“Aytam” uşaqların sevimli ocağına çevrilib

Uşaqlar ailənin sevinci, millətimizin, dövlətimizin, dünyamızın sabahıdır. Odur ki, onların hərtərəfli inkişafı, vətənpərvər ruhda böyüməsi, gələcəkdə cəmiyyətə  layiqli vətəndaş olaraq yetişməsi  çox önəmlidir. “Aytam”  Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi   də bunu nəzərə alaraq, yarandığı gündən məhz  bu istiqamətdə fəaliyyət göstərir. Təşkilat rəhbəri Aygün Zamanlı ilə  yay mövsümündə “Aytam”ın  fəaliyyəti, təşkilatın gördüyü işlərdən və gələcək planlarından danışdıq.

1995-ci ildə yaradılan “Aytam” artıq bu illər ərzində  uşaqların sevimli məkanına çevrilib. Aygün Zamanlı deyir ki, ixtisasca müəllim olması  onun uşaqlar aləminə daxil olmasına, onların öz dili ilə danışıb ünsiyyət quraraq dünyagörüşlərinin formalaşmasına , düzgün istiqamətlənməsinə  böyük təsir edib. O dedi:

– Uşaqları çox sevirəm. Həmişə istəmişəm ki, gələcəyimiz olan uşaqlar, yeniyetmələr həm də mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə bağlı layiqli vətəndaş olaraq böyüsünlər. Ona görə də “Aytam” mütəmadi olaraq ədəbi-mədəni tədbirlər keçirir, tarixi abidələrə, mədəniyyət ocaqlarına, muzeylərə ekskursiyalar təşkil edir. Bu il Yanardağ, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğuna, “Şirvanşahlar Sarayı Kompleksi”  Dövlət Tarixi -Memarlıq Qoruq –Muzeyinə, “Atəşgah məbədi”  Dövlət Tarix-Memarlıq Qoruğuna və digər məkanlara ekskursiyalar təşkil etdik. İlk  səfərimiz Quba şəhərinə oldu. Bakının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət  55  nəfər gənc Qubanın gəzməli və görməli yerləri ilə tanış oldu, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi. Uşaqlar bu gəzintilər zamanı tariximizlə bağlı həm vacib biliklər əldə edir, həm də əylənir, asudə vaxtlarını səmərəli keçirirlər.  Tədbirlərimiz bununla bitmir,  biz Bakıda fəaliyyət göstərən  müxtəlif məktəblərlə, dövlət qurumları ilə, səfirliklərlə də  əməkdaşlıq edirik.

  Aygün Zamanlının sözlərinə görə,  təşkilatın fəaliyyət istiqamətində  ilk növbədə həm də uşaqların vətənpərvərlik duyğuları ilə böyüməsi dayanır. Ədəbi-bədii kompozisiyalar, səhnəciklər vasitəsilə  onlara millətə, dövlətçiliyə sevgi aşılanır. 

“Aytam” həmçinin fəal və istedadlı , yaradıcı uşaqların mərkəzinə çevrilib. Təşkilat nəzdində fəaliyyət göstərən “Oxu tar” ansamblı məhz bu cür yaradıcı uşaqlardan ibarətdir.  Əsmayə Rüstəmovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərən ansamblın muğam ifaları, musiqi nömrələri hər zaman alqışlarla qarşılanır.

“Aytam”ın görəcəyi  saysız-hesabsız işlər hələ qabaqdadır. Yeni ideyalar, yeni layihələr, maraqlı tədbirlər deməkdir. Odur ki, Aygün Zamanlı yeni mövsümə fəal üzvlərlə birgə yeni ideyalarla hazırlaşır. Ən böyük arzusu isə Qarabağda, Ağdamda uşaqlarla birgə çıxış etməkdir. “ İstərdim ki, təşkilat fəalları ilə birgə Ağdama səfər edib, əsgərlər qarşısında  maraqlı və zəngin proqramla çıxış edək. İnanıram ki, bu səfər onlar üçün çox maraqlı və yaddaqalan olacaq,” – deyə bildirir.

Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında