərdi obrazını yarada bilib.
Bəstəkar və müğənni M.Maqomayev bu barədə belə demişdir: “İndiyədək bu əqidədəyəm ki, müğənni oxumalıdır. Elə buna görə də təkcə musiqili filmlərdə deyil, başqa janrlarda yaradılan filmlərdə də çəkilmək barəsində bir neçə münasib təklifi rədd etmişəm. Lakin rejissor E.Quliyevin təklifi o qədər qeyri-adi, o qədər cəzbedici oldu ki, məni düşünməyə vadar etdi”.
M.Maqomayev rejissor E.Quliyevin 5 filminə musiqi bəstələmişdir: “Nizami” (1982), “Gümüşgöl əfsanəsi” (1984), “Burulğan” (1986), “Təxribat” (1989), “Nə gözəldir bu dünya” (1989). Bundan başqa o, “Abşeron ritmləri” (1970), “Nəğməkar torpaq” (1980) film-konsertlərində mahnılar ifa etmişdir.
Onun özü haqqında da filmlər çəkilib. Son illər Rusiyada Müslüm Maqomayevə həsr olunan çox maraqlı bir televiziya filmi də çəkilmişdir.
Müslüm Maqomayev kino sənətini çox sevirdi. Premyeralara böyük həvəslə gedirdi. Tamaşaçı alqışları onu bu sənətə daha çox bağlayırdı.
Yaxşı ki, bizim kinomuzda bu qüdrətli sənətkarı əbədiləşdirən filmlər var.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.