Milli mətbuatımızın şah əsəri

 

 

 

 

 

 

 

 

 


Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla  Nəsrəddin” xüsusi ədəbi məktəb yaratmış, milli mətbuatımızın inkişafının qızıl səhifələrini yazmışdır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Aprelin 7-də “Molla Nəsrəddin” satirik jurnalının nəşr edildiyi tarixi gündən 111 il keçir. Böyük demokrat Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətində ən uca zirvəni təşkil edən “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli oyanışında mühüm rol oynamışdır.

“Molla Nəsrəddin” XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan mürəkkəb ictimai- siyasi şəraitdə meydana gəldi. Böyük ədibin yazdığı kimi, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.

Min nüsxə tirajla çap olunan birinci nömrə sonrakı bütün nömrələr üçün fəaliyyət proqramı idi. Bu nömrə Cəlil Məmmədquluzadənin “Şərqi Rus” qəzetindən yaxşı tanıdığı Ömər Faiq Nemanzadənin gücünə işıq üzü gördü. Jurnalın üz qabığındakı çox mənalı şəkil, həmçinin Cəlil Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” adlı proqram məqaləsi yatmış musəlman Şərqini oyatmağa səsləyirdi. O, mürgüləməkdə olan Şərqə üz tutub deyirdi: “Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!...” edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana” dediniz, o vaxt güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.

Dövrün gözüaçıq publisisti kimi Cəlil Məmmədquluzadə avam camaatın başa düşəcəyi bir dildə yazır, başqalarını da bu dildə yazmağa çalışırdı. Ustad publisist “salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi” – deyir.

“Molla Nəsrəddin” elə birinci nömrədən zülmə və işgəncələrə dözənlərə “Lisan bəlası” adlı şeirində acı-acı gülür və rişxəndlə deyirdi:

Ey dil, dəxi dinmə və sükut et,
                                             səni tarı,

Lal ol və danışma!

Sal başını aşağı və hec

                             baxma yuxarı,

Mal ol, danışma!

“Lisan bəlası” zəhmətkeş insanları mübarizədən çəkindirməyə cəhd edən fikirlərə qarşı yazılmışdı.

“Molla Nəsrəddin”in birinci nömrəsi 1000 nüsxə tirajla çıxmış və az bir müddətdə satılmışdır. Odur ki, qorxuya düşən hökumət 2000 nüsxə tirajla çıxan ikinci nömrəni müsadirə etmişdir. Müsadirənin səbəbi jurnalın şəkillərinin qırmızı rəngdə olması idi. Bu hadisəni ürəkağrısı ilə qarşılayan Üzeyir Hacıbəyli yazırdı ki, indi zavallı “Molla Nəsrəddin” dustaqdır. Həbsxanada oturub, özü-özünə fikir edir, əcəba hökumət bu qırmızı şeylərdən əcab yaman ürkürmüş.

Geniş xalq kütləsinin rəğbətini qazanan jurnal ardıcıl təqiblərə məruz qalırdı. Jurnalın demək olar ki, hər nömrəsi senzuradan keçirdi. Bəzən elə yazılar, karikaturalar olurdu ki, hökumət onların çapına icazə vermirdi. Hökumətin bu təzyiqini Cəlil Məmmədquluzadə orijinal bir yolla oxuculara çatdırırdı. O, qadağan olunmuş materialların, şəkillərin yerin boş qoyur və üzərində çarpaz xətt çəkirdi, aşağıda isə belə yazırdı: “Bizdən asılı olmayan səbəblərə görə, bu yer boş qaldı”, “Buradakı şəklə izn verilmədi” və s.

“Molla Nəsrəddin”in əsas əziyyətini Cəlil Məmmədquluzadə çəksə də, jurnal kollektiv əməyin gücünə çıxırdı. O, bu barədə belə etiraf etmişdi: “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Kim idi ədibin qələm dostları? Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Salman Mümtaz, Bayraməli Abbaszadə və digərlərinin imzaları jurnalın bəzəyi idi.

İnqilabi satiranın banisi Sabir “Molla Nəsrəddin”də böyük ustad Cəlil Məmmədquluzadədən sonra ikinci qüdrətli qələm ustası idi. Onun jurnalda çıxan ilk şeiri “Millət necə tarac olur-olsun” şeiridir. Şeirdə Sabir başqalarının taleyinə biganə qalanları, xalqın qəflət yuxusunda qalmasına çalışanları kəskin tənqid atəşinə tuturdu. Sabirşünas alim Alxan Bayramoğlu yazır ki, “Molla Nəsrəddin” Sabiri bütün Yaxın Şərqə tanıtdığı kimi, Sabir poeziyası da jurnalın oxucular arasında geniş yayılıb şöhrət qazanmasında mühüm rol oynamışdır.

Jurnalın daimi mövzularından biri də ana dilinin saflığı uğrunda mübarizə idi. Jurnalda bu mühüm mövzuya xeyli felyeton, şeir, karikatura həsr olunmuş, ana dilinə xor baxanları ciddi tənqid atəşinə tutmuşdur. “Meymunlar” (1906, № 2), “Zəncir” (1907, № 42), “Dil” (1908, № 19), “Pək eyi” (1912, № 2), “Bizim obrazovannılar” (1906, № 2) və s. felyetonlar, satirik şeirlər və karikaturalar bu mövzuya həsr olunmuşdur.

“Meymunlar” felyetonunda öz doğma dilini unudanları, başqalarını yamsılayanları meymun adlandıran “Molla Nəsrəddin” yazırdı: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi oxuyaq… Bəs kim bizi dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”. Başqa felyetonda – “Bizim obrazovannılar” da doğma ana dilində danışmağı özünə rəva bilməyən ziyalı rəfiqinə belə deyir: “Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit”…

Onu da qeyd edək ki, “Molla Nəsrəddin” və onun əməkdaşları başqa dillərin öyrənilməsinin əleyhinə deyildilər, başqa dillərin təsiri altına düşüb, ana dilinə xor baxanlara qarşı idilər.

Əsl xalq jurnalı olan “Molla Nəsrəddin”in Azərbaycan şifahi xalq ədəbiyyatına müntəzəm müraciəti onu oxucular arasında nüfuzunu xeyli artırmışdı. Atalar sözü və məsəllər jurnalda “çox zaman xalqda işləndiyi adi mənasından fərqli olaraq, daha dərin ictimai-siyasi məzmun kəsb edir”. Məsələn, xalq arasında belə deyilir: “Ölmə, eşşəyim ölmə, yaz gələr, yonca bitər”, “Keçinin əcəli gələndə çobanın çomağına sürtüşər”, “Qurddan qorxan qoyun saxlamaz” və s. “Molla Nəsrəddin” isə belə yazırdı: “Ölmə, eşşəyim ölmə, yaz gələr, hürriyyət bitər”, “Müsəlmanın əcəli gələndə, xanın ağacına sürtüşər”, “Xandan qorxan qoyun saxlamaz”.

“Molla Nəsrəddin” təkcə Azərbaycan xalqının həyatını işıqlandırmadı. Rusiya, Volqaboyu, Orta Asiya, İran, Türkiyə, Hindistan, Əfqanıstan və s. ölkələrin həyatına dair yazılarda əzab-əziyyət çəkən, əzilən kütlənin manafeyini müdafiə edirdi.

Təəssüf ki, iyirminci əsrin əvvəllərində mürəkkəb şəraitdə “Molla Nəsrəddin” ilə “Həyat” və “Füyuzat” bir-birinə qarşı qoyulur, birincisi xalq mətbuatı, ikincilər isə milli burjuaziyanı təmsil edən mətbuat kimi qələmə verilirdi. Azərbaycanın möhtəşəm şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadəni Azərbaycan xalqının müstəqilliyini inkar edən şəxslər kimi oxuculara təqdim edirdilər.

Bütün varlığı ilə Azərbaycana bağlı olan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu və bir çoxlarının həyatı, yaradıcılığı, jurnalistlik fəaliyyəti birtərəfli işıqlandırılmış, bir çox həqiqətlər deyilməmişdir. Kamal Talıbzadə “Əhməd Ağaoğlu” məqaləsində, Əziz Mirəhmədov isə “Literaturnaya qazeta”ya verdiyi müsahibədə göstərirlər ki, bu şəxsiyyətləri biz məlum səbəblər üzündən az öyrənmiş, az təbliğ etmiş, bir çox hallarda obyektiv yanaşmamış, birtərəfli münasibət bəsləyərək həqiqətləri deyə bilməmişik, tənqid etmişik. Gec də olsa, bu səmimi etiraflar bir daha Azərbaycan mətbuat tarixinin yenidən və obyektiv tədqiq olunmasına əsas verir.

“Molla Nəsrəddin” publisistikası, sözün əsl mənasında, novator publisistikadır. Mərhum professor Famil Mehdi “Bədii publisistika” monoqrafiyasında yazır ki, bu publisistikanın novatorluğu zamanın ən böyük problemlərinə, ictimai-siyasi hadisələrinə dərindən, son dərəcə qüvvətli və cəsarətli müdaxiləsində, ifadə etdiyi fikirlərinin orijinallığı və təzəliyində, real gerçəkliyi əks etdirmə üsulunda, real faktların ustalıqla mənalandırılması və ümumiləşdirilməsində, bədii priyomların, dil ifadə vasitələrinin çoxcəhətliliyi, sadə, aydın və emosionallığındadır. Bu publisistikada bir günün, bir ayın, bir ilin deyil, bir əsrin nəbzi döyünür. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i bütün namuslu, vicdanlı adamları dəhşətli bəlalardan xilas olmağa səsləyirdi. Ədib “Azərbaycan” adlı məqalədə Cənubi Azərbaycan xalqının dözülməz vəziyyətini ürək ağrısı ilə xatırladırdı: “Ax unudulmuş, Vətən, ax yazıq, Vətən!..”

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini binə etməyə üz qoydular.

Bəs, sən hardasan, ay biçarə, Vətən?!”

Ustad sənətkar burada da dil məsələsinə qayıdır, “sözünün canını” izaha başlarkən açıb göstərir. Qeyd edir ki, Tiflisdə Müsəlmanların Milli Komitəsi yığılıb məsələ müzakirə etməli olur. Lakin məclisin hansı dildə aparılması problemə çevrilir, rusca, osmanlıca, yoxsa ermənicə. Ədib Bakıda keçirilən yığıncaqlarda belə halların təkrarlanmamasına bir eyham vurduqdan sonra yazır:

“Ax, gözəl Azərbaycan Vətənim! …harada qalmısan?... Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay kesəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə yol göstərin! Vallah, ağlım çaşıb! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub, bir fikirləşək: Haradır bizim Vətənimiz?!

Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!

Niyə sakitsiniz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!”

Böyük ədibin bu publisistikası insanları ayağa qaldırır, gözlərini açır, lüt-üryan yaşamalarını bir daha yada salır, ideya- siyasi cəhətdən silahlandırırdı.

Akademik İsa Həbibbəyli “Azərbaycan” məqaləsi haqqında deyir ki, məqalə mili oyanış və siyasi intibah dövrünün həqiqi manifestidir. O, yazır: “Azərbaycan” məqaləsi – xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin publisist tərcümanı, carçısı, vətəndaşlıq harayının ifadəsidir. “Azərbaycan” məqaləsi – Azərbaycan coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir”.

Jurnal Azərbaycan xalqının mübtəla olduğu dərdlərə biganə qalmır, bu dərdləri ürək ağrısı ilə qarşılayır və onu 1907-ci ildə 41-ci nömrəsində belə ifadə edirdi: “… Nə bilim, bu nədir – torpaq məsələsi, bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolasızdırlar, viran olub vətənimiz, elimiz, itib gedib dinimiz, həm dilimiz, əzilib əngimiz, sınıb belimiz, bəs biz ağlamayaq, kimlər ağlasın?!”.

“Molla Nəsrəddin” öz mübarizə­sini əsasən satirik janrlarda aparırdı. Jurnalda felyeton janrından daha çox istifadə olunurdu. Felyetonun formalaşmasında jurnalın rolunu xüsusilə qeyd etməliyik. Janrlar içərisində ən qədimi olan xəbər “Bilməli xəbərlər”, “İcəri xəbərlər”, “Qafqaz xəbərləri”, “Hesab məsələləri”, “Poçt qutusu”, “Elan” və s. rubrikalar altında verilirdi.

Mollanəsrəddinçilər yerli hökumətdən, onların senzurasından qorxduqları üçün, əsl adları ilə yox, gizli imzalarla çıxış edirdilər. Cəlil Məmmədquluzadə jurnalda Molla Nəsrəddin təxəllüsü ilə çıxış edirdi. Bəzən də Lağlağı, Dəli, Cırcırama, Hərdəmxəyal imzalarından da istifadə edirdi. Mirzə Ələkbər Sabir Hop-hop, Ağlar-güləyən, Çingiz, Əbdürrəhim bəy Haqverdiyev Xortdan, Ceyranəli, Mozalan bəy, Əliqulu Qəmküsar Cüvəllağı bəy, Saqqalqulu bəy, Ömər Faiq Nemanzadə Ümidvar, Salman Mümtaz Xortdan bəy imzaları ilə jurnalda öz satirik əsərləri ilə fəal iştirak edirdilər.

“Molla Nəsrəddin”in məşhurlaşmasında, onun karikaturalarını çəkən Rotter, Şmerlinq və Əzim Əzimzadənin rolu böyükdür. Təbriz nəşrinin rəssamı isə Əli Behzad olmuşdur. Jurnal haqqında çox danışılıb, çox yazılıb. Lakin inqilabi-demokratik mətbuatın klassik nümunəsi olan “Molla Nəsrəddin” elə bir ədəbi məktəbdir ki, ondan öyrəniləsi hələ çox şey var.

Akademik İsa Həbibbəylinin jurnala verdiyi yüksək qiymətlə fikrimi yekunlaşdırıram: “Jurnal milli mətbuatın şah əsəri, millətimizin və milli dövlətimizin dərin mənalı istiqlal kitabıdır. “Molla Nəsrəddin” ideyaları və mübarizəsi bu gün də müasir və gərəklidir”.

Əlövsət Əliyev,
 Azərbaycan Jurnalistlər  Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında