Kino sənətimizin inkişafında yeni addımlar atılır

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Məlumat üçün bildirək ki, əvvəllər Azərbaycanın kino tarixinin 1916-cı ildən “Neft və milyonlar səltənətində” filmi ilə başlandığı güman edilirdi. Ancaq 1996-cı ildə Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film – “Balaxanıda neft fontanı” Bakıda nümayiş etdirilmişdi.

Ötən dövr ərzində milli kinomuz şərəfli inkişaf yolu keçmişdir. Müstəqillik illərinin əvvəllərində milli kinomuz ciddi çətinliklərlə qarşılaşmışdır. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi kino sahəsində də canlanma yarandı.

Son illər Azərbaycan kinosunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətimiz mühüm tədbirlər həyata keçirir. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı. Bu Dövlət Proqramı kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni stimul verdi.

Milli kino sənətimizin istehsal mərkəzi olan “Azərbaycanfilm” kinostudiyasının da fəaliyyəti tədricən bərpa olunmağa başladı.

Bəs bu gün “Azərbaycanfilm” kinostudiyası hansı qayğılarla yaşayır?

Kinostudiyanın direktoru Müşfiq Hətəmov bu barədə söhbət açaraq bildirdi ki, son illər çəkilmiş yeni filmlərimiz altmışdan artıq ölkədə nümayiş olunmuş, 180-dən çox festivalda iştirak etmişdir. Ancaq bu, bizim nail olmaq istədiyimiz hədəf deyil. Arzuladığımız məqama çatmaq üçün hələ çox çalışmalıyıq. Uzun illər kinodakı problemləri kompleks şəkildə yox, ayrı-ayrı detallar şəklində həll etməyə səy göstərilib.. Bu gün Mədəniyyət və Turizm Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Azərbaycanfilm” kinostudiyasında hansısa epizodik texniki problemləri yox, köklü kino sənayesi məsələsini həll etmək lazımdır. Bu proses təkcə bizdə yox, keçmiş Sovetlər Birliyindəki bütün ölkələrdə davam edir. Bu məsələnin həll olunması istiqamətində çox ciddi addımlar atılır.

Kadr problemi bu məsələlər arasında vacib olanıdır. Bununla bağlı Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərə müraciət etmişik. Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə gənclərin oxumağa göndərilməsi nəzərdə tutulub. İxtisaslar kino və televiziya rejissoru, kinooperator, animasiya və kompüter qrafikası rejissorluğunu əhatə edir.

Yaradıcı atmosferin gücləndirilməsi üçün 30-a yaxın gənci “Azərbaycanfilm”ə cəlb etmişik. Onların uğurlu layihələri ilə yanaşı, zəif işləri də oldu. İndi ikinci mərhələdə gəncləri kinostudiyaya dəvət etmək istəyirik. Bunun üçün artıq ilk addımlar atılıb. Kinostudiyada bizim hörmətli rejissorumuz Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc simenaçılar” klubu yaradılıb. Gənclərin cəlb olunması, onların sınaqdan keçirilməsi bizim qarşımızda duran vacib məsələlərdən biridir.

Direktor əlavə etdi ki, 2017-ci il bizim üçün maliyyə baxımından ağır ildir. Ümumilikdə, altı studiyaya 1 milyon manat pul ayrılıb. Başa düşürük ki, bu müvəqqəti haldır. Əsas odur, ölkəmizdə olan azsaylı peşəkar mütəxəssislərin bu sahədən uzaqlaşmasının qarşısını alaq. Biz yetişdirdiyimiz, hazırladığımız kadrların müvəqqəti maliyyə sıxıntısına görə bu sahədən uzaqlaşmasına imkan verə bilmərik. Nəyin bahasına olursa-olsun, onları qorumalıyıq. Çünki onları Azərbaycan dövləti yetişdirib, bu kadrlar ölkəmizin kino təhsilinin yetirmələridir.

Kinostudiyada bədii şura fəaliyyət göstərir. Razıyam, yaradıcı müstəvidə tam obyektiv olmaq çətindir və sənin həqiqi sənət bildiyini başqaları inkar edə bilər. Bu cür faktlar, mübahisələr kino, teatr, ədəbiyyat sahəsində kifayət qədər olub. İşini bilən, istedadı olan bircə rejissor göstərin ki, ona film verilməyib. Vacib olan həqiqi yaradıcılıqdır. Rejissor var ki, biz ona dəfələrlə müraciət etsək də, istədiyi səviyyədə ssenari olmadığına görə həmişə vaxt istəyir. Amma axtarıb-araşdırır. Çünki işinin məsuliyyətini başa düşür.

Siz də bilirsiniz ki, kino böyük məbləğdə vəsait tələb edir. Vəsaitin azalması böyük problemlər yaradır. Biz bir məsələni başa düşməliyik ki, indi “Azərbaycanfilm”in əsas məqsədi peşəkar kino məktəbini qoruyub saxlamaqdır.

Kinoya yeni nəsil gəlir. Özəl studiyaların inkişafı prosesi başlayıb. Problem ondadır ki, Azərbaycanda kinoprokat sistemi çətin vəziyyətdədir. Kiçik bir ərazidə distribütor sistemi yaradılıb, bir studiyanın kinoteatrı o birinin filmini göstərmir.

Türkiyədə, Rusiyada, İngiltərədə, Almaniyada müxtəlif kino ixtisasları üzrə təhsil almış gənclərimiz “Azərbaycanfilm”də çalışırlar. Bu, bizi çox sevindirir və onlarla əməkdaşlıq edirik. İstedadlı gənc rejissorların istehsal prosesini bilməmələri bizə əlavə problem yaradır. Bəzən onların qeyri-peşəkar hərəkətləri istehsal prosesinə ziyan vurur.

Azərbaycan kinosunun ən ciddi problemi ssenari problemidir. Bu, yaradıcı işdir və çox vaxt oxuyub-öyrənməklə başa gəlmir. İnsan kinonun bütün meyarlarını, tarixini çox gözəl mənimsəyə bilər, amma praktik yaradıcılığa gələndə, görərsən ki, heç nə alınmır.

İndi bizdə “facebook sənətkarları” meydana gəlib, elə bilirlər, Tarkovskidən, Fellinindən danışmaqla adam yaxşı rejissor, istedadlı ssenarist olur. Smartfon telefonla, yaxud fotoaparatla film çəkən gənclər var ki, dünyanı gəzirlər. Bizdə plagiatla məşğul olan kinoşünaslar meydana gəlib. Onlar hər şeyi qara rəngdə görməyə öyrəşiblər. Amma şükürlər olsun, işıqlı, yaxşını pisdən ayırmağı bacaran kinoşünaslarımız, az da olsa, var.

Müşfiq müəllim kinostudiyanın təmiri məsələsinə də toxundu. Bildirdi ki, bu məsələ gündəmdədir. Heç şübhəsiz kinostudiya tezliklə təmir olunacaq. Öz vəsaitimiz hesabına kinostudiyanın iki mərtəbəsində əsaslı olmasa da, müəyyən təmir işləri aparmışıq. Zallarımızı bərpa etmişik, yeni montaj studiyaları yaratmışıq. Çəkiliş pavilyonlarımızı qismən də olsa bərpa etmişik. Əgər kinostudiyada əsaslı təmir və yenidənqurma işləri aparılarsa, texniki bazası yaradılarsa, dövlət vəsaitinə də qənaət edilər. Belə olsa, kinostudiya öz pavilyonu, texnikası, rekviziti ilə özü-özünə dəstək olar, eyni zamanda, dövlət vəsaitinə də qənaət edilər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında