Ölkəmizdə Milli Mətbuat Muzeyinin əsası qoyuldu

Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində ölkə mediasının təmsilçiləri Milli Mətbuat Muzeyi ideyasının gerçəkləşməsinin şahidi oldular. “Şərq” qəzeti redaksiyasında yaradılmış ekspozisiyalarda yer almış nadir materiallarla milli jurnalistikamızın tarixinə işıq salan gərəkli bir saxlancın əsası qoyuldu.

 “Şərq” qəzetinin dəhlizində və otaqlarında aylardan bəri formalaşdırılan muzeyin təqdimat mərasimində media ictimaiyyətinin təmsilçilərindən əlavə, Milli Məclisin deputatları, tanınmış ziyalılar, jurnalistikamızın görkəmli simalarının övladları da toplaşmışdılar. Daimi ekspozisiyanın açılışını bildirən qırmızı lentin kəsilməsini Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və milli jurnalistika məktəbimizin çağdaş ağsaqqallarından olan BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli icra etdilər. Bununla da zəruriliyi illərdən bəri gündəmdə olan Milli Mətbuat Muzeyinin yaradılması ilə bağlı ilk uğurlu addım atılmış oldu.

Jurnalistləri media həyatının bu sevincli hadisəsi münasibətilə təbrik edən Əflatun Amaşov və Cahangir Məmmədli bu gərəkli ideyanın həyata keçməsində təşəbbüskarlıq göstərmiş "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının fədakarlığını yüksək dəyərləndirdilər, bütün redaksiyaları və yazarları muzeyin zənginləşməsinə kömək göstərməyə çağırdılar.

Əflatun Amaşov: “Milli mətbuat tarixi muzeyinin yaradılması çox böyük hadisədir. Vaxt gələcək, böyük bir binada ayrıca mətbuat tarixi muzeyi olacaq. Bizdən sonra gələnlər həmin muzeydə mətbuatımızın keçdiyi yola nəzər salacaqlar. Ziyarətçiləri muzeylə tanış edənlər söyləyəcəklər ki, bu muzeyin əsası 2017-ci il iyulun 18-də, milli mətbuatımızın qaranquşu “Əkinçi”nin tarixi uçuşunun 142-ci ildönümü günlərində "Şərq” qəzetinin dar otaqlarında qoyulub. Bu otaqlarda çox dəyərli eksponatlar yer alıb. Onlardan 200-ü orijinal əsərlərdir.”

Cahangir Məmmədli: “Şərq” qəzeti mətbuatımızın Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli ənənələrinə söykənir. "Şərq” həm də BDU tələbələrinin redaksiyasıdır. Bundan sonra bu redaksiyaya gələnlərin sayı daha da artacaq, mətbuat tariximizlə təkcə kitablardan deyil, həm də eksponatlar sayəsində tanış olacaqlar. Muzeyin yaradılması üçün bircə şey lazım idi – vətəndaşlıq sevgisi.”

Mərasimdə  yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də jurnalistləri və “Şərq”qəzetinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik etdilər, ekspozisiyanın zənginləşərək layiqli bir məkanda yer almasını, ölkənin tanınmış muzeyləri cərgəsində fəaliyyət göstərməsini arzuladılar.

Sonra iştirakçılar 4 otaqda yerləşdirilmiş stend və materiallarla ətraflı tanış oldular.  Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında oynadığı böyük rol muzeyin giriş hissəsində ayrıca ekspozisiyada yer alıb. Lövhələrdə və guşələrdə 150-dən çox eksponat nümayiş olunur. Muzeydə 136 yaşlı "Ziya" qəzeti, "Molla Nəsrəddin", "Dəbistan", "İşıq", "Məktəb", "Zənbur", "Yeni Qafqaziyyə", "Türk izi", "Türk amacı", "Azərbaycan" kimi anadilli mətbu nümunələrin orijinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar toplanıb.

Eksponatlar sırasında Cənubi Azərbaycanda və Türkiyədə çap olunan anadilli jurnal və qəzetlər də sərgilənir. Azərbaycanın sovet dövrü jurnalistikası və müasir mətbuatın mənzərəsi də muzeydə əksini tapıb. Mətbuat tarixinin önəmli şəxsiyyətləri olan böyük qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar da materiallar arasındadır.

Dəhlizi və otaqları milli idealı mətbuat müstəvisinə çıxarmaqda tarixi xidmətləri olmuş Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlərin və digər jurnalistika simalarının portretləri bəzəyir.

Tahir AYDINOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında