Azərbaycan xalqı tarixən üzləşdiyi çətinliklərə baxmayaraq, milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu qoruyub saxlaya bilib. Bizim mədəniyyətimiz, incəsənətimiz, ədəbiyatımız və tarixi abidələrimiz xalqımızın mənəvi ruhunu nəsillərdən-nəsillərə ötürüb, milli varlığımızın simvoluna çevrilib.
Bu gün əsrləri adlayıb bizə çatan mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq üçün müstəqil dövlətimiz davamlı tədbirlər həyata keçirir. Qeyd edək ki, milli irsimizlə bağlı dövlətin bu funksiyası Konstitusiyamızda da təsbit olunmuşdur. Orada deyilir ki, Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Ona görə də dövlətimizin mədəniyyət siyasətində maddi və mənəvi irsin qorunması, beynəlxalq miqyasda təbliği əsas istiqamətlərdən biridir. Ulu öndər Heydər Əliyev milli dəyərlərimizə həmişə xüsusi diqqət yetirmiş, onların qorunmasının, gənc nəslin bu ruhda tərbiyə olunmasının vacibliyini əsas hesab etmişdir. Ümummilli liderin belə bir fikrini xatırlatmaq istərdik: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi, bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.”
Ulu öndərin tövsiyələri ölkəmizdə böyük uğurla həyata keçirilir. Bu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev mənəvi dəyərlərimizin inkişafına və təbliğinə böyük dəstək verir. Digər məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanılması dövlət başçısının daim diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman bu dəyərlərə sadiq olduğunu söyləyib. Cənab Prezident demişdir: “Biz öz mədəni irsimizə sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulmuşdur”.
Azərbaycançılıq ideologiyasına əsaslanan və milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən, adət-ənənələrimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini həyata keçirən strategiyanın prioriteti hesab edən Prezident İlham Əliyevin milli-dəyərlərə diqqət və qayğısı xalq tərəfindən yüksək qiymətləndirilir.
Ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların və digər ibadət evlərinin ardıcıl olaraq əsaslı təmir edilərək, insanların istifadəsinə verilməsi dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi layiqli töhfədir.
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda dünya mədəniyyətinə də öz tohfəsini verməkdədir. Təbii ki, bu məsələdə adı çəkilən sahəyə dövlət qayğısının gündən-günə artması milli-mənəvi sərvətlərimizin dünyada tanıdılmasına geniş imkanlar açır. Adət-ənənələrimizin, milli mətbəximizi və musiqimizi beynəlxalq miqyasda tanıtmaq üçün dövlətimiz bir çox tədbirlər təşkil edir.
Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan mədəni irsinin bir çox nümunələri UNESCO-nun Bəşəriyyətin Qorunan Mədəni İrs Siyahısına daxil edilmişdir. Buraya muğam sənəti, tar ifaçılığı, qədim miskərlik, aşıq sənəti, Novruz bayramı və s. daxildir.
2010-cu ildə BMT-nin qərarı ilə martın 20-nin Beynəlxalq Novruz
Günü elan olunması Azərbaycan
Prezidenti İlham Əliyevin və
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizin qorunması və azərbaycançılıq ideologiyasının təbliği istiqamətində yorulmaz fəaliyyətlərinin nəticəsidir. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli-mənəvi yaddaşına beynəlxalq aləmin ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Axı Novruz bayramı özündə ən mühüm insani dəyərləri təcəssüm etdirir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, bir-birinə mərhəmət və qayğı ilə yanaşmaq kimi sağlam təməllər yaradıb.
Dünyanın bir çox ölkələrində Azərbaycanın mənəvi irsi mütəmadi olaraq təbliğ olunur. Filmlərimizin premyerası keçirilir, rəssamlarımızın sərgiləri təşkil olunur, milli musiqimiz böyük konsert salonlarında səslənir və s.
Bu gün dövlət siyasətimizin əsas istiqamətlərindən biri də mədəniyyət, incəsənət və ədəbiyyatla bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, dövlət mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir.
Mədəni həyatımız zənginləşməkdə davam edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı ilbəil artır. Ümumdünya mədəniyyətlərarası dialoq forumları bunu bir daha təsdiq edir. Bu il həmin forum dördüncü dəfə baş tutdu. Bu tədbirin bir əhəmyyəti də ondan ibarətdir ki, xarici ölkə nümayəndələri Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olur, xalqımızın mənəvi həyatının zənginliyinin şahidinə çevrilirlər.
Dövlətimizin dünyada böyük nüfuz sahibinə çevrilməsinin bir səbəbi də milli irsimizin zənginliyi, onun etibarlı şəkildə qorunmasıdır. Dövlət başçımız da bu xüsusda deyib: “Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir”.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.