“Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşri hazırlanacaq

Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşrinin hazırlanması ilə əlaqədar müşavirə keçirildi.

Müşavirəni muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan muzeyin yaranma tarixi və bugünkü fəaliyyət istiqamətləri barədə məlumat verdi. Dahi şairin yaradıcılığından söz açan akademik onu dünya miqyasında tanınmış mütəfəkkir kimi xarakterizə etdi, böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu söylədi.

R.Hüseynov bildirdi ki, beynəlxalq nəşrin məqsədi ilk dəfə Nizami Gəncəvinin yaradıcılığı haqqında Azərbaycanda və dünyada aparılan bütün tədqiqatları, nəşrləri, tərcümələri əhatə edən müfəssəl biblioqrafiyanın hazırlanmasıdır. Müşavirə Nizami Gəncəvi haqqında yeni materialların toplanmasına, bu sahədə müxtəlif tədqiqatların aparılmasına zəmin yaradacaq. Natiq vurğuladı ki,  muzeydə dahi Azərbaycan şairi ilə bağlı aktual problemləri əhatə edən müşavirə və konfransların keçirilməsi mütəmadi hal alacaq, vaxtilə burada mövcud olmuş Nizami lektoriyasının fəaliyyəti bərpa ediləcək.

R. Hüseynov qeyd etdi ki, Nizami Gəncəvi haqqında biblioqrafiya ilk dəfə şərqşünas alim Rüstəm Əliyev tərəfindən hazırlanmışdır. Lakin digər nəşrlər kimi Nizami haqqında yazılmış əsərləri tam əhatə edən kitab bugünədək işıq üzü görməyib. Ona görə də Nizami Gəncəvi haqqında dünyada nəşr olunan bütün kitab, məqalə və hətta diplom işlərinin bir yerə toplanması zəruridir. Bu işlərin uğurla aparılması üçün tədbirlər planı hazırlanacaq və nəşrə məsul şəxslər mütəmadi görüşərək görülmüş işlər haqqında məlumat verəcəklər.

Muzeyin direktoru yeni nəşrin hazırlanmasında kömək göstərən araşdırmaçı, naşir Əli Polad Vahabzadənin fəaliyyəti barədə də məlumat verdi. Bildirdi ki, naşir və mədəniyyət hamisi Ə.P.Vahabzadə Ömər Xəyyamın fars, Azərbaycan, türk, ingilis və rus dillərində fundamental nəşrlərin, Mirzə Əli Möcüzün “Divan”ının, Təbriz şəhərinin tarixi və mədəniyyəti haqqında ensiklopedik nəşrin müəllifidir. O, bir çox dəyərli kitabların hazırlanmasına və çapına kömək göstərib, bu nəşrlərin kitabxanalara və ayrı-ayrı şəxslərə təmənnasız paylanılmasını təmin edib.

Qeyd edilib ki, Ə.P.Vahabzadənin koordinatorluğu ilə İran və Türkiyədə yaradılan xüsusi qruplar həmin ölkələrdə Nizami Gəncəviyə aid mövcud nəşrlərin toplanması işinə başlayıblar. Azərbaycanda da bu iş Ədəbiyyat Muzeyinin əməkdaşlarının və respublikanın tanınmış nizamişünaslarının iştirakı ilə gerçəkləşdiriləcək.

Ə.P.Vahabzadə, professor, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, professorlar Xəlil Yusifli, İmamverdi Həmidov,Tofiq Cahangirov və başqaları çıxışlarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya miqyasında təbliğ olunmasında hazırlanacaq beynəlxalq nəşrin əhəmiyyətini qeyd etdilər, bu işin daha mükəmməl təşkili üçün təkliflərini bildirərək, bu sahədə yeni tədqiqatların aparılmasının vacibliyini vurğuladılar.

Qabil YUSİFOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında