Naxçıvanda “Göy quş” tamaşasına baxış olub

İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, Naxçıvan teatrında ilk dəfə səhnəyə qoyulan “Göy quş” pyesi nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmış bu fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Tamaşada odunçunun oğlu Tiltil və qızı Mitilin qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy quşun axtarışına çıxaraq başqa xatirələr, gecənin sarayı, meşə, xoşbəxtliklər bağı, xoşbəxt gələcək dünyalarına səyahətlərindən bəhs olunur. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar.

Tamaşanın sonunda bacı və qardaş yuxudan oyanaraq, öz dünyalarına qayıdırlar. Məlum olur ki, onların səyahəti bir gecə ərzində baş verib. Onlar başa düşürlər ki, xoşbəxtlik simvolu olan Göy quş hər kəsin öz qəlbindədir. Hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır. Xoşbəxt olmaq istəyənlər xeyirxah olmağı bacarmalıdırlar. Ən böyük xoşbəxtlik isə ana, valideyn sevgisidir. Tamaşadakı uşaq obrazları bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə edərək əsərin ideyasının açılmasına imkan verir.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Əməkdar rəssam Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Respublikanın Əməkdar artistləri Behruz Haqverdiyev, Əli Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktyorlardan Heyran Abdullayeva, Vəli Babayev, Şölə Novruzbəyli və Fatimə Yusifli əsərin uğurlu səhnə həllinə nail ola biliblər.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.

Ali Məclisin sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq hər il müxtəlif janrlarda əsərlər seçilərək Naxçıvan teatrında səhnəyə qoyulur. Belə tamaşalardan biri də Moris Metterlinqin “Göy quş” fəlsəfi əsəri əsasında hazırlanmış tamaşadır. Naxçıvan teatrında tarixi, dram, komediya və digər janrlarda əsərlər oynanılıb. Son dövrlərdə fəlsəfi janrda yazılmış əsərlər də səhnəyə qoyulur. Belə əsərlərdən biri də “Göy quş” pyesidir. Rejissor işi, səhnə dekorasiyaları, musiqi tərtibatı, peşəkar aktyorlarla yanaşı, muxtar respublikada fəaliyyət göstərən teatrların həvəskar və gənc aktyorlarının çıxışları tamaşanın uğurlu alınmasına səbəb oldu.

Ali Məclisin sədri deyib: Fəlsəfi janrda yazılmış əsərlər çətin qavranılmasına baxmayaraq, böyük mənalar ifadə edir. Ona görə də tamaşa muxtar respublikanın rayonlarında da göstərilməli, geniş kütləyə təqdim olunmalıdır.

Tamaşanın uğurlu alınması həm də Naxçıvanın inkişafının göstəricisidir. Çünki hər bir yerin inkişafı, təkcə iqtisadi deyil, həm də mədəni tərəqqi ilə ölçülür. Mədəni yüksəliş olmadan ümumi inkişafı təmin etmək mümkün deyil.

 Ali Məclisin sədri rejissora və kollektivə təşəkkür edib,  onlara yeni yaradıcılıq uğurları arzulayıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında