Azərbaycanda turistlərin sayı 25 faiz artıb

Prezident İlham Əliyev  Nazirlər Kabinetinin iclasında 2017-ci ­ilin birinci yarısında  qazanılmış uğurlardan ətraflı bəhs etmiş və qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Cənab Prezident ölkədə  qeyri-neft sektorunun əhəmiyyətli sahəsi olan turizmin inkişafına da xüsusi diqqət yetirmişdir: “Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər, əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən “Formula-1” yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar, əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”.

Azərbaycan, son illər dünyada tanınır və ölkəmizə səyahət etmək istəyənlərin sayı ilbəil artır. Bunun da obyektiv səbəbləri var. Əvvəla, Azərbaycanda gedən dinamik inkişaf ölkənin turizm məkanına çevrilməsinə geniş imkan yaradıb.

Digər tərəfdən, turizmlə bağlı dövlət proqramları bu sahənin inkişafına əsaslı stimul verib. Bir neçə fakta müraciət edək: 2001-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 500 minə yaxın idisə, 2013-cü ildə bu rəqəm 2 milyon 400 min olub. Bu müddətdə ölkədə turizm şirkətlərinin sayı 27-dən 238-ə, mehmanxanaların sayı 98-dən 514-ə çatıb. Ümumi yataq yerlərinin sayı 33 mindən çoxdur. Bu rəqəm sonrakı illərdə mütəmadi olaraq artmaqda davam etmişdir.

Ölkədə turizm qanunvericiliyi əsaslı şəkildə təkmilləşdirilmişdir. Turizm şirkətlərinin fəaliyyəti, xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı normativ aktların hazırlanması davam edir.

Azərbaycanda artıq geniş turizm infrastrukturu yaradılmaqdadır. Qusar rayonunda Cənubi Qafqazda ən böyük qış-yay turizm kompleksi yaradılıb. Müxtəlif bölgələrdə turizm-rekreasiya zonalarının yaradılması ilə bağlı işlər görülür. İlkin olaraq şimal bölgəsində – Xızı-Xaçmaz və Quba-Qusar bölgələrində ekspert təklifləri nəzərə alınaraq zonalar müəyyən olunub.

Turistlərə xidmətin yaxşılaşdırılması bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə kadr hazırlığı əsas şərtdir. Turizm təhsili verən məktəblərin və müəyyən proqramların yaradılması ali, orta və peşə təhsilli kadrların hazırlanmasına imkan verir. Bundan əlavə, hər il xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün mehmanxana əməkdaşları üçün Azərbaycan və Türkiyənin müvafiq nazirlikləri birgə treninqlər keçirirlər.

 Əlbəttə, turizmin inkişafının başlıca şərtlərindən biri təbliğatın düzgün və məqsədyönlü aparılmasıdır. Bu sahədə kifayət qədər nailiyyət var. Mədəniyyət və Turizm Nazirliyi müntəzəm olaraq müxtəlif ölkələrdə turizm sərgilərində iştirak edir. Bakıda ənənəvi olaraq keçirilən “AİTF” sərgisində Azərbaycanın regionları yüksək səviyyədə təmsil olunur. Bir çox ölkələrin turizm təmsilçiləri üçün infoturlar təşkil edilir. Bunlar Azərbaycanın turizm imkanlarının təbliğində əhəmiyyətli rol oynayır.

 Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin  bu sahənin gələcək inkişafına mühüm təkan verəcəyi şübhəsizdir.

Sənəddə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir.

  Yol xəritəsində bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib.

  Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir.

  Qeyd edilir ki, qarşıdakı yaxın dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu tədbirlərin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb edir.

Artıq bu istiqamətdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında