Kitablar da insanlar kimidir. Bəzisinin adına baxarkən əlinə götürmək, oxumaq istəmirsən. Çünki kitaba verilmiş ad, bir növ, insana verilmiş ad kimidir. Və şübhəsiz ki, əsərin məzmunu haqda ilk təəssüratı da bu adlar yaradır.
Elə bir ziyalı tapılmaz ki, onun sevib dəfələrlə oxuduğu bir və ya bir neçə kitab olmasın. Mən də bir azərbaycanlı kimi öz elimə, ana dilimə, klassik ədəbiyyat və aşıq şeirinə bağlı bir insanam. Xüsusilə də mənsub olduğum nəsil, şəcərə saza-sözə bağlı olması ilə seçilir. Və əgər söhbət sazdan, elə-obaya bağlılıqdan, Azərbaycan coğrafiyası və burada yaşayan el aşıq və sənətkarlarından düşərsə, ilk pillədə bu sahənin ustadı Dədə Ələsgərin adını çəkməsək, obrazlı desək, “gözlərimizə ağ damar”. Bu heç də Azərbaycan aşıqlıq sənətinin Dədə Ələsgərdən başlaması kimi başa düşülməməlidir. Aşıq Ələsgərə qədər də Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Miskin Abdal, Ağ Aşıq (Aşıq Allahverdi), Aşıq Alı kimi qüdrətli söz ustadlarımız yaşayıb yaratmışlar. Lakin Ələsgər bu “dağlar içərisində ucalmış zirvə” misallı bir sənətkardır. Yəqin ki, yuxarıda kitab adlarından bəhs edərkən, bunun məqsədli olduğunu anladınız. Çünki bu yaxınlarda əldə etdiyim : “Haqq-nahaqq seçilər Haqq divanında” adlı kitab ilk baxışdan öz adı ilə diqqətimi çəkdi. Böyük Ələsgərin qoşmasından götürülmüş bu bir misranın hansı sirrin açarı rolunu oynadığı fikri məni rahat buraxmadı. Və elə bu düşüncələrlə kitabı vərəqləməyə başladım.
Açığı, ilk diqqətçəkən məqam əziz müəllimim akademik Nizami Cəfərovun bu kitabın əvvəlində “Həqiqətin ardınca, yaxud elmi redaktordan” adlı yazının müəllifi qismində təqdimatı oldu. Digər maraqlı yazı hər zaman araşdırmalarını diqqətlə izlədiyim, heç bir ad üçün deyil, sadəcə, elm üçün tədqiqatlar aparan, yeri düşdüyündə mənim də məsləhətlərinə ehtiyac duyduğum Əli Şamilin yazısı oldu. Bu iki elm fədaisinin yazısı kitabda maraqlı faktların olmasından xəbər verirdi.
Hər zamankı adətimə uyğun olaraq, ilk işim kitabı vərəqləyib ümumi mənzərə ilə tanışlıq oldu. Bir yığın siyahı, rəqəm, tarix, hesabat xarakterli yazı, xüsusilə də “miladi” , “hicri” və “şəmsi” təqvimləri arasında yaranmış zaman fərqlərinin izahı diqqətimi çəkdi. Və fikrimdən qeyri-ixtiyari “bu yazıların Dədə Ələsgərlə nə əlaqəsi var?” sualı keçdi. Bütün bunlardan sonra kitabın müəllifi haqda məlumata nəzər saldım.
Nazir Surxay oğlu Əhmədli. 1961-ci il, Dərələyəz mahalı , Gabud kəndi və s. Təbii ki, tanış imza idi. “Bəs, Nazir Əhmədlini Dədə Ələsgərlə nə birləşdirir?” sualına cavab tapmaq məqsədilə kitabı oxumağa başladım.
Tarixə nəzər saldıqda hətta orta əsrlərdə belə müxtəlif ölkələrdə əhalinin siyahıyaalınması prosesinin şahidi oluruq. Müasir hesablama texnikasının və dünya əhalisinin sayının müəyyənləşdirilməsi probleminin mövcud olmaması bu siyahıların sırf vergi siyasətinə xidmət etdiyini söyləməyə əsas verir. Bu kitabda verilən siyahıların da bu məqsədə qulluq etdiyi dəqiqdir. Onu da deyim ki, Azərbaycanda N.Əhmədli kameral sənədlər üzərində tədqiqat aparan, onları müəyyən ardıcıllıqla oxuculara çatdıran ilk şəxsdir. Müəllifin yazdığına görə tədqiqata cəlb olunmuş sənədlər 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış “Türkmənçay” sülh müqaviləsindən sonrakı dövrü əhatə edir. Təbii ki, yeni ələ keçirilmiş torpaqlar, onların sərhədinin müəyyənləşdirilməsi, əhalinin sayı və etnik tərkibi, məşğul olduqları sənət növləri, əkin sahələri və başqa bu kimi məsələlər rus imperiyasının rəhbərlərini çox maraqlandırırdı. İşğaldan əvvəlki dövrdə bu torpaqlarda kimlərin, hansı tərkibdə yaşadığı, idarəçiliyin aparılması qaydaları da Rusiya imperiyası üçün maraqlı idi. Elə ona görə də İran dövləti Rusiyanın tələbini nəzərə alaraq müqavilənin III maddəsində irəli sürülən: “İran şahı hәzrәtlәri öz adından, öz vәrәsәlәri vә varisləri adından Arazın o tayı vә bu tayı üzrә İrәvan xanlığını vә Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyәtinә güzәşt edir. Şah hәzrәtlәri güzәşt nәticәsindә hazırkı müqavilәnin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çәkilәn hәr iki xanlığın idarә edilmәsinә aid olan bütün arxivlәri və ictimai sәnәdlәri Rusiya rәisliyinә vermәyi vәd edir” tələbini qəbul edir. Sonrakı müddətdə isə çarizm tərəfindən yerinə yetirilmiş siyahıyaalma 5 dəfə və müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir.
İlk siyahı 1831-ci ildə İ.Şopenin rəhbərliyi ilə aparılmış, burada ərazinin relyefi, təbii su mənbələri: göllər və çaylar, əraziyə daxil olan dağ və zirvələr, meşə zolağı, elatın yayda köçdüyü yaylaqlar və sair haqda məlumat vermişdir.
İkinci siyahı 1842-ci il tarixində tərtib olunmuşdur. Növbəti 1852, 1859, 1873 illərdə tərtib olunmuş siyahılar da kitabda öz əksini tapmışdır. Təbii ki, əlində belə maraqlı, vacib sənəd olan istənilən şəxs o dövrdə həmin ərazidə yaşayan tanınmış şəxslərin mənsub olduğu nəsil, tayfa, kənd və digər bu kimi məlumatları araşdırmaq fikrinə düşəcəkdi. Və təəccüblü deyil ki, Nazir Əhmədli də qeyri-ixtiyari olaraq dədəmiz Qorquddan “dədəlik” missiyasını miras olaraq alan Dədə Ələsgər, onun ailə üzvləri, şəyirdlik etdiyi Aşıq Alı, bütün Azərbaycanı təəssüf və göz yaşlarına boğan “Ələsgər-Şəhrəbanu” mövzusunun həqiqətə nə qədər yaxın olması haqda belə bir araşdırma aparmışdır. Onu da deyim ki, bu təhqiqatlar yalnız Göyçə mahalında yaşayan aşıq və el şairlərinə aid deyil. Burada şəmkirli Aşıq Söyün, Aşıq Məmmədhüseyn kimi şəxslərə aid dəyərli məlumatlar da yer almışdır. Müəyyən mətləblərə aydınlıq gətirmək, o dövrdə yaşayıb yaradan, lakin qismətlərinə uzun müddət “gizli qalmaq” payı düşən bir neçə el şairi də ilk dəfə olaraq bu kitabda ictimaiyyətə təqdim edilmişdir.
Doğrudur, elə inkişaf və yeniliklər var ki, onların qəbulu və dərk olunması cəmiyyət üçün çətinlik yaradır. Xüsusilə də bu məlumatlar xalqın sevgisini qazanmış, yaradıcılığı xalqın hər bir fərdinin yaddaşına həkk olunmuş insana aiddirsə, vəziyyət daha mürəkkəb xarakter alır. Təbii ki, bu kitabda təqdim olunan bəzi məlumatların qəbul edilməsi də zaman tələb edir.
Şübhəsiz ki, N.Əhmədli XIX əsrin üç nəhəng sənətkarını: Ağ Aşıq, Aşıq Alı və Aşıq Ələsgəri siyahılarda axtarır. Maraqlı nəticələrlə qarşılaşan müəllif aşkar etdiyi müəyyən məqamları oxucularla paylaşmaq qərarına gəlir. Çox maraqlıdır ki, müəllif ilk axtarışlarında pərişanlıq yaşayır. Çünki 1831-ci il siyahısında böyük ümidlərlə axtardığı Ağkilsə kəndi və orada yaşamalı olan 10 yaşlı Ələsgəri tapa bilmir. Və hər şey də bundan sonra başlayır. Ardıcıl olaraq aparılan axtarışlar bir neçə istiqamətdə davam etdirilir: “Əgər Ələsgər bu siyahılarda yoxdursa, Ağkilsə kəndi rəsmi dövlət sənədlərində hələ məskunlaşmamış kəndlər sırasında göstərilirsə, aşığın valideynləri, ustadı hardadır? Hələ sağlığında şeirləri dillər əzbəri olan, dastanlaşmış bir sənətkarı harada axtarmalı? Dədə Ələsgərin öz ustadı Aşıq Alı ilə deyişməsi və onu “bağlaması” həqiqətdirmi? Əgər bu doğrudursa, hadisə neçənci ildə baş vermişdir? Bəs geniş bilik və istedada malik olan Aşıq Alının ustadı Ağ Aşıq haradan və nə zaman gəlmişdir?” Bu suallarla axtarışa çıxır Nazir müəllim.
Müəllif kitabı yazma məramını belə açıqlayır: “Biz həmin kameral təsvir sənədlərindən istifadə etməklə o qədər də uzaq olmayan tariximizi, əhalinin etnik tərkibini, yerdəyişmə dinamikasını, işğaldan sonra İrandan və Türkiyədən Qafqaza, xüsusilə Qarabağa, Naxçıvan və İrəvan xanlıqlarına köçürülən ermənilərin miqdarını və etnik tərkibini onların xeyrinə necə dəyişdirilməsinin də şahidi oluruq”. Təbii ki, müəllif bu sətirləri yazarkən tarixə rus-türk müharibəsi adı ilə daxil olmuş silsilə savaşları və XIX əsrin əvvəllərindən başlayaraq öncə 1813-cü il “Gülüstan”, sonra isə 1828-ci ildə “Türkmənçay” sülh müqavilələri ilə nəticələnmiş İran-Rusiya müharibələrini nəzərdə tutmuşdur. Tərcüməsi “qarşılıqlı hərb” mənası verən müharibələrdə məntiqi olaraq qalib və məğlub tərəflər olur. Həmişə qalib tərəf öz gücünə arxalanaraq iradəsini məğlub tərəfə qəbul etdirir ki, 1828-ci il müqaviləsi də buna əsaslanır. Azərbaycanın tarixi torpaqlarının bölünməsi ilə nəticələnən müqavilənin XIV maddәsində yazılmışdır: “Ümumiyyәtlә, hәr iki dövlәtin sakinlərinә gәldikdә isә, razılığa gәlәn yüksәk tәrәflәr qәrara alır ki, hәr iki tәrәfin bir dövlәtdәn o birinә keçmiş vә ya bundan sonra keçәcәk tәbәәlәri onların keçdiyi hökumətin icazә verdiyi hәr yerdә yurd sala vә yaşaya bilәr. (Türkmәnçay müqavilәsi 10 fevral 1828/1243) (عهدنامه تركمنچاى, Туркменчайский Договор) İnanırıq ki, kitabda “boşaldılmış və məskunlaşmamış kəndlər” ifadəsinin mənası bu maddədə tam aydın verilmişdir.
Bu nümunə və izahdan da görünür ki, tədqiqatın başlanması, bilavasitə, Aşıq Ələsgər və onun bioqrafiyası ilə bağlı deyil. Və sonradan meydana çıxan yeniliklər əldə olan sənədlərin həqiqətə nə dərəcədə uyğun olması, orada yaşayan türk-müsəlman ailələrinin hansı ardıcıllıq və əsaslara uyğun sıralanması baxımından araşdırılarkən meydana çıxmışdır.
Əldə edilmiş sənədlərdən göründüyü, eləcə də N. Əhmədlinin qeyd etdiyi kimi bəzi şəxslərin təvəllüd tarixi sonrakı mənbələrdə, sadəcə, xalq etimologiyası əsasında müəyyənləşdirilmiş, əbcəd hesablaması deyilən hesablama qeyri-dəqiq aparılmışdır. Buradaca demək istərdim ki, bu proses həm Ağ Aşığın, həm Aşıq Alının, həm də Dədə Ələsgərin doğum tarixlərində təhriflərə yol açmışdır. Ancaq bu tarixlərin hər hansı bir formada, bilərəkdən və ya bilməyərəkdən, səhv yazılması bu sənətkarların nə həyatına, nə də yaradıcılığına zərrə qədər kölgə salmır və sala da bilməz. Çünki dahilik tarixlə deyil, sənətkarlıqla əldə olunan bir ucalıqdır. Bu məqamların aydınlaşdırılması və haqqın üzə çıxarılması üçün gərgin çalışan müəllif ən sonda həqiqətin qələbə çalmasını istəyir.
Öncədən demək lazımdır ki, “Kameral təsvir” sənədlərinin tədqiqi müxtəlif elm sahələri üçün yeni üfüqlər açır. Elə bu baxımdan da kitabın bir sıra üstünlüklərindən bəhs etmək istərdik.
Kitabın bir üstün cəhəti kimi deyə bilərik ki, burada əhalinin etnik tərkibi, məskunlaşmış və boş qalan kəndlər, əhalinin yerdəyişmə mexanizmi, hansı toplumun haradan və haraya, nə zaman köç etməsi məsələləri də göstərilmişdir. Çar Rusiyası da vergi mükəlləfiyyətinin toplanması məsələsində ancaq kişi cinsinə mənsub olan insanların qeydə alınması prinsipini əsas götürürdü. Və təəccüblü deyil ki, sənədlərdə yeganə bir qadının Kərbəlayi Qurbanın həyat yoldaşı Yetərin adına rast gəlirik. Digər maddələrdə yer alan ailələrdə isə yalnz kişi üzvlərin adı verilmiş, qadınlardan isə “ailədə 4 qadın var” formasında bəhs olunmuşdur.
Daha bir maraq doğuran cəhət siyahıda olan ailələrin maddi durumu haqda geniş məlumatın verilməsidir. İnsan resurslarından bəhs edərkən onların yaşadıqları cəmiyyətdəki rolu da nəzərə alınmışdır. Bəzi adların qarşısında “molla”, “aşıq”, “şair” kimi ifadələrə rast gəlirik. Siyahılarda əhalinin maddi vəziyyəti də aydın şəkildə əks edilmişdir. Əkin sahələri o zamankı qaydalara uyğun olaraq “xalvar” ölçü vahidi, iri və xırda buynuzlu mal-qara isə “baş” numerativ sözü ilə ifadə olunmuşdur. Onu da demək istərdik ki, İ.Şopenin tərtib etdiyi kameral təsvir siyahıları digərlərinə nisbətən, daha demokratik olmaları ilə seçilir. Belə ki, kəndlər və oranın əhalisini xarakterizə edən İ. Şopen öncə orada yaşayan əhalinin etnik tərkibi, yerləşdikləri kəndin həmsərhəd olduğu ərazi, camaatın ümumi məşğuliyyəti və onların çox hissəsinin maddi durumu haqda məlumat vermişdir. Şübhəsiz ki, sonrakı dövrlərdə-1842,1852, 1859, 1873-cü illərdə tərtib olunmuş sənədlər 1831-ci il təsvirləri əsasında aparılmış, o zaman Novobəyazid qəzasının Göyçə mahalında baş vermiş daxili və xarici köç, yerdəyişmə prosesləri məhz birinci siyahıya nəzərən icra olunmuşdur.
Diqqəti cəlb edən, mən deyərdim ki, bəlkə də ən maraqlı məlumat Göyçə mahalı, onun şimal-şərq və cənub-qərb istiqamətlərdən əhatə olunduğu dağlar, əsrarəngiz təbiəti, neçə əsr əvvəl “Kitabi-Dədə Qorqud” dastanının bir neçə yerində adı keçən Göyçə gölünün tarixi, “Göyçə” vahidinin etimologiyası haqda məlumatlardır.
Əsərin yeniliklərindən biri də yaşadıqları mahalda böyük nüfuza sahib olub, şeirləri dillərdə dolaşan daha üç söz azmanının: Aşıq Qara, Aşıq Rüstəm və Şair Mustafanın oxuculara təqdim edilməsidir.
Təbii ki, yuxarıda bəhs etdiyimiz və bəhs etməyib, bu missiyanı oxucuların mühakiməsinə buraxdığımız digər məqamlara “Haqq-nahaqq seçilər Haqq divanında” kitabında aydınlıq gətirə bilərsiniz.
Şübhə etmirik ki, Nazir Əhmədli gələcəkdə də bu işi davam etdirəcək. Təkcə Dərələyəz və Göyçə mahallarının Kameral təsvirlərini verməklə kifayətlənməyərək, indi düşmən əlində inləyən digər mahallarımız və orada yaşamış ulularımız haqda dəyərli məlumatların üzə çıxarılmasına vəsilə olacaq.
Nailə Mirzəyeva,
filologiya üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.