Telman Əlihüseyn oğlu Hüseynov 1934-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu “Sənayenin iqtisadiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olunmuş, aspiranturanı bitirdikdən sonra orada kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamış Telman Hüseynov ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır.
1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Professor Telman Hüseynov elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. O, görkəmli alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Yaradıcı ömrünü iqtisadçı mütəxəssislərin, pedaqoq və alimlərin hazırlanmasına həsr edən Telman Hüseynovun zəngin elmi-pedaqoji təcrübəsi iqtisadiyyat üzrə insan resurslarının inkişafında mühüm rol oynamışdır.
Respublikamızın tanınmış iqtisadçı alimlərdən biri olan Telman Hüseynov sənaye iqtisadiyyatı sahəsində, nəinki ölkəmizdə, hətta bu sahədə çalışan MDB dövlətlərinin alimləri arasında xüsusi nüfuz qazanmışdır. Onun elmi-tədqiqat işləri Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında, inkişafında xüsusi yeri və rolu olan neftmaşınqayırma sənayesi ilə üzvi surətdə bağlı olmuşdur.
Professor Telman Hüseynov 15 adda monoqrafiya, dərslik, dərs vəsaitinin, habelə 150-dən çox elmi məqalə və tədris proqramının müəllifi olmuşdur. Onun “Azərbaycan neftmaşınqayırmasının əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları” monoqrafiyası 1969-cu ildə SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin bürünc medalı ilə mükafatlandırılmışdır. Alimin müstəqil Azərbaycanda iqtisadi təhsilin təşkilində mühüm əhəmiyyət kəsb edən “Sənayenin iqtisadiyyatı”, ”Müəssisənin iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı” adlı dərslikləri bu gün də öz aktuallığını saxlayır. Məhz bu məhsuldar və yaradıcı elmi fəaliyyətin nəticəsi olaraq o, 1991-ci ildə “Əməkdar iqtisadçı”, 2006-cı ildə isə “Əməkdar müəllim”, 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adlarına, 2011-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.
İyirminci əsr Azərbaycan iqtisad elminin sütunlarından sayılan Telman Hüseynovu zaman bizdən uzaqlaşdırsa da, zəhmətkeş alimə elmi ictimaiyyətin məhəbbəti və ölməz alim haqqında xatirələr onu bizə daha da yaxınlaşdırır.
Lakin Telman müəllimin bir alim kimi böyüklüyünü, insan kimi müqəddəsliyini duymaq, dərk etmək, qiymətləndirmək üçün xatirələr kifayət edə bilməz. Onun böyüklüyünü, əzəmətini, insanpərvərliyini duymaq və qiymətləndirmək yalnız onu yaxından tanıyanlara, onunla ünsiyyətdə olanlara nəsib ola bilər. Ona olan el məhəbbətinin böyüklüyünü duymaq üçün 2015-ci ildə Telman Hüseynovun Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 80 illik yubileyinin əzəmətini görmək lazımdır. O, Azərbaycan elminin ləyaqətli təmsilçisi idi.
Saysız-hesabsız tələbələrinin, dostlarının, bütöv Azərbaycan xalqının qəlbində silinməz iz buraxan və bununla da özünə əbədi heykəl qoyan Telman müəllim bir ildir ki, dünyasını dəyişib, bizi, doğma universitetini, onu qəlbən sevənləri tərk edib.
Ömrünü bütünlüklə həsr etdiyi univesitet kollektivinə, elmi ictimaiyyətə onu sevdirən nə idi? Bu sualı birmənalı cavablandırmaq çətindir. Amma təkzibedilməz həqiqət ondan ibarətdir ki, sadəliyi, düzgünlüyü, ədalət prinsipini hər şeydən üstün tutması, yüksək mənəviyyatı və elmi. Telman müəllim öz prinsiplərini qorumağı yaxşı bacarırdı. Bu onun başlıca məziyyətini təşkil edirdi.
Telman müəllimlə söhbət edən zaman insan sanki durulurdu, yeni ovqata köklənirdi. Onunla təmasda, ünsiyyətdə olanda elə bilirdin ki, təbiətin qoynundasan, əzəmətli bir dağa söykənmisən, uca bir ağacın sərin kölgəsindəsən. Özünün doğmalığı, cazibəsi və səsinin ahəngi ilə bu ünsiyyətin ləzzəti tamam başqa idi. Şirin sözü və söhbətləri ilə insanları özünə elə çəkirdi ki, onun cazibəsindən qaçmaq, qurtulmaq mümkünsüz olurdu. O, ağrı-acımızı paylaşar, bütün çətin işlərdə yanımızda olurdu. İstər doktorluq disserta-siyasının müdafiəsi, istərsə də ondan sonrakı mərhələlərdə mənimlə bağlı keçirdiyi həyəcanı, zamanından asılı olmayaraq, mənə ayırdığı diqqət yaddaşımdan heç zaman silinə bilməz.
Telman müəllim elmi yaradıcılıq baxımından zəngin olduğu kimi, şəxsiyyət baxımından da bənzərsiz idi.
Bəşər sivilizasiyasının tərəqqisində mühüm rol oynamış müdriklər nəzəri və əməli hikmətin vəhdətindən həmişə bəhrələnmişlər. Milli fəlsəfi düşüncə tariximizdə danılmaz rolu olan Nəsrəddin Tusinin təbirincə desək, “kimdə bu iki fəzilətin hər ikisi varsa, o, ən müdrik insan, ən kamil alim hesab edilər, onun mövqeyi bəşər övladının tuta biləcəyi ən yüksək zirvələrin fövqündə ola bilər”.
Təbii ki, belə bir dəyərləndirmə baxımından Telman müəllim üçün xarakterik olan keyfiyyətlər həddindən artıq çoxdur. Telman müəllim üçün prinsipiallıq, ədalət və səmimilik anlayışları hər zaman ön planda olub. Bu səbəbdən bütün elmi ictimaiyyət onu qəbul edib, ideya və baxışlarına hər zaman hörmətlə yanaşıblar. Zərif, duzlu yumoru, iti ağılı onu dostlarının və yoldaşlarının sevimlisinə çevirmişdi. Onun sağlam təfəkkürü intellektual potensialla mənəvi zənginliyin vəhdətindən ibarət idi.
Telman müəllim bütün həyatını iqtisad elminin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına, xalqımızın mədəni səviyyəsinin daha da yüksəlməsinə həsr etmişdi.
Telman Hüseynovla daha sıx əlaqə saxladığım, ünsiyyət bağladığım illər onu mənə təkcə istedadlı iqtisadçı kimi deyil, həm də xalqını, Vətənini ürəkdən sevən, onun ədəbiyyatına, incəsənətinə ürəkdən bağlanan böyük bir vətəndaş, el ağsaqqalı kimi də tanıtdırdı.
Telman müəllim tələbələrinə, aspirantlarına qayğı göstərməkdən yorulmadığı kimi, onların uğurlarından sevincini də gizlətmirdi.
Onun xidmətləri, elm sahəsində əldə etdiyi nəticələr ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib.
Zaman vaxt keçdikcə çox şeyi unutdurur, lakin Telman müəllim əsl alim, xeyirxah, qədirbilən insan və sözün əsl mənasında, böyük müəllim, pedaqoq kimi qəlblərdə yaşayacaqdır. Telman müəllimlə bağlı xatirələr qəlbimizdə elə iz qoyub ki, ömrümüzün axırına kimi bizlə yol yoldaşı olacaqdır. Belə insanlar unudulmurlar, gələcək nəsillərin yolunu işıqlandıran parlaq bir ulduza çevrilirlər.
T.İMANOV,
Azərbaycan Dövlət İqtisad Universiteti marketinq kafedrasının müdiri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.