Azərbaycanı bütün dünyaya tanıtdıran, sevdirən dahi müğənni Müslüm Maqomayevin bu il avqustun 17-də 75 yaşı tamam olacaq. Korifey sənətçi ilə 19 il əvvəl “Xalq qəzeti” üçün baş tutan eksklüziv müsahibəm barədə qeydlərimi ətraflı şəkildə ilk dəfə oxuculara təqdim etmək istəyirəm.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev bütün həyatı boyu ecazkar mahnıları ilə doğma Azərbaycanı, Bakını sonsuz sevgi ilə tərənnüm edib. Artıq doqquz ilə yaxındır ki, milyonların sevimlisi olan müğənni cismən həyatda yoxdur. Amma, bu, bir təkzibolunmaz həqiqətdir ki, Müslüm Maqomayevin məlahətli səsi, ölməz mahnıları milyonların qəlbindədir.
Bəli, Müslüm sənəti daimidir, əbədiyaşardır! Mən indi son yarım əsrdə keçmiş SSRİ məkanında “mahnı kralı” adlandırılan Müslüm Maqomayevin parlaq, qeyri-adi ifaçılıq məharəti barədə geniş söz açmaq fikrində deyiləm. Düşünürəm ki, belə bir məsuliyyətli işi öz üzərlərinə musiqişünaslar götürməlidir. İnsafən, onlar bu şərəfli missiyanı yorulmaq bilmədən görürlər. Məramım tamam başqadır. Sadəcə, “Xalq qəzeti” üçün Müslüm Maqomayevdən aldığım eksklüziv müsahibədən bəhs etmək istəyirəm...
1998-ci il oktyabrın 11-də müstəqil Azərbaycanda növbəti prezident seçkiləri keçirilirdi. Seçkilər mövzusu, təbii ki, ölkə mediasının diqqət mərkəzində idi. “Xalq qəzeti” baş redaktorunun birinci müavini Qəzənfər Qəribova bildirdim ki, Moskvada yaşayan Azərbaycan vətəndaşlarının səsvermə prosesində iştirakı ilə bağlı operativ yazı hazırlamaq istəyirəm. O, fikrimi bəyəndi, elə öz otağından Azərbaycanın Moskvadakı səfirliyinə telefon açmağımı təklif etdi.
O zaman səfirliyin mətbuat xidmətinin katibi vəzifəsində Fərhad Ağamalıyev adlı təcrübəli bir jurnalist çalışırdı. Fərhad müəllimə telefon açdıq. O, səfirlikdə səyyar seçki məntəqəsi təşkil olunduğunu, Moskvada yaşayan soydaşlarımızın bu mühüm siyasi kampaniyada fəal iştirak etdiklərini bildirdi. Konkret rəqəmlər səsləndirdi, günün sonunda səsvermənin yekun nəticələri barədə bir daha məlumat verəcəyini vəd etdi.
Mətbuat katibindən Moskada yaşayan tanınmış soydaşlarımızdan kimlərin səs verdiklərini soruşdum. Elə bunu demişdim ki, həmsöhbətim gülümsəyərək bildirdi:
– İndicə məşhur həmyerlimiz Müslüm Maqomayev zala daxil olub, səs verməyə hazırlaşır. Dərhal ağlımda gözəl bir ideya yarandı. Fərhad müəllimdən israrla xahiş etdim ki, böyük müğənni səs verdikdən sonra onu qəzetimiz üçün müsahibə verməsinə razı salsın.
Bu an yanımda əyləşən rəhmətlik Qəzənfər müəllimin üzünə baxdım. O da mənim kimi həyəcanlı idi. Nə gizlədim, dünya şöhrətli müğənninin tanımadığı bir jurnalistə müsahibə verməkdən imtina edəcəyindən ehtiyat edirdim. Amma, xoşbəxtlikdən hər şey arzu etdiyimiz kimi oldu. Bir neçə dəqiqədən sonra telefonda Müslüm Maqomayevin ürəyəyatımlı, məhrəm səsi eşidildi:
– Sizi eşidirəm, bakılı jurnalist!
Mən adımı, soyadımı söylədim. Söhbətə “bir şirinlik qatmaq üçün” Müslüm Maqomayevə Bakıda çox günəşli bir hava olduğunu söylədim.
– Bakı üçün çox darıxıram. Bütün həmyerlilərimə qəzetiniz vasitəsilə salamlarımı yetirməyinizi xahiş edirəm. Burada, Moskvada isə artıq soyuqdur. Macal düşən kimi, Tamara xanımla (həyat yoldaşı, SSRİ Xalq artisi Tamara Sinyavskaya nəzərdə tutulur--müəllif) Bakıya gələcəyəm. Oralar üçün burnumun ucu göynəyir... Bakıya son vaxtlar yolum az-az düşsə də, Azərbaycanı özümlə hər yerdə qəlbimdə gəzdirirəm!
Müslüm Maqomayev son sözünü xüsusi vurğu ilə dedi. Hiss edirdim ki, Bakı, Azərbaycan haqqında danışmaq onu çox duyğulandırır. Sonra böyük müğənniyə “Xalq qəzeti” barədə, eləcə də redaksiyanın yerləşdiyi yer barədə də məlumat verməyə çalışdım.
– Yaxşı xatırlayıram, “Nizami” kinoteatrının düz yanındadır. Mənim uşaqlığım, yeniyetməliyim o tərəflərdə keçib... Eh, necə də gözəl, qayğısız günlər idi...
– Siz dahi Azərbaycan şairi Nizami roluna da çəkilibsiniz...
– Bu rolda çəkilməyi mənə dostum Eldar (Xalq artisti, rejissor Eldar Quliyev nəzərdə tutulur – müəlif) təklif edib. Nizami dünya poeziyasında elə bir uca zirvədir ki, Yer kürəsinin hər yerindən görünür.
Yeri gəlmişkən, mən dahi şairin sözlərinə başqa bir dahinin – Üzeyir Hacıbəyovun yazdığı “Sənsiz” romansını iki il qabaq Bakıda, Respublika sarayında (indiki Heydər Əliyev sarayı-müəllif) böyük həvəslə ifa etdim. Yəqin ki, məlumatınız var. Həmin konsertdə dahi Heydər Əliyev də zalda idi. Bu romansı böyük Bülbüldən sonra oxumaq asan deyil. Mən onu öz üslubumda oxudum.
– Sizin həmin konsertin videosu Azərbaycan televiziyası ilə tez-tez yayımlanır. Böyük zövq alırıq...
– Dərin təşəkkürümü bildirirəm.
Nəhayət, seçkilər mövzusuna keçdik:
– Müslüm müəllim, sirr deyilsə, kimə səs verdiniz?
– Əlbəttə, yaxın dostum Heydər Əlirza oğluna səs verdim! Başqa kimə səs verə bilərəm ki? Məgər bu dahi siyasətçini başqa namizədlərlə müqayisə etmək olar?!
– Heydər Əlirza oğlunun necə dahi siyasətçi olduğunu bütün dünya bilir. Allah onu qorusun!
Beləcə, telefon bağlantısı bitdi. Özümü çox şanslı sayırdım. Baş redaktorun müavini “necə söhbət etmisən, elə də yaz”, – dedi. Ertəsi gün qəzetdə Azərbaycanın Moskavadakı səfirliyində səsvermənin təşkili, Müslüm Maqomayevin səsvermə zamanı qəzetimizə eksklüziv müsahibə verməsi ilə bağlı məqaləm dərc olundu.
Yeri gəlmişkən, mən Moskvada Müslüm Maqomayevi canlı olaraq dinləmişəm. 1977-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin üçüncü kursunda oxuyurdum. Bir dəfə azərbaycanlı tələbələri, o cümlədən məni Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə çağırdılar. Nümayəndəliyin rəhbəri Camaləddin Maqomayev (böyük müğənninin doğma əmisidir) bizə Müslüm Maqomayevin “Rusiya” konsert zalında keçiriləcək solo konsertinə bir neçə bilet verərək dedi:
– Bunları Müslüm özü MDU-nun azərbaycanlı tələbələri üçün ayırıb. Gedib baxarsınız!
Əlbəttə, bu, olduqca xoş bir sürpriz idi! O dönəmdə Müslüm Maqomayevin solo konsertinə düşmək fantastik bir uğur sayılırdı. Moskvada, bu, lap çətin idi. Üstəlik, böyük müğənni özü bizi konsertinə dəvət etmişdi. Tələbə üçün bundan yaxşı nə ola bilərdi ki?! Vaxt-vədə yetişdi. Möhtəşəm bir konsert oldu. Müğənni həmişə olduğu kimi, şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi məşhur “Azərbaycan” mahnısı ilə başladı. Populyar mahnılarla yanaşı, kinolara yazılmış mahnıları da ifa etdi.
Biz o anlarda özümüzü dünyanın ən xoşbəxt insanları hesab edirdik. Müslüm Maqomayevin Azərbaycan xaqlına, xalqımızın da öz Müslümünə sevgisi sonsuz idi. Əminəm ki, bu sevgi heç vaxt tükənməyəcək.
...Lap son günlərin söhbətidir.“Facebook”da tanınmış jurnalist, İctimai Televiziyanın Gəncə bürosunun rəhbəri Vaqif Tanrıverdiyev Müslüm Maqomayevin Tamara Sinyavskaya ilə birgə ifa etdiyi möhtəşəm “Azərbaycan” mahnısının videosunu paylaşaraq yazıb: “ Tamara Sinyavskaya müsahibələrindən birində deyir ki, Müslümdən başqa doğma heç kimim yoxdur... Duetdəki sevinc də bu doğmalığın yaratdığı qürurdan qaynaqlanır...”
Vaqif müəllim haqlıdır. Tamara xanımın Müslüm Maqomayevin xatirəsini bu qədər əziz tutması hər birimizin qəlbində qürur doğurur. Onların ifası, həqiqətən, necə də möhtəşəm səslənir:
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan,
Azərbaycan,
Azərbaycan!
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.